Mehriban Ələkbərzadəyə MDB PA-nın Çingiz Aytmatov ...
12:38 23.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Azərbaycan təhsilinin yüksək sürətlə inkişafının təməlində, şübhəsiz, Ulu Öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Bu uğurlu siyasətin bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyularaq bu gün Prezident cənab İlham Əliyevin təhsilə göstərdiyi qayğı və Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli layihələrlə davam etdirilir. Azərbaycan təhsilinin uğurlu nəticələr qazanmasında, heç şübhəsiz, Heydər Əliyev Fondunun misilsiz xidmətlərinin böyük rolu var. Fond bütün ölkədə böyük rəğbətlə qarşılanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “İnternat məktəblərinin inkişaf proqramı”, “Təhsilə dəstək”, ümumiyyətlə, dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirib. Fondun təhsillə bağlı qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu sahəni inkişaf etdirərək beynəlxalq səviyyəyə çatdırmaqdır. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi həyata keçiriləndən sonra, hətta respublikamızın ən ucqar regionlarında da hər cür ləvazimatlarla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Müasirtipli məktəblərin inşası, tədris prosesində normal şəraitin yaradılmasının zəruriliyi bu sahədə böyük nailiyyətlər əldə olunmasına şərait yaradıb.
Hər tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə müasir standartlara cavab verən təhsil müəssisələrinin inşasının və əsaslı təmir olunaraq müəllimlərin, şagirdlərin ixtiyarına verildiyinin şahidi oluruq. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən Ulu Öndərin adını layiqincə daşıyan Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəb dövlət qayğısı ilə əhatə olunun məktəblər sırasındadır. Bu təhsil ocağında yaradılan, müasir və innovativ yeniliklər, gənclərin savadlı, zəngin dünyagörüşlü və vətənpərvər ruhda böyüməsi üçün mütərəqqi və milli əsaslara söykənən yeni təhsil metodlarından səmərəli istifadə hər il məktəbi bitirən məzunların uğurlu nəticələr göstərməsinə bilavasitə şərait yaradır.
Məlumdur ki, cəmiyyətin hər bir üzvünün şəxsiyyət kimi formalaşması, təhsil-tərbiyə yolu orta məktəbdən başlayır. Ölkə başçısı cənab İlham Əliyev çıxışlarında həmişə vurğulayır ki, təhsil infrastrukturunu yeniləşdirmədən, müasirtipli yeni məktəblər inşa etdirmədən, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan gənc nəslin intellektual inkişafına nail olmaq mümkün deyil. Bütün təhsil ocaqları kimi, Heydər Əliyev adına məktəbin də müasir avadanlıqlarla, təlim keyfiyyətinə əhəmiyyətli təsir göstərən laboratoriya, kitabxana, idman infrastrukturu ilə təmin edilməsi kimi məsələlər daim dövlət siyasətinin prioriteti olub.
Bu il 20 illik yubileyi təntənə ilə qeyd olunmuş Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəb 2004-cü ilin sentyabr ayında müəllim və şagirdlərin istifadəsinə verilib. Açılış mərasimində Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev iştirak edib. Bu, sadəcə, bir məktəb binasının istifadəyə verilməsi deyildi, Ümummilli
Liderimizin təşəbbüsü ilə tikilən və həm də onun adına ucaldılan bir abidənin açılışı idi. Açılış mərasimində iştirak edən dövlət başçısı deyib: “Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır, eyni zamanda burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Heydər
Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun”.
Ölkə başçısının bu sözlərini pedaqoji kollektiv özünün fəaliyyət proqramına çevirib. Bu səbəbdəndir ki, hər tədris ili yüksək nəticələrlə başa çatır. Məktəbin ilk ən böyük nəticəsi isə ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmasıdır.
Heydər Əliyev adına tam orta məktəbin muxtar respublikada digər təhsil ocaqları üçün bir nümunə olduğu hər kəsə məlumdur. Ulu Öndərin adını daşıyan məktəbdə təhsil almaq böyük şərəf, şagirdlərə elmlərin sirlərini öyrətmək isə böyük məsuliyyətdir. Pedaqoji heyətin qarşısında müstəqil Azərbaycanın gələcək təminatçılarını yetişdirmək kimi mühüm vəzifə dayanır. Burada müəllimlərin vəzifələri təkcə sistemli biliklərin verilməsi ilə məhdudlaşmır, onlar həm də müstəqil Azərbaycan üçün vətənpərvər gənclər hazırlayırlar. Bu təhsil ocağı, eyni zamanda mühüm tərbiyə mərkəzi funksiyasını daşıyır, gənclərin cəmiyyətin layiqli üzvü kimi yetişdirilməsinə səy göstərilir.
