NAXÇIVAN :

24 Noyabr 2024, Bazar

Türk Dövlətləri Təşkilatının Bişkek Zirvə görüşündə quruma sədrlik Qırğızıstana keçəcək

...

Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) XI Zirvə görüşü keçiriləcək.
"Şərq qapısı" xəbər verir ki, bununla bağlı TDT məlumat yayıb.
Bildirilib ki, “Türk dünyasının gücləndirilməsi: İqtisadi inteqrasiya, dayanıqlı inkişaf, rəqəmsal gələcək və hər kəs üçün təhlükəsizlik” mövzusunda keçiriləcək Sammit təşkilatın gündəmində olan məsələlərin müzakirəsi baxımından mühüm platforma rolunu oynayacaq. Liderlər əsas mövzularda qərarlar qəbul edəcək, anlaşmalar imzalayacaq, iqtisadiyyat, ticarət, rəqəmsal transformasiya, nəqliyyat və təhlükəsizlik sahələrində TDT layihələri ilə bağlı rəsmi sənədləri təsdiqləyəcəklər.
Görüşdə təşkilata üzv və müşahidəçi ölkələr arasında müxtəlif sahələrdə çoxtərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, regional və qlobal siyasi-iqtisadi inkişaf prosesləri ilə bağlı müzakirələr də yer alacaq. Liderlər Türk dünyasının birliyini və tərəqqisini daha da gücləndirmək üçün çətinliklərin öhdəsindən birgə gəlmək və imkanlardan yararlanmaq mövzularında fikir mübadiləsi aparacaqlar.
Toplantının yekunu olaraq dövlət başçıları tərəfindən Bişkek Bəyannaməsinin qəbul edilməsi və bəzi mühüm qərarların imzalanması gözlənilir.
Zirvə görüşünün sonunda TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək.
Görüşdən əvvəl Bişkekdə toplaşan TDT Xarici İşlər Nazirləri Şurası gündəmdəki məsələləri və dövlət başçıları tərəfindən imzalanacaq sənədlərin yekunlarını müzakirə edəcək.

Nəşr edilib : 01.11.2024 19:53