NAXÇIVAN :

07 Sentyabr 2026, Bazar ertəsi

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Bibiheybət məscidini və Zəfər abidəsini ziyarət ediblər

...

Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimlərindən ibarət 50 nəfərlik nümayəndə heyəti Azərbaycanda səfərdədir.

"Şərq qapısı" xəbər verir ki, səfər çərçivəsində sentyabrın 7-də nümayəndə heyəti Bibiheybət məscid-ziyarətgah kompleksində olub.

Nümayəndə heyətinə kompleksin tarixi və dini-mənəvi əhəmiyyəti barədə məlumat verilib. Bildirilib ki, məsciddə eyni vaxtda 3 min nəfər namaz qıla bilər.

Sonra din xadimləri Bakıda yerləşən Zəfər parkını ziyarət ediblər.

Din xadimlərinə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan Zəfər parkı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi olaraq hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı isə 44 olan Zəfər tağı inşa edilib.

Nəşr edilib : 07.09.2026 16:46