NAXÇIVAN :

29 Iyun 2026, Bazar ertəsi

“Türk Dünyası Həftəsi”: Bakı yüz ildən sonra yenidən Türk dünyasının gələcəyinə işıq tutur

...

...
İyunun 29-dan etibarən Bakı növbəti dəfə Türk dünyasının elm, mədəniyyət və ortaq dəyərlər ətrafında birliyinin mərkəzinə çevrilib. Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nə start verilib. Elm və mədəniyyətlə bağlı silsilə tədbirlərdən ibarət həftə Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 22 oktyabr tarixli Sərəncamına uyğun olaraq təşkil olunub. İyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə türk respublikaları daxil olmaqla, ümumilikdə, 20 ölkənin müxtəlif elmi mərkəzlərindən 80 tanınmış türkoloq-alim, eləcə də türk beynəlxalq təşkilatlarından nümayəndələr iştirak edir. Bir əsr əvvəl Bakıda əsası qoyulan türkoloji əməkdaşlıq ənənələrinin davamı olan bu tədbir türk dövlətləri arasında elmi, mədəni və mənəvi əlaqələrin daha da möhkəmləndirilməsinə töhfə verir.  Bu baxımdan, Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunması təkcə dünya türkologiyasının ən mühüm elmi hadisələrindən birinin xatırlanması deyil, həm də türk xalqlarının ortaq tarixi yaddaşına, mədəni irsinə və gələcək inkişaf strategiyasına verilən yüksək dəyərin ifadəsidir. “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən yubiley tədbirləri bir əsr əvvəl Bakıda əsası qoyulan elmi və mənəvi həmrəyliyin bu gün də aktuallığını qoruduğunu, yeni geosiyasi reallıqlar fonunda daha da böyük əhəmiyyət qazandığını nümayiş etdirir.

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan yubiley tədbirlərinin Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi dövrünə təsadüf etməsi xüsusi siyasi və mənəvi məna daşıyır. Bu, Prezident İlham Əliyevin türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi, ortaq humanitar məkanın formalaşdırılması və ümumtürk dəyərlərinin qorunmasına yönəlmiş ardıcıl siyasətinin məntiqi davamıdır. Təsadüfi deyil ki, son illərdə Azərbaycan TDT-nin institusional inkişafı, iqtisadi, humanitar və mədəni inteqrasiyanın dərinləşdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edərək təşkilat daxilində aparıcı rolunu daha da möhkəmləndirib. Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətində də qurultayın Türk dünyasının ictimai-siyasi, elmi və mədəni həyatında mühüm yer tutduğunu vurğulayaraq yubiley tədbirlərinin Azərbaycanın TDT-yə sədrliyi dövründə keçirilməsinin xüsusi rəmzi məna daşıdığını bildirib. Sitat: “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinə dair ötən ilin oktyabrında Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü zamanı irəli sürdüyüm təşəbbüsün bu gün reallaşması məmnunluq doğurur. Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar “Türk Dünyası Həftəsi”nin Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsinin xüsusi rəmzi mənası vardır. Paytaxtımızın memarlıq incilərindən sayılan əzəmətli İsmailiyyə Sarayında dünya türkologiyasının görkəmli simalarını və məşhur tədqiqatçı alimlərini yüz il əvvəl bir araya toplamış Birinci Türkoloji Qurultay zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mövcud şəraitdə mədəni inteqrasiyasının məfkurə olaraq təşəkkül tapması baxımından müstəsna əhəmiyyət daşıyır”.

