Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər im...
17:51 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
2025-ci ilin 7-8 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vaşinqtonda işgüzar səfəri çərçivəsində əldə edilmiş nailiyyətlər ölkəmizin təkcə Qafqaz regionunda deyil, qlobal miqyasda möhkəmlənən siyasi mövqeyinin bariz göstəricisidir. Bu uğurun təməlində isə xalq-lider birliyi, çoxsahəli inkişaf strategiyası, balanslaşdırılmış siyasət kimi vacib faktorlar dayanır. Azərbaycan bu prinsiplərdən yola çıxaraq atdığı qətiyyətli addımlarla, heç bir blok yaxud siyasi gücün təsirində olmayan müstəqil siyasət yeritməklə regional və qlobal miqyasda etimad qazanmış, illər əvvəl itirdiklərini beynəlxalq hüquq normalarına uyğun şəkildə geri qaytarmaqla hərbi-diplomatik nüfuzunu artırmış, qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməklə davamlı inkişaf, iqtisadi rifah, mədəni quruculuq, ən başlıcası, sülh və təhlükəsizliklə bağlı nəcib niyyətlərini bəyan etmişdir.
Vaşinqton görüşü bütün bu çoxsahəli siyasətin bəhrəsi olmaqla Azərbaycanın artan siyasi nüfuzunu (907-ci düzəlişin ləğvi), hərbi uğuru diplomatiya masasında təsdiqləmək məharətini (Sülh sazişinin paraflanması), beynəlxalq təşkilatların fəaliyyətinə ədalətli təsir gücünü (Minsk qrupunun buraxılması ilə bağlı müraciət), regionda illərlə süni surətdə alovlandırılmağa çalışılan “münaqişə faktoru”nu sülh və təhlükəsizliyin təminatı ilə əvəz etmə operativliyini (TRIPP marşrutu), ölkəmiz üçün və bütövlükdə Qafqaz regionu üçün iqtisadi, siyasi, mədəni sahələrdə yeni üfüqlər açan uğurlu strategiyasını (Strateji Tərəfdaşlıq Xartiyası) təsdiq etdi. Qeyd edilən müddəaların hər biri digərini tamamlamaqla vahid bir qələbə strategiyasının 5 uğurlu istiqamətini əks etdirir.
Birinci istiqamətdə əldə edilən nailiyyətin parlaq təzahürü illərlə Azərbaycana qarşı tətbiq edilən ədalətsiz sanksiyanın – “Azadlığa Dəstək Akt”ına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə ABŞ Prezidenti Donald Tramp tərəfindən sərəncam imzalanmasında öz təsdiqini tapmışdır. 1992-ci ildə Azərbaycanın ən ağır dövründə ABŞ Konqresi tərəfindən tətbiqinə başlanan bu sanksiya ölkəmizi dəstəkdən məhrum etməklə yanaşı, siyasi hücum hədəfinə də çevirmişdi. Belə ki, həmin dövrdə Qarabağ, Zəngəzur və Qərbi Azərbaycanın digər bölgələrində soydaşlarımıza qarşı törədilən soyqırımı aktları əks istiqamətdə təbliğ olunmaqla informasiya cəbhəsində də mövqelərimizin zəifləməsinə, nəticə olaraq, da “anti-Azərbaycan narrativləri”nin formalaşmasına zəmin yaratmışdı. Bayden hökuməti dövründə isə ABŞ-da bu tip “feyk hekayələr” daha genişləndirilmiş və 2023-cü ilədək hər il prezidentlər tərəfindən dayandırılan 907-ci düzəliş sanksiyaları yenidən Azərbaycan əleyhinə tətbiq edilmişdi. Məhz həmin dövrdə soyuqlaşan Azərbaycan-ABŞ münasibətləri sanksiyanın ləğvi ilə yeni mərhələyə qədəm qoyur. Sərəncamın Prezident İlham Əliyevlə görüş çərçivəsində imzalanması isə xüsusi bir məna ifadə edir və bir daha göstərir ki, dövlətin nüfuzu onun liderinin nüfuzu ilə birbaşa əlaqəlidir. Məhz Azərbaycan Prezidentinin bu siyasi nüfuzu və güclü iradəsi digər istiqamətlərdə də qazanılan nailiyyətləri təmin etmişdir.
İkinci istiqamətdə əldə edilən uğur “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə təsdiqləndi. Vaşinqtonda keçirilən üçtərəfli görüş çərçivəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, həmçinin şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamənin imzalanması bu prosesin beynəlxalq hüquqi təminatı baxımdan mühüm əhəmiyyət daşıyır. Birgə Bəyannamənin əsas müddəalarından olan iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təminatı uzun müddət blokada şəraitində yaşamaq məcburiyyətində qalmış bu qədim diyarın hərtərəfli inkişafı, eləcə də insanların rifahının yüksəlməsi baxımından həyati əhəmiyyət daşıyır.
