COP29-da İtki və Zərər Fondunun tam fəaliyyəti ilə...
22:52 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Azərbaycan 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublika kimi öz müstəqilliyini elan etsə də, təəssüf ki, bu müstəqilliyin əldə saxlanılması prosesi qısa zamanı – cəmi 23 ayı əhatə etdi. Yetmiş il sovet ittifaqının tərkibində qaldıqdan sonra xalqımız əsrin sonlarına yaxın, nəhayət ki, öz müstəqilliyini bərpa etməyə müvəffəq oldu. 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi. Həmin dövrdə mövcud mürəkkəb siyasi vəziyyət, hakimiyyət çəkişməsi, I Qarabağ müharibəsinin yaratdığı ciddi təhlükələr nəticəsində 70 il öncəki aqibət yenidən yaşanacaqdı. Xalqımızın taleyi üzünə güldü, bəxti onda gətirdi ki, əsrin əvvəlindən fərqli olaraq sonunda onu nicat yoluna çıxarmağa qadir, müstəqilliyini qorumağa müvəffəq Ümummilli Lideri Heydər Əliyev var idi. Həmin keşməkeşli tarixi yaşayan, mənfur siyasi oyunlara sipər çəkərək xalqına azad yaşamaq hüququ qazandıran Ulu Öndər müstəqilliyin xalq, ölkə naminə əvəzolunmaz nemət olduğunu vurğulayaraq onun qorunmasını hər bir insan üçün həyati əhəmiyyətli hadisə, vacib amil hesab edirdi: “Biz azadıq, müstəqilik, sərbəstik. Biz heç kəsdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla, illərlə əziyyət çəkmək olar. Məhz bunun üçün illərlə ac qalmaq olar. Çünki əsrlər boyu ulu babalarımız, Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar, milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar, amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Bilin ki, indi bunu əlimizdə saxlamaq, qorumaq hər bir insan üçün canından da artıqdır. Mən sizə deyirəm, bunu bilin, Azərbaycanın müstəqilliyini qorumaq, saxlamaq, onu əbədi etmək mənim üçün öz həyatımdan, canımdan artıqdır”.
Bu gün hər bir azərbaycanlı görkəmli dövlət xadiminin ölkəmizi müstəqilliyə, Milli Qurtuluşa aparan yolunu – 1990-cı ilin iyul ayında görkəmli dövlət xadiminin Moskvadan Bakıya, oradan isə Naxçıvana qayıdışını böyük qürur, ehtiramla xatırlayır. Siyasi şərhçilər, politoloqlar haqlı olaraq həmin tarixi hadisəni böyük qurtuluş – Vətəndən başlanan yolun başlanğıc günü adlandırırlar. Bəli, məhz 1990-1993-cü illərdə Naxçıvanda verilən tarixi qərarlarla müstəqil Azərbaycanın təməl prinsipləri formalaşdırılıb. 1993-cü ildə isə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtmaqla Ulu Öndər Heydər Əliyev ölkəmizin müstəqilliyini əbədilik məqamına ucaltdı. Tarixi, siyasi hadisələr göstərir ki, əslində, Azərbaycan əsl müstəqilliyinə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qovuşdu. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Dahi şəxsiyyət Heydər Əliyev müstəqil Azərbaycanı müsəlman Şərqində ilk demokratik respublika olan Xalq Cümhuriyyətinin varisi elan etməklə ölkənin tarixi irsə hörmət prinsipləri əsasında, sağlam təməllər üzərində yeni inkişaf xəttini qurdu. Görkəmli dövlət xadiminin yoluna, Onun ideyalarına sədaqətin ifadəsi olaraq 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.
Ümummilli Liderin yorulmaz səyləri nəticəsində qısa müddətdə Azərbaycanın səsi dünyanın ən nüfuzlu təşkilatlarından, yüksək kürsülərdən gəldi, eyni zamanda daxili sabitlik bərqərar edildi, cəbhədə atəşkəsə nail olundu, bütün proseslərdə qanunun aliliyi əsas götürüldü, hüquqi-demokratik, dünyəvi dövlətçilik modeli formalaşdırıldı. İqtisadi sahədə mühüm addımlar atıldı, xarici neft şirkətləri ilə bu il 30 illiyi tamam olan “Əsrin müqaviləsi” imzalandı ki, nəticədə, Azərbaycanın iqtisadi inkişafını şərtləndirən nəhəng layihələr gerçəkləşdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Bununla da ölkəmizin bugünkü və gələcək uğurlarının əsası qoyuldu, müstəqil siyasətin təməli daha da möhkəmləndirildi.
Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu, dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərdə strateji tərəfdaş imici qazandı. Ulu Öndərin Azərbaycan xalqının gələcəyi naminə müstəqil dövlət quruculuğuna yol açan tarixi missiyalarından sayılan neft strategiyasının əhəmiyyəti bu gün regiondakı mürəkkəb geosiyasi vəziyyətin fonunda özünü daha bariz şəkildə göstərir. Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə çıxışlarında bu məqama xüsusi toxunub, müasir, qüdrətli Azərbaycan modelinin formalaşmasında Ulu Öndərin 30 il öncəki mütərəqqi addımını yüksək dəyərləndirib: “Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq. 1994-cü ildə “Əsrin kontraktı”, 1996-cı ildə “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış kontrakt bizim bugünkü iqtisadi qüdrətimizi şərtləndirən əsas amildir. Bu gün Azərbaycan qazı nə qədər böyük önəm daşıyır, bunu hər kəs görür. Ölkəmizin geosiyasi önəmi böyük dərəcədə artıb”.
Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin uğurla davam etdirilməsi artıq Azərbaycanı regionun nəinki siyasi, iqtisadi, həmçinin hərbi baxımdan güclü dövlətinə, əsl söz, iradə sahibinə çevirib. Elə bu gücün, siyasi iradənin nəticəsidir ki, Azərbaycan Ordusu, xalqı “dəmir yumruq” ətrafında sıx birləşərək 2020-ci ildə 44 gün ərzində mənfurları tamamilə darmadağın etdi, 30 il davam edən ədalətsizliyə son qoydu.
Ötən il sentyabr ayının 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin olundu. Beləliklə, əgər Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə ali hakimiyyətə qayıdışı ilə Azərbaycanı parçalanmaqdan, müstəqilliyini məhv olmaqdan qoruyub xilas etdisə, cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü, suverenliyini tam bərpa edərək bu müstəqilliyin necə əbədi, sarsılmaz olduğunu dünyaya göstərdi.
Ulu Öndər ideyalarının işığında ölkə Prezidenti cənab İlham Əliyevin məqsədyönlü və milli maraqlara cavab verən xarici siyasəti nəticəsində Azərbaycan dünyanın bir sıra aparıcı ölkələri, o cümlədən Türkiyə, Rusiya, Çin, Pakistan, Özbəkistan və İtaliya ilə müxtəlif sahələr üzrə sıx əlaqələr qurub. Ölkəmizin 120 dövlətin təmsil olunduğu, BMT-dən sonra ikinci böyük siyasi təsisat sayılan Qoşulmama Hərəkatına 4 il sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda qüdrətinin əyani göstəricisidir. Dövlət başçısının təşəbbüsü ilə Türk Şurası və Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunan Zirvə görüşləri, eləcə də BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, həmçinin Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə səmərəli əməkdaşlıq yeni əsrimizin yeni liderinə beynəlxalq arenada olan böyük hörmətin, etimadın nəticəsidir. Yaxın günlərdə COP29 kimi mötəbər tədbirə ev sahibliyi missiyasını uğurla icra etməklə Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması, sağlam, təmiz dünya naminə, eləcə də gələcəkdə “yaşıl enerji” istehsalı ilə Avropanın enerji təhlükəsizliyinə töhfə vermək əzmindədir. Regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində sonsuz etimadın nəticəsidir ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Bu addım, eyni zamanda Azərbaycanın tarixi zəfərinə və işğaldan azad olunan torpaqlara Böyük Qayıdış siyasətinə rəğbətin, dəstəyin ifadəsi kimi dəyərlidir.
Bu gün Ulu Öndərin siyasi varisi, 21-ci əsrin yenilməz lideri ilə qalib, müzəffər xalqın nümayəndələri olaraq Müstəqillik, Müstəqilliyin bərpası, Zəfər, Dövlət Suverenliyi günlərini təntənə ilə qeyd edirik. İşğaldan azad olunan bütün torpaqlarımızda müstəqilliyimizin rəmzi sayılan üçrəngli Dövlət Bayrağımız dalğalanır, soydaşlarımız öz doğma evlərinə qayıdır, tariximiz, mədəniyyətimiz, milli mənəvi dəyərlərimiz bərpa olunur. Dünyanın hansı ölkəsində, məmləkətində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyi müstəqil, qalib Azərbaycanla döyünür, həmvətənlərimiz öz sözlərini bütün xalqlar içərisində çəkinmədən, alnıaçıq şəkildə deyə bilirlər. Ən əsası isə odur ki, bu gün ölkəmizin apardığı müstəqil diplomatiyaya böyük hörmət və etimadla yanaşılır, siyasi iradəyə heç bir hegemon dövlət, heç bir qaragüruhçu qüvvə təsir göstərə bilmir. Ötən il Ümummilli Liderimizin anadan olmasının 100 illik yubileyi ilə bağlı zəfərimizin rəmzi sayılan Şuşadan xalqa müraciətində qalib Azərbaycanın müzəffər Liderinin də dediyi kimi: “Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib. Bu gün, sözün əsl mənasında, müstəqil xarici və daxili siyasət apara bilən ölkələrin sayı dünyada çox məhduddur. Azərbaycan o ölkələrdəndir ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Çünki güclü iradəmiz var, güclü ordumuz var və eyni zamanda güclü imkanlarımız var”.
Nail ƏSGƏROV
Digər xəbərlər