Dağlar gözəli Şuşa yenidən ağ örpəyə bürünüb...
23:21 18.01.2026
0
0
0
NAXÇIVAN :
18 Yanvar 2026, Bazar
Ötən əsrin 90-cı illəri, bəlkə də, dünyada yaşayan bir çox xalq üçün adi illər idisə də, bizim üçün, biz azərbaycanlılar üçün ən çətin və ən şərəfli günlər idi. Biz 70 illik əsarət zəncirini boynumuzdan öz əllərimizlə çıxarıb atmışdıq. Azərbaycanın ən qədim və ən mübariz diyarı Naxçıvanda sovetlərin əcəl zəngi çalınmışdı həmin illərdə. Xalq bir olub tankların qarşısında əliyalın çıxıb müstəqilliyini qazanmış, sərhəddinə hücum edən müasir silahlarla təmin olunan düşmənin qarşısında ov gülləsi ilə dayanıb torpağını qoruyurdu. Həmin çətin günlərdən birində Şərur şəhərinin mərkəzində yerləşən Azadlıq meydanındakı mitinqdə ilk dəfə görmüşdüm Heydər Əliyevi. İnsan selinin arasından zorla keçib irəli gedirdim Onu görmək üçün.
Meydanda yüzlərlə insan var idi. Hamının səsi bir-birinə qarışmışdı O, kürsüyə çıxana kimi. Ulu Öndər şux addımlarla meydanın ortasına gəlib kürsüdə öz yerini tutdu, əlini havaya qaldırıb hamını salamladığı anda meydana sükut çökdü. Hamı susdu, hər kəsin diqqəti Ona yönəldi. Dediyi hər cümlə alqışla qarşılanırdı. İnsanların sevincinin həddi-hüdudu yox idi. Hər kəs onu yaxından görmək, dediklərini eşitmək istəyirdi. Dahi rəhbər çıxışını bitirdikdən sonra oraya toplaşan insanlarla, Sədərəkdə gedən şiddətli döyüşlərdə iştirak etmək üçün orada olanlarla söhbət etdi. İnsanlar Ona böyük ümid bəsləyir və bütün çətinliklərdən Ulu Öndər Heydər Əliyevin köməyi ilə çıxacaqlarına inanırdılar. Bu həmin vaxtlar idi ki, Naxçıvan bir tərəfdən xain qonşularımızın hücumlarına məruz qalır, təkbaşına müqavimət göstərir, torpaqlarımız igid oğulların şücaəti, canı-qanı bahasına qorunurdu.
Digər tərəfdən isə qədim yurdumuzun blokadaya salınması ilə bağlı yaranmış çox ciddi problemlərlə mübarizə aparmalı olurdu. Buna, əslində, ölüm-dirim mübarizəsi də deyə bilərik. Nə mavi yanacaq var idi, nə işıq. Sərhədimizə amansız hücumlar edildiyi həmin illərdə çox çətin sınaqla müharibə və ondan da betər olan aclıqla üzləşmişdi naxçıvanlılar... Bütün bunlara baxmayaraq, qazandığımız müstəqilliyi itirməməyə səy göstərir, torpağımızı qoruyur, bir addım belə geri çəkilmirdik. Dövlət xadimi Heydər Əliyevin ətrafında sıx birləşən muxtar respublika sakinləri gələcəyə böyük ümidlə baxır, bütün məsələlərin öz həllini tapacağına inanırdılar. Naxçıvan sakinləri ilə bərabər qazsız, işıqsız, soyuq, şaxtalı günlərdə çıraq işığında yaşayıb gərgin əmək sərf edərək böyük nailiyyətlərin təməlini atdı yurdumuzun dahi oğlu. Dərin zəkası, uzaqgörənliyi, tükənməz enerjisi və təhlil bacarığı görkəmli dövlət xadiminə imkan verirdi ki, ən çətin və çıxılmaz vəziyyətlərdə öz xalqı və Vətəni üçün mümkün variantın ən düzgününü seçib gərginliyi aradan qaldırsın.
Burada müasir Azərbaycanın təməli atıldı
Ümummilli Liderimiz Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində çalışdığı illərdə mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul edib. O, gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Təkcə muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail olundu. Həmin illərdə Naxçıvanda baş verənlər ölkə ictimaiyyəti tərəfindən yaxından izlənilirdi. Baxmayaraq ki, mərkəzi hakimiyyət buradakı hadisələrə laqeydliklə yanaşırdı. Böyük dövlət xadiminin Naxçıvandakı idarəetmə uğurları isə göz qabağında idi. Və bunu görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə Ulu Öndərin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Bir tərəfdən Azərbaycanın cənnəti Qarabağ düşmən tərəfindən işğal edilir, digər tərəfdən isə Gəncə şəhərində qiyam baş verir və qardaş qardaşa güllə atırdı. Bir sözlə, Azərbaycan məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya qalmışdı. Dahi rəhbər bu acı hadisələrə laqeyd də qala bilməzdi. Onun Bakıya qayıdışı xalqın sevincinə səbəb oldu. 1993-cü ilin iyununda paytaxta qayıdaraq həmin il oktyabrın 3-də keçirilən prezident seçkisində 97,6 faiz seçici fəallığı ilə Ulu Öndər səslərin 98, 8 faizini alaraq Azərbaycan Prezidenti seçildi.
