NAXÇIVAN :

21 Avqust 2026, Cümə

Ulduzlara toxunan ünvan

...

Dumanın dağ yamacları ilə asta-asta aşağı yuvarlandığı, şəhər işıqlarının küyündən tamamilə təcrid olunmuş əsrarəngiz bir sükut zonasındayıq. Dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yerləşən Batabat yaylağında hava elə şəffaf, səma elə yaxındır ki, insan əlini uzatsa, ulduzlara toxunacaqmış hissinə qapılır. Məhz burada – Zəngəzur silsiləsinin ətəklərində Azərbaycan astronomiya elminin ən mühüm müşahidə məntəqələrindən biri – Naxçıvan Dövlət Universitetinin Batabat Astrofizika Rəsədxanası ucalır.

Unikal mikroiqlimi və yüksək atmosfer şəffaflığı ilə seçilən Batabat ərazisində elmi müşahidə stansiyasının yaradılması həyati zərurət kimi ortaya çıxıb. Aparılan hərtərəfli tədqiqatların yekununda 1971-ci il martın 25-də qəbul edilən qərarla Batabat rəsədxanasının bünövrəsi qoyulub.

Rəsədxananın yaradılması ilə burada, eyni zamanda kadr potensialının formalaşdırılması da mühüm əhəmiyyət daşıyıb. Nüfuzlu universitetləri bitirmiş gənclərin, yerli mütəxəssislərin buraya cəlb edilməsi sayəsində qısa müddətdə Batabatda güclü elmi potensiala malik kollektiv formalaşıb. 1978 və 1979-cu illərdə rəsədxanada kometlər üzrə Ümumittifaq konfranslarının keçirilməsi ilə Batabat artıq ciddi elmi mərkəz kimi qəbul olunub. Təsadüfi deyil ki, fəaliyyətinin ilk illərində rəsədxana əməkdaşlarının 120-dən çox elmi əsəri nüfuzlu elmi jurnallarda işıq üzü görüb.

Səmanın sükutunda böyük əmək

Astronomiya üzrə fəlsəfə doktoru Ruslan Məmmədov söhbət zamanı bu yüksəklikdə işləməyin fəlsəfəsini vurğulayaraq qeyd edir ki, Batabatda astronomik müşahidələr aparmaq həm də təbiətin və kainatın sakitliyi ilə baş-başa qalmaqdır. Şəhər işıqlarından uzaq olan bu yüksəklikdə gecə səması öz təbii qaranlığını və şəffaflığını tam qoruyub saxlayır.

Rəsədxananın texniki bazasının formalaşması 1974-cü ildə ilk böyük cihazın, Günəş Koronoqrafının quraşdırılması ilə yeni mərhələyə qədəm qoyub. Bu unikal cihaz vasitəsilə qısa müddətdə Günəş spikulalarının yüksək dəqiqlikli müşahidələri həyata keçirilməyə başlanıb. 1990-cı ildə isə rəsədxanada səma cisimlərinin tədqiqində mühüm rol oynayan, müasir astrofizikanın işlək flaqmanlarından sayılan “Zeiss-600” teleskopu istifadəyə verib. Bu texniki təchizat Batabat Astrofizika Rəsədxanasının müşahidə imkanlarını daha da artırıb.

Müstəqillik illərində göstərilən dövlət qayğısı Batabat Astrofizika Rəsədxanasının taleyində köklü dönüş yaradıb. Bu diqqətin bəhrəsi olaraq Naxçıvan şəhərində rəsədxananın inzibati bazası, Batabat yaylağında isə müasir inzibati bina və yaşayış kompleksi tikilərək istifadəyə verilib. Paralel olaraq rəsədxananın əsas işçi aləti olan “Zeiss-600” teleskopu modernləşdirilərək yenidən Batabatda öz xidmətinə qaytarılıb.

Texniki yenilənmə prosesi sonrakı dövrdə də davam etdirilib. Rəsədxananın aparıcı elmi işçisi Mirhəsən Tahirov “Zeiss-600” teleskopu üçün addım mühərrikləri və MACH3 idarəetmə sistemindən ibarət yeni proqramlaşdırılmış kompleksi sıfırdan yığaraq tətbiq edib. Bu innovativ yenilik teleskopun izləmə dəqiqliyini və kadrların rəqəmsal keyfiyyətini müasir standartlar səviyyəsinə qaldırıb.

Batabat yaylağının astronomik müşahidə üçün seçilməsi təkcə havanın şəffaflığı ilə məhdudlaşmır. İl ərzində aydın gecələrin sayının həddən artıq çox olması, nisbi rütubətin aşağı səviyyəsi, dəniz səviyyəsindən 2050 metr yüksəklik və ən əsası, süni işıq çirklənməsinin sıfıra yaxın olması buranı əvəzolunmaz edir. Sənaye obyektlərindən və şəhər mərkəzlərindən uzaqlıq gecə səmasının təbii qaranlıq fonunu qoruyur ki, bu da zəif işıqlı səma cisimlərinin fotometrik tədqiqi üçün həyati əhəmiyyət daşıyır.

