NAXÇIVAN :

09 May 2026, Şənbə

Ulu Öndər Azərbaycan səhiyyəsinin yüksəlişinin banisidir

...

Ulu Öndər üçün ən vacib sahələrdən biri də insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, bilikli, peşəkar həkim kadrlarının hazırlanması olub. Böyük rəhbər, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini respublikaya cəlb edib, onların yerli tibb müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirməyə çalışıb. Bununla da respublika səhiyyəsində mövcud olan durğunluq aradan qaldırılıb və bu sahədə inkişafa  müvəffəqiyyətlə nail olunub. Dahi şəxsiyyət dövlət müstəqilliyimizin ilk illərində də bu missiyanı layiqincə yerinə yetirmişdir. Bu gün müstəqil respublikamızda bütün sahələrdə əldə olunan inkişafın təməli Ümummilli Liderin ikinci dəfə ölkədə rəhbərliyə başladıqdan sonra qoyulmuşdur. Ulu Öndər həm də Azərbaycan səhiyyəsinin yüksəlişinin banisidir. 

Hələ sovetlər ittifaqında dahi şəxsiyyətin sayəsində respublikamızda səhiyyənin hərtərəfli yenilənməsi üçün bütün mümkün tədbirlər həyata keçirilmiş, vətəndaşlara göstərilən tibbi xidmətlərin səviyyəsində mühüm keyfiyyət dəyişiklikləri baş vermişdi. 1970-1980-ci illərdə çoxsaylı səhiyyə obyektlərinin inşa edilməsi respublikamızda səhiyyənin inkişafı barədə aydın təsəvvür yaradır. Ulu Öndər o dövrdə səhiyyə ilə bağlı deyirdi: “Mən Azərbaycana rəhbərlik etdiyim zaman, sonra SSRİ-nin rəhbərliyində olduğum illərdə daim səhiyyə ilə, tibb elmi ilə yaxın olmuşam, ona qayğı göstərmişəm və hesab edirəm ki, çox işlər görmüşəm. Mən o vaxt Sovetlər İttifaqının Moskvada yerləşən ən böyük, ən mötəbər tibb ocaqları, müəssisələri ilə yaxından tanış idim, onların yaranmasında, inkişaf etməsində xidmətlər göstərirdim. Mənim o vaxt həm onkoloji, həm kardioloji, həm ürək cərrahiyyəsi, həm oftalmoloji mərkəzlərin, başqalarının yaranmasında, inkişaf etməsində çox səylərim olmuşdur. Mən bu gün böyük məmnuniyyətlə xatırlayıram ki, o vaxt SSRİ dövləti tərkibində Azərbaycanın səhiyyəsinə marağı, qayğını daha da artırırdım. Moskvada yerləşən o böyük tibb elmi mərkəzlərinin diqqətini Azərbaycana cəlb edirdim və Azərbaycana yardım etməyə çalışırdım”.

Müstəqilliyimizin ilk illərindəki ictimai-siyasi hadisələr, yaşanan böhran əhalinin sağlamlığının ağırlaşmasına səbəb olmuşdur. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra fərman və sərəncamların imzalanması, tibb sahəsində həyata keçirdiyi islahatlar səhiyyənin səmərəsinin intensivləşdirilməsinə baza yaratdı. 1993-2003-cü illərdə bu sahədə bir sıra fundamental qanunlar  qəbul edildi. O vaxtlar SSRİ səhiyyə sisteminin və dünya tibb elminin görkəmli nümayəndələrindən olan məşhur onkoloq alim, akademik N.N.Bloxin çıxışlarından birində demişdir: “Heydər Əliyev səhiyyənin problemlərini və onların həlli yollarını ən titullu səhiyyə mütəxəssislərindən də gözəl bilir və elə bu səbəbdən, eləcə də digər səbəblərdən də ona böyük hörmət və ehtiramla yanaşıram”.

Ulu Öndər Heydər Əliyev sovetlər ittifaqı miqyasında, eləcə də beynəlxalq aləmdə səhiyyənin və tibb elminin bütün istiqamətlərində fəaliyyət göstərən aparıcı mütəxəssislərlə sıx əlaqələr saxlayır, onların diqqətini Azərbaycana cəlb edir, bununla da respublikanın səhiyyə sisteminin inkişafına yeni töhfələr verirdi. Ulu Öndər XX əsrin 70-80-ci illərində həmin siyasətin tərkib hissəsi kimi elm, təhsil və səhiyyə sistemlərinin də yüksəlişini təmin edərək bu sahələrin hərtərəfli inkişafı üçün dövlət səviyyəsində bütün mümkün tədbirləri gerçəkləşdirib. Dahi şəxsiyyət həmin dövrdə, ilk növbədə, tibb üzrə xarici mütəxəssislərin diqqətini Azərbaycana cəlb etməyə, onlarla yerli mütəxəssislər arasında əlaqə yaratmağa çalışmış, bununla da səhiyyə, o cümlədən tibb elmi və tibb təhsili sahələrində mövcud durğunluğun aradan qaldırılmasına nail olmuşdu. Keçən əsrin 60-cı illərinin sonu, 70-ci illərinin əvvəllərindən etibarən tibb üzrə beynəlxalq qurultay, simpozium, konqres və konfransların Bakıda keçirilməsini təşkil edən Ulu Öndər Heydər Əliyev respublikamızın səhiyyə sistemi sahələrinin beynəlxalq miqyasa çıxmasına, onların dayanıqlı və sabit inkişafına əlverişli şərait yaratmışdı.

