NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

“Ümid” sənədli televiziya filminin təqdimatı keçirilib

...

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə “Ümid” sənədli televiziya filminin təqdimat mərasimi keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Milli Dram Teatrında baş tutan təqdimat mərasimi Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Bildirilib ki, film Vətən müharibəsində itkin düşərək şəhidlik zirvəsinə ucalan İbrahim Vəlizadənin həyat yolundan bəhs edir. Ekran əsərində onun Vətənə sədaqəti, keçdiyi şərəfli ömür yolu, ailəsinin yaşadığı ümid və gözlənti hissi, eləcə də qəhrəmanlığı sənədli faktlar və xatirələr əsasında tamaşaçılara təqdim olunub.
Film iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və şəhidin əziz xatirəsinə ehtiramın ifadəsi kimi dəyərləndirilib.
Təqdimat mərasimində şəhid ailələri, qazilər, dövlət və ictimai qurumların nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti, akademiyanın nümayəndələri, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC-nin kollektivi və digər qonaqlar iştirak ediblər.
Sonda filmin müəllifi Məsumə Şirəliyeva, şəhid İbrahim Vəlizadənin valideynləri Səməd Vəliyev və Xurşud Vəliyeva, həmçinin " Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin sədri Mais Gülməmmədov çıxış edərək filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər. Çıxışlarda vurğulanıb ki, bu cür sənədli ekran əsərləri şəhidlərimizin əziz xatirəsinin yaşadılması, onların qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edir.

Nəşr edilib : 22.07.2026 17:40