Birgə Bəyannamədə ayrıca olaraq vurğulanan ATƏT-in Minsk Prosesi və əlaqəli strukturların bağlanması ilə əlaqədar müddəanın rəsmiləşdirilməsi beynəlxalq təşkilatların ölkəmizlə bağlı fəaliyyətlərinə ədalətli təsir gücünün bariz nümunəsi olmaqla, əldə edilən uğurların üçüncü istiqamətini əks etdirir. Yaradıldığı vaxtdan keçən bir qərinə müddətində əlaqədar olduğu münaqişənin həllində heç bir əməli nəticə əldə etməyən bu qurumun fəaliyyətinin dayandırılması 2020-ci ildən bəri zərurətə çevrilmişdi. Hər iki ölkənin müharibəni bitirməsi və Saziş imzalaması bu zərurəti reallığa çevirdi, nəticə olaraq, Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət imzalandı. Müraciət hər iki dövlət arasında normallaşma prosesinin artıq başladığını göstərir. Onun təhlükəsizliyinin təmin olunması ilə bağlı göstərilən səylər əldə edilmiş uğurların dördüncü istiqamətini təşkil edir.
Bu istiqamət Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni nəqliyyat marşrutunun fəaliyyətə başlaması ilə reallaşacaq. Onun iqtisadi və siyasi bəhrəsindən tək Azərbaycan deyil, bütövlükdə Qafqaz regionu, eləcə də qədim İpək Yolu üzərindəki bütün ölkə və xalqlar faydalana biləcək. Bu yol türk dövlətlərinin də əlaqələrinin bütün sahələr üzrə möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyır. Qeyd edilən marşrutun - TRIPP (Trump’s Roadmap for International Peace and Prosperity) - əhəmiyyətini yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-də mətbuat konfransı zamanı onun qlobal perspektivini xüsusi vurğulamışdır: “Bu nəqliyyat marşurutu – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşurutu” (TRIPP) başqa bir tarixi nailiyyət olacaq. Amma dediyim kimi, vaxt itirməməliyik. Bu obyektə ABŞ rəhbərlik edəcək və ümidvaram ki, bütün region ölkələrinin xeyrinə olacaq bu əlaqə xətlərinin qurulması kimi mühüm vəzifələri öz üzərinə götürəcək investorlar tapılacaq.” Bu marşrutun açılması 44 günlük Vətən Müharibəsində qazanılmış zəfərdən başlayaraq ölkə Prezidenti tərəfindən irəli sürülən tələbin Vaşinqton görüşündə rəsmi olaraq qəbul edilməsi ilə yanaşı, Azərbaycanın bütövlükdə Cənubi Qafqaz regionu üçün həyata keçirdiyi sülh və təhlükəsizlik səylərinin beynəlxalq təminatı olaraq xüsusi əhəmiyyət kəsb edir.
Beşinci istiqamət üzrə əldə edilən nailiyyətlər Azərbaycan-ABŞ ikitərəfli əlaqələrində yeni üfüqlər açmaqla bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə təminat verir. Bu tərəfdaşlıq Vaşinqton görüşü çərçivəsində hər iki ölkənin prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədi ilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” yeni müstəvidə başlanan çoxşaxəli əlaqələrin rəsmi təməlini atmışdır. Qarşılıqlı investisiya, müdafiə sənayesi, terrorçuluğa qarşı mübarizə kimi vacib sahələri özündə birləşdirən Anlaşma Memorandumu tranzit, ticarət, günümüzdə xüsusi aktuallıq kəsb edən süni intellekt və digər istiqamətlərdə qarşılıqlı əməkdaşlığı inkişaf etdirməklə regional və qlobal çərçivədə davamlı iqtisadi inkişaf, yeni texnologiyaların tətbiq intensivliyinin yüksəldilməsi, mədəni tərəqqinin davamlılığı və ən başlıcası sülh və rifah vəd edir.
Ölkə Prezidentinin ABŞ-a səfəri çərçivəsində bir-biri ilə sıx bağlı olmaqla biri digərini tamamlayan, möhkəmləndirən bu çoxsahəli istiqamətlərdə əldə edilmiş nailiyyətlər Azərbaycanın regional və qlobal çərçivədə artan nüfuzunun, güclənən mövqeyinin təsdiqi olmaqla yanaşı, regionun inkişafına, sülhün və təhlükəsizliyin təminatına töhfəsidir.
ZEYNƏB QULİYEVA
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
tarix elmləri doktoru
AMEA Naxçıvan Bölməsinin baş elmi işçisi
Digər xəbərlər