Vətənpərvər gənclik dövlətin gücü və onun əsas dayağıdır. Bu gün Heydər Əliyev adına tam orta məktəbdə təhsil alan şagirdlərə, məktəbi bitirən məzunlara baxarkən qürur duyuruq. Fəxr edirik ki, gənclərimiz sabahımızın təminatçısı kimi yetişir, Vətənə, Azərbaycançılıq idealına sadiqlik ruhunda tərbiyə olunurlar.
Məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Heydər Əliyevin 100 illiyi” yubiley medallı Məlahət Rüstəmova söhbət zamanı deyir: “Azərbaycan təhsilinin yeni inkişaf mərhələsinə qədəm qoyması Ulu Öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində mümkün olub. Təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirən cənab İlham Əliyevin belə diqqət və qayğısının bəhrələrini muxtar respublikamızın timsalında da görmək olar. Belə ki, son illər qədim diyarımızda 200-dən artıq təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Həyata keçirilən tədbirlər məzunların buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb. Məktəblərimiz müasir informasiya-kommunikasiya texnologiyaları və zəngin kitabxana fondu ilə təchiz olunub. Ümumtəhsil məktəblərimizin hamısında elektron lövhə, kompüter quraşdırılıb və internetə qoşulub.
Müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açıb. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli və mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər. Bütün bunlar təhsildə qazanılan uğurların təməlində dayanan amillərdir. Bizim məktəbin kollektivi də bu imkanlardan səmərəli istifadə etməyə səy göstərir”.
Bildiyiniz kimi, məktəbin yaradılmasının 20 illik yubileyi münasibətilə 2024-cü il
8 may tarixli Sərəncamla Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə məktəbin bir neçə müəllimi “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub. Onlardan Azərbaycan Respublikasının Əməkdar müəllimi Xublar Tarışova məktəblilərin qazandıqları uğurlardan danışır: “Məktəbin kollektivi təhsil ocağında ölkə Prezidentinin tövsiyələrini əldə rəhbər tutaraq milli təhsilimizin tərəqqisi naminə çalışır, müstəqil dövlətimizin gələcəyi üçün bilikli, vətənpərvər, müstəqilliyimizin keşiyində durmağı vətəndaşlıq borcuna çevirən gənclər yetişdirilməsi üçün bütün imkanlarını səfərbər edir. Məktəbin müəllimləri unutmurlar ki, burada görülən hər bir iş Ulu Öndərin adına, Onun ideyalarına layiq olmalıdır. İl ərzində məktəbi yüksək qiymətlərlə bitirənlərdən fərqlənmə attestatı, “Qızıl” və “Gümüş” medal alan məzunlar etimadı yüksək səviyyədə doğruldurlar”.
Əməkdar müəllim əlavə edir: “Ötən tədris ilində 1104 nəfər şagirdin təhsil aldığı Heydər Əliyev adına tam orta məktəbdən tam orta təhsil səviyyəsi üzrə 69 nəfər məzun olmuş, onlardan 11 nəfəri fərqlənmə attestatı almış, 2 nəfər “Qızıl” medala namizəd göstərilmişdir. Bütün məzunların ali məktəblərə qəbul üçün sənəd verdiyi və yüksək ballar topladığı məktəbin məzunlarından16 nəfəri 500-700 bal arası nəticə göstərib. Təhsil ocağının qazandığı uğurlar belə deməyə əsas verir ki, pedaqoji kollektiv məsuliyyətini dərindən dərk edir, işini dahi rəhbərin adına layiq səviyyədə qurmağa səy göstərir. Elə bu səbəbdəndir ki, Heydər Əliyev adına tam orta məktəb ölkəmizin ən yaxşı məktəbləri sırasında layiqli yerini qorumaqdadır”.
Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Heydər Əliyev adına tam orta məktəbin kollektivi görkəmli dövlət xadiminin bu tövsiyəsini əldə rəhbər tutaraq hər il olduğu kimi uğura nail olmaq əzmi ilə çalışır. Məktəbin uğuru isə cəmiyyətin uğurudur.
Digər xəbərlər