Bu gün Azərbaycan səhiyyəsi Ulu Öndərin yürütdüyü siyasət nəticəsində dinamik inkişaf yolundadır. Vətəndaşların sağlamlığına göstərilən qayğı Azərbaycanın həm bugünkü, həm də gələcək nəsillərinin sağlamlığının təminatıdır. Müstəqil Azərbaycan dövləti indi Ulu Öndərin siyasi kursuna əsaslanaraq qətiyyətlə irəliləyir, gücünü və qüdrətini durmadan artırır, dahi şəxsiyyətə məxsus ideyaların həmişəyaşar olduğunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan müasir, qüdrətli və dinamik inkişafa malik olan ölkə kimi tanınır. Bütün sahələrdə ardıcıl və sistemli islahatlar həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bütün istiqamətlərdə, o cümlədən elm, təhsil, səhiyyə sahələrində davamlı inkişaf müşahidə edilir. Xüsusilə də səhiyyə sahəsində uğurlu addımlar atılıb, bu sahənin inkişafı üçün bütün imkanlar yaradılıb.

Səhiyyənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kadr təminatının təkmilləşdirilməsi də vacib məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Ümummilli Liderimiz Heydər Əliyevin himayəsi ilə 1999-cu ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi böyük yol keçmiş, muxtar respublikada ixtisaslı həkim hazırlığının əsası qoyulmuşdur. Ötən illərdə fakültədə tələbələrin təhsili üçün lazımi şərait yaradılmış, müasir xəstəxana istifadəyə verilmiş, muxtar respublikanın səhiyyə müəssisələrində auditoriyalar qurulmuşdur. Tələbələr arasında xarici ölkə vətəndaşları da kifayət qədərdir. Bu da onu deməyə əsas verir ki, Tibb fakültəsinin kadr hazırlığı sahəsində beynəlxalq səviyyədə nüfuzu vardır. Tibb sahəsi üzrə yüksəkixtisaslı kadrlar hazırlamaq və dünya tibb elminə daha sıx inteqrasiya etmək üçün universitet xarici ölkə universitetləri ilə  də sıx əlaqələr qurmuşdur. Ötən dövrdə fakültəni bitirmiş tələbələrdən bu gün səhiyyə müəssisələrində çalışanlar, ürək və digər cərrahi əməliyyatları uğurla həyata keçirənlər, həmçinin dünyanın bir çox ölkələrində də həkim kimi fəaliyyət göstərənlər var.

Bu da bir həqiqətdir ki, tibbi təhsilin məqsəd və vəzifələri, sadəcə, sistemli biliklərin verilməsi ilə məhdudlaşmamalıdır. Çünki həkim hazırlığında yalnız nəzəri biliklər kifayət etmir. Naxçıvan Dövlət Universitetində Tibb fakültəsi üçün korpusun, ixtisasların sayının artırılması səhiyyə müəssisələrinin ixtisaslı tibbi kadrlarla təminatına imkan verir. Tibb mütəxəssislərinin bilik və bacarıqlarının daim yüksəldilməsi üçün müvafiq mexanizmlər yaradılır, o cümlədən xarici ölkələrdə təlimlər təşkil edilir. İstər Tibb fakültəsinin, istərsə də Naxçıvan Tibb Kollecinin məzunları bu gün muxtar respublikada mürəkkəb cərrahi əməliyyatların aparılmasında iştirak edirlər.

Dövlət başçısının səhiyyəmizə diqqət və qayğısı, Azərbaycan xalqının sağlamlığının qorunması yolunda atdığı mühüm addımlar, ümumiyyətlə, ölkədə həyata keçirilən sosialyönümlü siyasət Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi strategiyanın uğurla davam etdirilməsinin parlaq təzahürüdür. Yeni tikilən, əsaslı təmir olunan,  müasir avadanlıqlarla təchiz edilən tibb mərkəzləri, tibb işçilərinin təkmilləşməsinə verilən diqqət, gündən-günə yaxşılaşan sağlamlıq və demoqrafik göstəricilər dövlətimizin əhalinin sağlamlığının  qorunmasına, gələcək nəsillərin sağlamlığına verdiyi əhəmiyyətin sübutudur. Bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. “Mən çalışıram və istəyirəm ki, Azərbaycanın hər bir yerində yüksək səviyyəli tibbi xidmət göstərilsin”, – deyən Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kursu bütün istiqamətlərdə, eləcə də səhiyyə sahəsində uğurla davam etdirir. Son illər tibbi xidmətin müasir standartlar səviyyəsinə yüksəldilməsi, vətəndaşların sağlamlığının etibarlı təminatı məsələləri dövlətin üzərinə götürdüyü sosial öhdəliklər sırasında mühüm yer tutur. Qəbul olunmuş Dövlət proqramlarının icrası göstərilən tibbi xidmətin səviyyəsinin xeyli yüksəlməsinə, xəstəliklər üzrə müayinələrin həcminin artmasına, dərmanla təchizatın əhəmiyyətli dərəcədə yaxşılaşmasına şərait yaradır.

Gültəkin ƏLİYEVA

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Klinik fənlər və hərbi iş üzrə kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent,

Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi

Nəşr edilib : 08.05.2026 17:00