Ermənistanın Gəncədə törətdiyi dördüncü terrordan ...
00:10 11.10.2026
0
0
0
NAXÇIVAN :
11 Oktyabr 2026, Bazar
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə gördü
Tarix 1993-cü il 10 oktyabr. Həmin gün Azərbaycanın taleyində dönüş nöqtəsi idi. Ulu Öndər Heydər Əliyev ilk dəfə müstəqil Azərbaycanın Prezidenti kimi andiçmə mərasimində doğma xalqına müraciətində deyirdi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına bir daha dərin minnətdarlığımı, hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm… And içirəm ki, Prezident vəzifəsini ali məqsədlər, amallar naminə yerinə yetirəcək, Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni əsirgəməyəcəyəm”. Bu and müqəddəs bir yolun başlanğıcı üçün atılan ilk addım idi. Bu yol çətin, ağır yol olsa da, Onu qorxurtmurdu. Baxmayaraq ki, on illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklər yaratmışdı. Ölkə qardaş müharibəsinin astanasında idi. İşğal təhlükəsi, xaos, anarxiya və parçalanma ilə üz-üzə dayanmışdıq. 1990-1992-ci illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdi. Amma bütün bunlara baxmayaraq, Ulu Öndər “Azərbaycanın dövlət rəhbərliyinin buraxdığı kobud səhvlər nəticəsində iyun ayında respublikamız vətəndaş müharibəsi həddinə gəlib çatmış və onun bəzi bölgələrinin parçalanması real bir hal kimi meydana çıxmışdı. Allaha şükürlər olsun ki, bunların qarşısı alındı, bəzi cinayətkar qruplar aradan götürüldü və respublikanın daxilində ictimai-siyasi sabitliyin təmin edilməsi üçün şərait yaradıldı…” deyərək dövləti xilas etməyə və xalqın əvəzsiz sevgisini qazanmağa nail oldu.
Bu xalq dahi rəhbərinin sədaqətinə, Vətən sevgisinə illər öncədən bələd idi. Hələ 1969-1982-ci illərdə – Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda 1990-cı ildə 20 Yanvar faciəsinin ertəsi günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi liderə olan inamı daha da artırmış, sevgisini əvəzsiz etmişdi. Onun Naxçıvanın ən çətin günlərində həyatını təhlükəyə ataraq burada yaşaması və sakinlərlə bərabər olub hər çətinliyə sinə gərməsi də bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə izlənirdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan bir çox təhlükələr qarşısında qalanda məhz Heydər Əliyevin Naxçıvandan Bakıya rəhbərliyə qayıdışı ölkədə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı, hakimiyyətin düzgün strategiyasını müəyyənləşdirdi. Heydər Əliyev daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı. Dahi rəhbərin gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.
O vaxt ölkəmiz dövlət müstəqilliyini yenicə bərpa etmişdi, Azərbaycan Ermənistanla müharibə şəraitində idi. Bu risk doğuran amillər böyük dövlətləri və şirkətləri Azərbaycana sərmayə yatırmaqda ehtiyatla davranmağa vadar edirdi. Ulu Öndərin beynəlxalq arenadakı şəxsi nüfuzu tərəddüdlərə son qoydu: 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. “Əsrin müqaviləsi” ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi, bizi söz sahibi etdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı. Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərir ki, ölkəmizin dünyanın vacib aktorları sırasına çıxması bilavasitə Ulu Öndərin şəxsi nüfuzu ilə bağlı idi.
Bugünkü müzəffər Ordu Onun əsəridir
Ulu Öndər hələ sovet dövründə, Azərbaycana rəhbərlik etdiyi illərdə milli zabit kadrların yetişdirilməsini prioritet hesab edirdi. Uzaqgörən siyasət xadimi hələ 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. Ulu Öndər elə o illərdə azərbaycanlı gəncləri SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Həmin illərdə dahi rəhbər yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra bu məsələyə əsas prioritet kimi yanaşmağa, böyük diqqət ayırmağa başladı. Prezident Heydər Əliyev 1993-cü il oktyabrın 10-da andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: “Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.
