Dəm qazından zəhərlənmə hadisəsinin qarşısını alma...
22:01 16.01.2026
0
0
0
NAXÇIVAN :
16 Yanvar 2026, Cümə
Uşaqlarda müşahidə edilən “çöp qalması” anlayışı uzun illərdir, cəmiyyətdə mövcud olan, lakin tibbi baxımdan heç bir əsası olmayan yanlış inanclardan biridir. Xalq arasında “çöp” adlandırılan hal, əslində, boğazda, udlaqda və ya burunda yaranan adi narahatlıqlara verilən addır. Elə bu haqda daha dəqiq məlumat əldə etmək üçün uşaq həkimi Zülfiyyə Hüseynova ilə həmsöhbət olduq. Zülfiyyə xanım bildirir ki, bu termin müasir tibbdə mövcud deyil və doğru diaqnoz hesab olunmur. Buna baxmayaraq, xüsusilə rayonlarda valideynlər övladlarında iştahasızlıq, halsızlıq, səbəbsiz ağlama, qusma və qızdırma kimi əlamətlər gördükdə onları çöpçülərə aparmağa üstünlük verirlər.
Həkimin sözlərinə görə, çöpçülər, adətən, buruna və ya ağıza müdaxilə etməklə guya “çöpü çıxardıqlarını” iddia edirlər. Lakin bu üsul həm tibbi cəhətdən təsdiqlənməyib, həm də ciddi fəsadlara yol aça bilir. Çünki uşaqlarda boğaz və burun boşluqları digər yaş qruplarına nisbətən daha dar, selikli qişaları isə çox həssas olur. Bu, xəstəlik zamanı nəfəsalmanın çətinləşməsinə, badamcıqların tez iltihablanmasına və müxtəlif narahatlıqların yaranmasına səbəb olur. Bəzən boğazda gedən xroniki proseslər nəticəsində qida qırıntılarının müəyyən yerdə ilişib qalması mümkündür. Amma bunların heç biri çöpçülük yolu ilə təhlükəsiz formada aradan qaldırıla biləcək hallar deyil.
Zülfiyyə Hüseynova vurğulayır ki, çöpçülərin üfürmə və ya çöp salma üsulu ilə qida qalıqlarını çıxarmağa çalışması nəinki problemin həllinə kömək etmir, əksinə, yeni təhlükələr yaradır. Burun və boğaza edilən bu cür savadsız müdaxilələr nəticəsində uşaqlarda əlavə iltihab, şişkinlik, ağrı, allergik reaksiyalar və travmalar meydana gələ bilər.
Çöpçülüyün ən ciddi təhlükələrindən biri boğaz toxumalarının zədələnməsidir. Həkim Zülfiyyə Hüseynovanın sözlərinə görə, badamcıqlar, arxa udlaq divarı və selikli qişa çox həssasdır və mexaniki təsirə qarşı son dərəcə zəifdir: “Çöp salma və ya alətlərlə müdaxilə boğazda cızıq, yara, qızartı və şişkinlik yaradır. Bu isə ağrının artmasına, udma çətinliyinə və mikrobların daha asan nüfuz etməsinə şərait yaradır. Nəticədə irinli iltihab, angina, faringit, hətta peritonsillyar və retrofaringeal abses kimi ağır fəsadlar baş verə bilər. Bundan əlavə, boğazın həssas nöqtələrinə toxunulduqda spazm, güclü öskürək, qusma və boğulma hissi yarana bilər. İxtiyarsız edilən bir yanlış hərəkət qida qırıntılarının qida borusuna və ya nəfəs yoluna düşməsinə səbəb ola bilər ki, bu, uşağın həyatı üçün real təhlükədir. Bu praktikadan sonra uşaqlarda psixoloji travma da rast gəlinir. Qorxu, udmaqdan çəkinmə, qusma refleksinin həssaslaşması kimi”, – deyə o, bildirib.
Valideynlərin çöpçülərə müraciət etməsinin əsas səbəblərindən biri ənənələrdir. Bir çox ailə bu üsulun “düzgün” olduğuna inanır. Uşaqda yüngül virus infeksiyası zamanla özü-özünə keçdiyi üçün valideynlər bunu çöpçünün “xidmətinə” bağlayırlar. Həkim bildirir ki, bu, sadəcə, təsadüfi sağalma halıdır. Çöpçünün çıxardığı qida qalıqları isə valideynlərdə yanlış rahatlıq hissi yaradır: “Bəzən uşağın vəziyyətində qısa müddətli yüngülləşmə də müşahidə olunur. Bu çöpçünün müalicəsinə görə yox, mexaniki bir qıcıqlandırıcının qısa müddətlik azalmasına görədir. Əslində isə real yaxşılaşma çox vaxt placebo effekti ilə bağlı olur: uşaq valideynlərinin psixoloji təsiri altında özünü daha rahat hiss edir”.
Həkim tibbi savadı olmayan şəxslərin belə müdaxilələr etməsinin qanunla da məhdudlaşdırıldığını bildirir. Lisenziyasız tibbi fəaliyyət göstərmək qanun pozuntusu sayılır və nəticədə, uşağa zərər dəyərsə, bu inzibati və hətta cinayət məsuliyyəti sayılır.
Zülfiyyə Hüseynova valideynlərə yalnız etibarlı mənbələrə, yəni Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, pediatrlar və ailə həkimlərinə müraciət etməyi tövsiyə edir. Onun fikrincə, uşağın boğazı və tənəffüs yolları kimi həssas nahiyələrə müdaxilə mütləq tibbi savadı olan mütəxəssislər tərəfindən aparılmalıdır: “Çöpçülük nə effektiv, nə də təhlükəsiz üsuldur. Faydasından çox zərəri var. Valideynlərə tövsiyəm odur ki, uşaqların boğaz və nəfəs yolları ilə bağlı problemlərində çöpçülər yerinə, ixtisaslı pediatrlara müraciət etsinlər”. Valideynlərin hələ də çöpçülüyə üstünlük verməsi daha çox köhnə inanclar, təsadüfi sağalmaların “müalicə effekti” kimi qəbul edilməsi və informasiya çatışmazlığı ilə bağlıdır. Lakin müasir tibbin mövqeyinə görə uşaqların boğaz və tənəffüs yollarına edilən hər bir müdaxilə yalnız ixtisaslı həkimlər tərəfindən aparılmalıdır.
Elnurə CƏFƏROVA
Digər xəbərlər