Bir an belə doğma Naxçıvanı unutmadı
Vətənin vəfalı oğlu sovetlər dönəmində belə Naxçıvanı daim diqqət mərkəzində saxlayırdı. SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olan xalqımızın böyük oğlu Heydər Əliyev Moskvada, necə deyərlər, ucu-bucağı görünməyən bir ölkənin problemlərinin həlli ilə məşğul olsa da, bir an belə doğma Naxçıvanı unutmayıb. Azərbaycanda ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin iyul ayının 14-dən sonrakı dövrdə ölkəmizin, o cümlədən Naxçıvanın inkişafı, gələcəyi ilə bağlı çox mühüm qərarlar qəbul edib. Belə ki, 1970-ci illərə qədər Naxçıvan Azərbaycanın digər bölgələrinə nisbətən xeyli geridə idi və sənaye məhsulunun artım sürətinə görə keçmiş SSRİ-nin muxtar respublikaları arasında axırıncı yerlərdə qərar tuturdu. Bu geriliyin aradan qaldırılmasında və Naxçıvanın inkişaf yoluna çıxmasında Ulu Öndərin birbaşa göstərişi və rəhbərliyi ilə hazırlanmış Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Sovetinin “Naxçıvan MSSR-in xalq təsərrüfatının daha da inkişaf etdirilməsi tədbirləri haqqında” 1974-cü il 8 yanvar tarixli birgə Qərarının mühüm rolu oldu. Sənəddə muxtar respublikanın sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi üçün müvafiq orqanlar qarşısında konkret vəzifələr qoyulmuş, onların icra müddəti müəyyənləşdirilmişdi. Qərarda nəzərdə tutulmuş bütün vəzifələr vaxtında yerinə yetirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmin dövrü dəyərləndirərək deyib: “Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür”.
1969-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı üç dəfə yüksəlib. Dahi şəxsiyyət muxtar respublikada aparılan quruculuq-abadlıq işlərinin vəziyyəti ilə tanış olmaq üçün 1969-1982-ci illərdə 4 dəfə qədim diyarda səfərdə olub. İlk səfər 1974-cü il fevralın 22-də reallaşıb.
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində saxlanılan Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin büro iclaslarının protokollarından da aydın olur ki, daha sonra 1978-ci il oktyabrın 15-də, 1980-ci il mayın 24-də, 1982-ci il oktyabrın 2-də reallaşan səfərlərin hər birində Naxçıvanın gələcəyi üçün mühüm qərarlar qəbul edilib, gələcək perspektivə hesablanmış addımlar atılıb. Ümummilli Liderimizin təşəbbüsü və diqqəti sayəsində kompleks tədbirlər həyata keçirilib və nəticədə, 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı, təxminən, üç dəfə yüksəlib. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verilib. Bütün bu genişmiqyaslı quruculuq tədbirləri hesabına Naxçıvan Muxtar Respublikasında sənaye məhsulunun ümumi həcmi 1985-ci ildə 1970-ci ilə nisbətən 4,6 dəfə artıb. Həmin dövrdə dahi rəhbər ermənilərin Naxçıvan iddialarına qarşı ciddi mübarizə aparıb. Təsadüfi deyil ki, Ulu Öndər 1987-ci ilin noyabr ayında rəhbər vəzifədən uzaqlaşdırılandan dərhal sonra Azərbaycanın ağrı-acılarla dolu dövrü başlayıb, meydanı boş görən ermənilər çirkin iddialarını daha yüksək səslə səsləndiriblər. Görkəmli dövlət xadimi Moskvada rahat yaşaya bilərdi. Ancaq o, sakitliyi və rahatlığı deyil, Vətəninin taleyini düşünürdü. Buna görə də o, Vətənə qayıtmaq istəyirdi. Naxçıvanlılar da qədim diyarın yetişdirdiyi böyük dövlət xadiminin gəlişini səbirsizliklə gözləyirdilər.
