NAXÇIVAN :

31 Avqust 2026, Bazar ertəsi

“Uşaqların söz haqqı və ünsiyyət hüququ mediasiya platformasında” mövzusunda tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə “Uşaqların söz haqqı və ünsiyyət hüququ mediasiya platformasında” mövzusunda tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Şərq qapısı”na bildirilib ki, əvvəlcə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov mövzunun əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxış edərək bildirib ki, uşaqların fikirlərini ifadə etmək və ünsiyyət qurmaq hüququ onların şəxsiyyət kimi inkişafı və cəmiyyətə uyğunlaşması baxımından böyük önəm daşıyır. Bildirilib ki, uşaq ailədə, məktəbdə və ümumilikdə, cəmiyyətdə düşüncələrini sərbəst şəkildə ifadə edə bildikdə onun psixoloji inkişafı daha sağlam formalaşır və özünəinam hissi güclənir.
Daha sonra Naxçıvan Mediasiya Təşkilatının mediatoru Orxan Abbasov mövzu ətrafında çıxış edib. Bildirib ki, mediasiya uşaqların səsinin eşidilməsinə və onların hüquqlarının müdafiəsinə dəstək göstərən mühüm mexanizmdir. Mediasiya vasitəsilə ailələrdə qarşılıqlı anlaşma güclənir, fikir ayrılıqları isə qarşıdurmaya çevrilmədən dialoq yolu ilə həll olunur.
Qeyd edək ki, tədbir diskussiya şəklində davam edib.

Nəşr edilib : 31.08.2026 14:51