Bəli, yüz il bundan öncə – 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elmi fikir tarixində yeni mərhələnin başlanğıcı hesab olunur. Həmin dövrdə dünyanın müxtəlif ölkələrindən gəlmiş yüzlərlə alim, dilçi və tədqiqatçının iştirakı ilə keçirilən qurultay türk xalqlarının ortaq dil, əlifba, tarix, ədəbiyyat, etnoqrafiya və mədəniyyət məsələlərinin sistemli şəkildə müzakirə olunduğu ilk beynəlxalq platformaya çevrildi. Qurultayda səsləndirilən ideyalar yalnız elmi müzakirə xarakteri daşımır, eyni zamanda türk xalqlarının gələcək inkişafı üçün strateji yol xəritəsi rolunu oynayırdı. Tədbirin Bakıda keçirilməsi də tarixi zərurətdən irəli gəlirdi. Belə ki, XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda milli oyanış prosesinin sürətlənməsi, yenitipli məktəblərin, teatrın və milli mətbuatın yaranması ölkəni müsəlman Şərqinin aparıcı maarifçilik mərkəzlərindən birinə çevirmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması isə milli dövlətçilik ənənələrinin formalaşmasına mühüm töhfə vermiş, Bakı şəhəri regionun ən güclü elmi və intellektual mərkəzlərindən biri kimi tanınmışdı. Belə bir mühit Birinci Türkoloji Qurultayın məhz Azərbaycanda keçirilməsini şərtləndirən əsas amillərdən idi.

Qurultayda qəbul edilən qərarlar arasında vahid ümumtürk əlifbasına keçid məsələsi xüsusi yer tuturdu. Bu təşəbbüs türk xalqları arasında elmi, mədəni və informasiya əlaqələrinin genişləndirilməsinə, ortaq kimliyin möhkəmlənməsinə xidmət edirdi. Eyni zamanda dilin qorunması, tarixi irsin öyrənilməsi, folklorun toplanması və ortaq mədəni dəyərlərin gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm qərarlar qəbul edilmişdi. Lakin bu mütərəqqi ideyaların həyata keçirilməsi uzun sürmədi. Sovet totalitar rejimi türk xalqları arasında inteqrasiyanın güclənməsini öz siyasi maraqlarına təhlükə hesab edərək qurultayın ideyalarının reallaşmasına müxtəlif yollarla mane oldu. Qurultay iştirakçılarının böyük əksəriyyəti repressiyalara məruz qaldı, bir çox görkəmli alim və ziyalı həyatını itirdi. Bununla belə, onların irsi və ideyaları yaddaşlardan silinmədi, əksinə, sonrakı nəsillər üçün milli düşüncənin və elmi irsin ayrılmaz hissəsinə çevrildi. Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətində də bütün bu tarixi məqamlara toxundu: “Türk dünyasının ortaq mənəvi dəyərlərinin – dil, tarix, etnoqrafiya, ədəbiyyat və mədəniyyətin inkişafı və gələcəyi ilə bağlı vacib məsələlərin, xüsusən vahid ümumtürk əlifbasına keçilməsinin diqqət mərkəzində saxlanıldığı beynəlxalq miqyaslı bu unikal elmi-mədəni forumun o zaman məhz Azərbaycanda keçirilməsi təsadüfi deyildi. Azərbaycan XIX əsrdən etibarən köklü ictimai-siyasi və mədəni dəyişikliklər nəticəsində yenitipli teatr, məktəb və ilk milli mətbu orqanı yaratmaqla milli özünüdərkin gerçəkləşməsinə zəmin hazırlamış, müsəlman və Türk dünyasında artıq ilk demokratik dövlət qurmuşdu. Paytaxt Bakı şəhəri də hələ ötən əsrin əvvəllərindən özünün milli ruhlu ziyalılar nəslindən ibarət intellektual mühitinin yüksək səviyyəsi ilə seçilərək dünya türkologiyasının mötəbər mərkəzlərindən biri kimi tanınırdı. Əfsuslar olsun ki, Birinci Türkoloji Qurultayda səslənən başlıca fikir və müddəaların həyata keçirilməsinin qarşısı az sonra sovet totalitar idarə üsulu tərəfindən düşünülmüş formada süni maneələrlə alındı. Qurultay nümayəndələrinin əksəriyyətini isə məqsədli şəkildə 1930-cu illərdə amansız repressiyalara məruz qoydular. Onların xatirəsini bu gün də ehtiramla yad edirik”.

XX əsrin sonlarında türk dövlətlərinin müstəqillik qazanması ilə Birinci Türkoloji Qurultayın bir əsr əvvəl irəli sürdüyü ideyalar yenidən aktuallıq qazandı. Qurultayda əsası qoyulan ortaq dil, əlifba, elm və mədəni əməkdaşlıq prinsipləri müasir dövrdə Türk dünyasının inteqrasiya prosesinin əsas istiqamətlərindən birinə çevrilib. Türk dövlətləri arasında siyasi dialoqun dərinləşməsi, iqtisadi və humanitar əməkdaşlığın genişlənməsi, ortaq layihələrin həyata keçirilməsi, vahid türk əlifbası istiqamətində atılan addımlar, eləcə də ortaq tarix və mədəni irsin araşdırılması həmin ideyaların artıq praktik müstəvidə gerçəkləşdiyini nümayiş etdirir.

Son illərdə TDT çərçivəsində təhsil, elm, mədəniyyət, gənclər siyasəti, media və informasiya sahələrində həyata keçirilən çoxsaylı layihələr ortaq humanitar məkanın formalaşmasına mühüm töhfə verir. Bu təşəbbüslər türk xalqları arasında qarşılıqlı etimadı, həmrəyliyi və mənəvi bağları daha da gücləndirir. Beləliklə də, Birinci Türkoloji Qurultayın zəngin ideya irsi bu gün də təşkilatın fəaliyyətinin mənəvi və tarixi dayaqlarından biri kimi öz əhəmiyyətini qoruyub saxlayır.

Prezident İlham Əliyevin çıxışlarında da qeyd etdiyi kimi, müasir dövrdə beynəlxalq münasibətlər sistemində baş verən sürətli dəyişikliklər fonunda Türk dünyasının birliyi və həmrəyliyi daha da strateji məna kəsb edir. Məhz  bu baxımdan ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə malik türk xalqları əməkdaşlığı dərinləşdirməklə regional və qlobal proseslərdə mövqelərini daha da gücləndirirlər. Bu prosesdə Azərbaycan fəal təşəbbüsləri, irəli sürdüyü layihələr və təşkilatçılıq missiyası ilə Türk dünyasının inteqrasiyasında aparıcı rol oynayır. Birinci Türkoloji Qurultayın 100 illiyinin ölkəmizdə yüksək səviyyədə qeyd edilməsi də Azərbaycanın ortaq türk irsinə sadiqliyinin, türk xalqlarının birliyinə və gələcək inkişafına verdiyi strateji əhəmiyyətin bariz ifadəsidir.

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi bir əsr əvvəl Bakıda əsası qoyulan ideyaların bu gün də öz aktuallığını və həyatiliyini qoruduğunun təsdiqidir. Türkdilli ölkələrin dövlət başçılarının “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladıqları müraciətlərdə səsləndirilən fikirlər də ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə söykənən birliyin gələcək inkişaf üçün əsas amillərdən biri olduğunu bir daha nümayiş etdirir. Bu müraciətlər türk dövlətlərinin ortaq siyasi iradəsini, elmi və humanitar əməkdaşlığın daha da dərinləşdirilməsi əzmini, Birinci Türkoloji Qurultayın irsinə verilən yüksək dəyəri aydın şəkildə ortaya qoyur. Bir əsr əvvəl Türk dünyasının gələcəyinə istiqamət verən Bakı bu gün də eyni missiyanı davam etdirərək ortaq dəyərlər ətrafında həmrəyliyin, elmi dialoqun və strateji əməkdaşlığın mərkəzi kimi çıxış edir. Bu baxımdan, Birinci Türkoloji Qurultayın zəngin irsi yalnız keçmişin qiymətli mirası deyil, həm də Türk dünyasının gələcəyinə işıq tutan mühüm mənəvi və ideoloji yol xəritəsi olaraq öz əhəmiyyətini qoruyur.

 

Nail ƏSGƏROV

Nəşr edilib : 29.06.2026 17:13