NAXÇIVAN :

28 Noyabr 2024, Cümə axşamı

Тürkiyənin İğdır vilayətində Türkiyə və Azərbaycanın sərhəd bölgələri arasında iqtisadi əməkdaşlıq mövzusunda iclas keçirilib

...

AZƏRTAC-ın məlumatına görə, İğdır Ticarət və Sənaye Palatasının binasında keçirilən müzakirələrdə iki qardaş ölkənin rəsmi qurumlarının nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli vurğulayıb ki, Azərbaycan və Türkiyə arasındakı tarixi əlaqələr qarşılıqlı etimad, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır.

O, bildirib ki, iki ölkə arasındakı əlaqələr, xüsusilə son dövrlərdə siyasi, iqtisadi və mədəni sahələrdə atılan mühüm addımlar nəticəsində daha da möhkəmlənir. “Biz dövlətlərimiz arasındakı əməkdaşlığın genişlənməsinə, o cümlədən sərhəd bölgələri səviyyəsində, davamlı olaraq töhfə verməyə hazırıq”, – deyə səlahiyyətli nümayəndənin müavini diqqətə çatdırıb.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin nümayəndəsi Xəzər Başirov iki ölkə arasındakı iqtisadi əlaqələrin həcminin artmasına diqqət çəkib. “Bizim məqsədimiz  Türkiyə ilə ticarət dövriyyəsinin həcmini maksimum dərəcədə genişləndirməkdir”, –deyə o vurğulayıb.

İğdır valisi Ərcan Turan isə öz növbəsində, iki dövlətin əlaqələrinin sarsılmaz olduğunu diqqətə çatdırıb: “Türkiyə və Azərbaycan strateji tərəfdaşlardır. Xalqlarımızın qardaşlığı uzaq keçmişə əsaslanır. Əlaqələrimizin potensialını maksimum dərəcədə üzə çıxarmaq üçün hər şeyi etmək lazımdır”.

Vali Zəngəzur dəhlizinin açılmasını qarşılıqlı əlaqənin prioritetlərindən biri kimi qiymətləndirərək bu marşrutu “strateji əhəmiyyətli ticarət və logistika istiqaməti” adlandırıb. “Zəngəzur dəhlizi Türk dünyası ölkələrinin iqtisadi inteqrasiyasına əhəmiyyətli töhfə verəcək”,  – E. Turan bildirib.

O həmçinin Türkiyədən Naxçıvana qaz kəmərinin tikintisinin və Qars-İğdır-Naxçıvan dəmir yolunun tezliklə açılmasının əhəmiyyətinə toxunub. “Bu təşəbbüslər sayəsində Türkiyə-Azərbaycan əməkdaşlığı yeni səviyyəyə çıxacaq”,  – deyə E. Turan qeyd edib.

İğdır valisi Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsini Türk dünyasının tarixində dönüş nöqtəsi kimi xarakterizə edib: “Bu qələbə regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün qapılar açdı”.

Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya isə Naxçıvanın hər dövrdə Türkiyə üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Diplomat Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinin bütün region üçün yeni imkanlar açdığına əminliyini ifadə edib.

Daha sonra Türkiyə və Azərbaycan arasında ticarət əlaqələrinin mövcud vəziyyəti və inkişaf yolları üzrə fikir mübadiləsi aparılıb. Digər məsələlərlə yanaşı, ticarət prosedurlarının sadələşdirilməsi üzrə təşəbbüslər də müzakirə edilib.

Ramin ABDULLAYEV

Nəşr edilib : 28.11.2024 15:44