Naxçıvanın xilası və inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır
1993-cü ildə Azərbaycan Prezidenti seçilən Ümummilli Liderimiz ölkə başçısı olduğu illərdə də Naxçıvan Muxtar Respublikasından diqqət və qayğısını əsirgəmədi. 1969-cu ildən başlanan quruculuq və inkişaf xətti Naxçıvanda fəal, yaradıcı surətdə davam etdirildi. Bu quruculuq və inkişaf konsepsiyası sonrakı illərdə özünü tam doğruldaraq bir idarəetmə modeli kimi tarixə düşdü. Həmin dövrdə 15 inzibati bina, 60 elm və təhsil müəssisəsi, o cümlədən 16 min 38 şagird yerlik 55 ümumtəhsil məktəbi, 43 mədəniyyət obyekti, 28 səhiyyə müəssisəsi, 5 idman obyekti, 24 nasos stansiyası, 135 subartezian quyusu, 34 körpü, 6 ticarət mərkəzi, əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 47 fərdi ev, 123 istehsal və xidmət obyekti tikilərək istifadəyə verildi. Bütün bu misilsiz nailiyyətlərin hamısı böyük dövlət xadimi Heydər Əliyev siyasətinin böyük uğurlarından sadəcə bir hissəsidir. Bu möhtəşəm təlim sabahkı uğurlarımızın da etibarlı qarantına çevrildi. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşələ çevrildi. Həmin illərdə qədim diyarda aparılan kompleks quruculuq işləri ilə yaxından tanış olmaq, bir sıra sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün 4 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etdi. Birinci səfər 1996-cı il oktyabrın 29-da, ikincisi 1999-cu il oktyabrın 10-da, digərləri isə 2002-ci ilin iyunun 15-də və həmin il avqustun 10-da reallaşdı. Hər bir səfərdə görülən işləri yüksək qiymətləndirən dahi rəhbər 1990-93-cü illərdə burada yaşadığı günləri xatırlayırdı. Son səfərində dediyi bu sözlər “1990-93-cü ildə sizlə bərabər blokada şəraitində, ağır vəziyyətdə, çətin vəziyyətdə yaşadığım günlər mənim üçün ən əziz günlərdir və onları heç vaxt unutmayacağam” naxçıvanlıların yaddaşına əbədi yazılıb.
Naxçıvanın inkişafına əvəzolunmaz töhfə
Ötən illər ərzində zaman bir daha böyük Heydər Əliyevin – o siyasət dahisinin bütün bəlalardan xilas edərək ayağa qaldırdığı Azərbaycanı əmin əllərə təslim etdiyini təsdiqlədi. Xalqına arxalanan Müzəffər Sərkərdə dünyaya qüdrətli ordusu, yenilməz siyasi-diplomatik gücü ilə meydan oxudu. Ulu Öndərimizin əsasını qoyduğu siyasətin, nurlu yolun uğurla davam etdirilməsi bizə Vətən müharibəsində böyük qələbəni bəxş etdi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, torpaqlarımızın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan Prezidenti Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində çox önəmli və tarixi bir məsələnin həllini təmin etdi. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaqdır ki, bu da qədim diyarın geostrateji əhəmiyyətini daha da artırmaqla yanaşı, bir sıra mühüm məsələlərdə böyük nailiyyətlər qazanmağa şərait yaradacaqdır. Belə ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan həm də bizim üçün Avropaya qapı, Türk dünyası üçün isə ümid bağına çevriləcək.
Bu isə bir daha deməyə əsas verir ki, Naxçıvan bundan sonra da inkişafı ilə yeni-yeni zirvələr fəth edəcək. Bu gün dövlət başçısının Zəngəzur dəhlizinin açılması ilə bağlı qətiyyətli mövqeyi və uzaqgörən siyasəti Azərbaycanın Avropanın və Asiyanın əsas geoiqtisadi mərkəzi kimi əhəmiyyətini artırır, regional iqtisadi şaxələndirmələrdə milli maraqlarımıza uyğun yeni yanaşmalar ortaya qoyur. Sözsüz ki, Zəngəzur dəhlizinin ən mühüm əhəmiyyəti Naxçıvan Muxtar Respublikası ilə ölkəmizin digər iqtisadi rayonları arasında birbaşa əlaqəni təmin etməsi olacaqdır. Bununla da Naxçıvan Muxtar Respublikasının iqtisadi-tranzit əhəmiyyəti daha da artacaq, yeni inkişaf istiqamətləri müəyyənləşdiriləcəkdir.
Hələ uşaq ikən ilk dəfə Onu gördüyüm o günlərdən illər keçib, mən də bu Vətənin digər bəxtəvər övladları kimi yurdumuzda, Vətənimizdə dahi rəhbərin qurub yaratdıqlarını görə-görə yaşadım, böyüdüm. Gözümüzün önündə yenidən quruldu yaşadığımız kəndlər, şəhərlər abadlaşdı, gözəlləşdi. Və tarixin ən gözəl günü olan Zəfər Gününü gördük. Çox xoşbəxtəm ki, bunlara şahidlik etməklə yanaşı, onları qələmə ala bilmək şərəfinə də nail olmuşam. Həqiqət budur ki, mənim kimi yüzlərlə insanın dahi rəhbərə olan məhəbbəti, Onun Vətənimiz üçün gördüyü işlər nə məqalələrə, nə də kitablara sığmaz, çünki O, bir əbədi dastandır. Xalqının ürəyində yer alan dastan. Min illər keçsə də, yaddaşlara iz salacaq nəsillərdən-nəsillərə yadigar qalacaq dastan.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər