NAXÇIVAN :

04 Noyabr 2024, Bazar ertəsi

Uşaq hüquqlarının müdafiəsi diqqətdə saxlanılır

...

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən iclasda komissiyanın sədri Ramilə Seyidova 2024-cü ilin ötən dövrü ərzində görülən işlər və qarşıda duran məsələlərlə bağlı çıxış edib. Bildirilib ki, komissiya tərəfindən azyaşlıların hüquqlarını qorumaq, onların qanun pozuntularından qorunmasını təmin etmək, təhsillərinin, sağlamlıqlarının və təhlükəsizliklərinin qorunmasına nəzarət etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Komissiya dövlət qurumları, yerli icra hakimiyyəti, təhsil müəssisələri, hüquq-mühafizə orqanları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək uşaqların hüquqlarının müdafiəsi və onların sosial ehtiyaclarının təmin olunması istiqamətində koordinasiyalı tədbirlər görür. Bu əməkdaşlıq uşaqların sosial-iqtisadi vəziyyətinə uyğun proqramların hazırlanmasına və icrasına kömək edir. Komissiyanın fəaliyyəti, beynəlxalq təşkilatların uşaqların hüquqları ilə bağlı qəbul etdiyi konvensiya və digər sənədlərə uyğunlaşdırılır ki, bu da onun beynəlxalq hüquq normalarına uyğun çalışmasını təmin edir. Ramilə Seyidova vurğulayıb ki, komissiya tərəfindən uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində keçirdiyi monitorinqlər bundan sonra da davam etdiriləcək.
İclasda komissiya üzvlərinin çıxışları olub, təklifləri dinlənilib.
Sonda yekdilliklə qərara alınıb ki, məktəbəqədər özəl uşaq müəssisələrində növbədənkənar monitorinqlər keçirilsin.

Nəşr edilib : 30.10.2024 12:03