Gecə başlayanda iş bitmir

Hazırda rəsədxanada əsas elmi işlər Günəş sisteminin kiçik cisimləri olan kometlərin, eləcə də müxtəlif ulduz tiplərinin (simbiotik, cavan və Prosion kimi parlaq ulduzların) parlaqlıq dəyişmələrinin izlənilməsi və modelləşdirilməsi ilə bağlıdır.

Elmi heyətin sayca az olmasına baxmayaraq, əldə edilən nəticələr yüksəkdir. Əməkdaşların elmi məqalələri “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq bazaların jurnallarında dərc olunur və onlar xaricdəki konfranslarda Azərbaycan elmini layiqincə təmsil edirlər.

Astrofizikin gecə növbəsi kənardan sakit görünsə də, əslində, son dərəcə gərgin, dəqiqlik və psixoloji dözümlülük tələb edən ağır əmək prosesidir. Ruslan müəllim deyir ki, müşahidələrə hazırlıq hələ gün batmazdan xeyli əvvəl başlayır. Teleskoplar, idarəetmə sistemləri, soyutma qurğuları və CCD kameralar hazır vəziyyətə gətirilir, havanın rütubəti və şəffaflığı ölçülür. Hava qaraldıqda kiçik səma cisimləri və ulduzlar izlənməyə başlanılır. Teleskop obyekti dəqiqliklə tutub saxlayır, CCD kameralar isə milyardlarla kilometr uzaqdakı işıq zərrəciklərini rəqəmsal kadra çevirir. Dəqiqliyi təmin etmək və təsviri elektron küylərdən təmizləmək üçün isə xüsusi kalibrləmə kadrları (bias, dark, flat) çəkilir.

Ruslan Məmmədov bu gərgin prosesin mahiyyətini izah edərkən bildirir ki, müşahidə gecəsi bitdikdə iş tamamlanmır, əksinə, ən məsuliyyətli mərhələ başlayır. Kadr almaq işin yarısıdırsa, əsas məsələ həmin materialı dəqiqliklə emal edib riyazi nəticəyə çevirməkdir.

Səhər açıldıqda toplanan rəqəmsal kadrlar MaxIm DL proqramı vasitəsilə küylərdən təmizlənir, təhlil edilir və riyazi emaldan keçirilir. Çətinliklərə baxmayaraq, əldə olunan nəticələr isə arzuolunandır. Araşdırmalar uzundövrlü komet orbitlərinin xüsusiyyətləri, Günəşdəki irimiqyaslı maqnit sahələrinin dövrləri və müxtəlif ulduzlarda baş verən dəyişikliklərlə bağlı mühüm nəticələr ortaya qoyub.

Elmin davamlılığı gənclərdən keçir

Rəsədxanada gənc mütəxəssislərin irəli çəkilməsi və elmi təcrübənin davamlılığının təmin edilməsi siyasəti uğurla həyata keçirilir. Hazırda rəsədxanada çalışan 8 elmi işçidən 5-i məhz gənc tədqiqatçılardır.

Bu istiqamətdə xüsusilə böyük dönüş nöqtəsi ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Batabat Astrofizika Rəsədxanasının Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi oldu. Bu tarixi addım elmlə ali təhsilin inteqrasiyasına müstəsna təkan verib.

Naxçıvan Dövlət Universitetinin Fizika və Fizika müəllimliyi ixtisaslarının dərsləri və istehsalat təcrübələri birbaşa Batabat rəsədxanasında, teleskoplar arxasında keçirilir. Bu inteqrasiyanın uğurlu bəhrəsi kimi II kurs tələbəsi Nuray Əhmədovanın Moskvada keçirilən “Erudit” Beynəlxalq Onlayn Astronomiya və Astrofizika Müsabiqəsində 100 faiz nəticə göstərərək qızıl medal qazanmasını qeyd etmək olar. Bu təkcə bir tələbənin uğuru deyil, həm də elmi mühüm gənc nəslə ötürülməsinin, tələbənin auditoriyadan çıxaraq real tədqiqat mühitinə daxil olmasının göstəricisidir.

Dağların zirvəsində mütləq səssizlikdə kainatı izləmək astronom üçün həm ağır sınaq, həm də əvəzolunmaz ilham mənbəyidir. Soyuq gecələrin, yuxusuz saatların və mürəkkəb hesablamaların sonunda işlənən bircə kadrda kainatın sirrini oxumaq bütün yorğunluğu silib aparır. Naxçıvanın dağ zirvəsində yanan bu elmi çıraq təkcə elmin üfüqlərinə işıq saçmır, həm də gənc qəlblərdə kainatı kəşf etmək həvəsini alovlandırır. Bəlkə də, Batabatın ən böyük sirri elə budur: burada insan ulduzlara yalnız baxmır, onlara bir az da yaxınlaşır.

 

Elnurə CƏFƏROVA

Nəşr edilib : 21.08.2026 11:16