NAXÇIVAN :

03 Dekabr 2024, Çərşənbə axşamı

Türkiyəli ekspert: Azərbaycanın müraciəti dünyada BRICS-ə marağın artmasının göstəricisidir

...

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) üzv olmayan ölkələrin, o cümlədən Azərbaycanın BRICS-ə daxil olmaq səyləri əsasən iqtisadi amillərlə bağlıdır.

Bu fikri “Independent Türkçe” nəşri ilə Ankaradakı TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin dosenti Ali Oğuz Diriöz bölüşüb.

Ekspert qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri və daha sonra Azərbaycanın BRICS-ə qoşulmaq üçün müraciət etməsi dünyada bu platformaya marağı artırıb.

Əvvəllər təşkilata üzv olmaq üçün Malayziya və Tailand da müraciət etmişdi.

Diriözün sözlərinə görə, BRICS-in təsirinin artmasının səbəblərindən biri dünyanın ən fəal inkişaf edən iqtisadiyyatlarından bəzilərinin - Çin və Hindistanın orada iştirakıdır. Bundan əlavə, BRICS platforması iri neft və qaz istehsalçılarını bir araya gətirməyə imkan verir.

Türkiyəli ekspert vurğulayıb ki, bu gün BRICS dünyada Qlobal Cənubun səsi kimi qəbul edilir. Diriöz hesab edir ki, eyni zamanda, aydındır ki, BRICS-ə qoşulmaq istəyən ölkələri siyasi deyil, iqtisadi səbəblər daha çox cəlb edir.

“Məsələn, Malayziya və Tailand üçün Çin böyük və bir çox cəhətdən aparıcı ticarət tərəfdaşıdır, Azərbaycana gəldikdə, azərbaycanlılardan ibarət böyük diasporun olduğu Rusiya Bakı üçün böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, Rusiya Federasiyası Azərbaycan istehsalçıları üçün qabaqcıl bazarlardan biridir”, -deyə ekspert bildirib.

Universitetin dosenti Türkiyə ilə Azərbaycan arasında paralellər apararaq qeyd edib ki, Bakıdan fərqli olaraq, Ankara üçün Rusiya Federasiyası və Çinlə yanaşı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələr, o cümlədən ABŞ, Almaniya, Cənubi Koreya və Yaponiya da mühümdür, çünki Türkiyə iqtisadiyyatına birbaşa xarici investisiyaların böyük hissəsini Aİ və OECD ölkələri yatırır.

Diriöz əlavə edib: “Pekin və Moskvanın bütün iqtisadi əhəmiyyətinə, o cümlədən “Akkuyu” AES və “Türk axını” kimi meqalayihələrin həyata keçirilməsinə baxmayaraq, bu tərəfdaşlar hazırkı mərhələdə Türkiyə üçün Aİ və İƏİT-ə alternativ ola bilmirlər. Ona görə də Ankaranın Aİ-yə daxil olmaqla bağlı müraciətinə baxılması üzrə gecikmə davam edərsə, Türkiyə BRICS-ə qoşulma variantını istisna etmədən Şərq və Qərb arasında balanslaşdırılmış kursa riayət etməlidir”.

O, həmçinin vurğulayıb ki, Türkiyənin Qərblə əməkdaşlıqdan hər hansı şəkildə imtina etməsindən söhbət gedə bilməz.

“BRICS ilə sıx əməkdaşlıq Türkiyəyə bu ölkələrin bank sisteminin imkanlarına, xüsusən də Yeni İnkişaf Bankı (NDB, BRICS Bankının keçmiş adı - red.) mexanizminə daha geniş çıxış əldə etmək şansı verəcək və həm də BRICS-də inkişaf etdirilən - SWIFT-in analoqu olan ödəniş sisteminin bir hissəsi olmağa şərait yaradacaq”, -deyə ekspert vurğulayıb.

Türkiyəli ekspert əmindir ki, Türkiyə həm də İnkişaf Yolu və Orta Dəhliz kimi nəqliyyat və logistika marşrutlarına diqqət yetirərək, Qlobal Cənub ölkələri ilə əməkdaşlığı artırmalıdır. Diriöz sonda bildirib: “Məhz Ankaranın bu kursu regional sülhə, sabitliyə və inkişafa maksimum töhfə verəcək”.

Nəşr edilib : 29.08.2024 16:48