Elə həmin gün Ulu Öndər qətiyyətlə bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq. Dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ildə Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. İldən-ilə güclənən ölkəmizdə ordu quruculuğu dahi rəhbərin siyasi varisi İlham Əliyev tərəfindən davam etdirildi. Vətən müharibəsində və sonrakı hərbi əməliyyatda qazadığımız Qələbə bir daha sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün və məharətlə həyata keçirilib.
Bütün komponentlərdə üstün olan Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev tərəfindən taleyüklü addımlar atılmasaydı, Azərbaycan dövlətini yaratmaq da, bu gün ölkəmizin ərazi bütövlüyünü erməni faşizmi üzərində əldə olunmuş möhtəşəm qələbə ilə təmin etmək də mümkün olmayacaqdı. Dahi rəhbərin ordu quruculuğu sahəsindəki bütün planları yerinə yetirildi, ordumuz dövlətimizin, müstəqilliyimizin və təhlükəsizliyimizin dəmir qalxanına, xalqımızın yenilməz dayağına çevrildi. Torpaqlarının bir hissəsi işğal altında olan bir ölkə üçün güclü ordunun mövcudluğu xüsusilə önəmli olduğundan ordumuzun gücü daha da artırıldı və qüdrətli müdafiə sənayesi yaradıldı. Qısa müddətdə hərbi sənayesi formalaşan Azərbaycanda bu gün ən müasir silahlar, döyüş sursatları və hərbi texnikalar istehsal olunur. Ölkənin müdafiə qabiliyyəti öz sənaye istehsalının hesabına gücləndirilir. Və bütün bunların nəticəsi olaraq biz Zəfər qazandıq – ordu, xalq, dövlət birləşərək “dəmir yumruğ”a dönərək.
Xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur
Ümummilli Liderin qarşıya qoyduğu ümdə vəzifələrdən biri də milli dövlət quruculuğunu həyata keçirmək idi və bu məsələ də qısa zaman kəsiyində həllini tapdı. Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb. Ən əsası isə xalq və dövlət arasında sarsılmaz birlik mövcuddur. Biz bu birliyi ötən əsrin 90-cı illərində Ulu Öndərin bir çağırışı ilə minlərlə insanın meydanlara axışması ilə də gördük, Vətən savaşında Ali Baş Komandanın ətrafında birləşib “dəmir yumruğ”a dönəndə də. Azərbaycan xalqı öz biriliyi, Vətən sevgisi ilə dahi rəhbərin ətrafında birləşərək dövlətini yox olmaqdan xilas etdiyi kimi, Onun davamçısı ilə birlik olub torpağını 30 illik işğaldan xilas etdi.
Həyatını Azərbaycan xalqına həsr edən müasir Azərbaycanın memarı Heydər Əliyev Vətənin ən çətin dövrlərində dövlət sükanını ələ alaraq ölkəni vətəndaş müharibəsindən xilas etdi, müstəqilliyini qorudu. O, Azərbaycan xalqının birliyini təmin etdi, Azərbaycançılıq ideyasını inkişaf etdirdi. Bugünkü bütöv Azərbaycan da məhz Onun əsəridir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, möhtəşəm tarixi Qələbə qazanan Azərbaycan Ulu Öndərin ideyalarına uyğun olaraq gündən-günə daha da inkişaf edəcək və getdikcə daha qüdrətli, daha firavan bir ölkəyə çevriləcək. Bütün bunlar isə sübut edir ki, müasir, müstəqil Azərbaycanın taleyini Ümummilli Lider Heydər Əliyevin taleyindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Bugünkü qalib Azərbaycanda yaşayan hər kəs bir daha görür ki, zəfər yolu məhz həmin gün çıxılan yolun davamıdır. Və bu yol Zəngəzur dəhlizindən keçib Ulu Öndərin dövlətçiliyin təməlini atdığı Naxçıvana çatacaq.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər