NAXÇIVAN :

12 Noyabr 2025, Çərşənbə

Torpaqlarımızı işğaldan azad etmək böyük şərəfdir

...

27 sentyabr 2020-ci il. Hər birimizin qan yaddaşına, qürur mənbəyinə çevrilmiş həmin gün ölkəmizin hərb tarixinə qızıl hərflərlə yazıldı. Artıq həmin tarixi gündən bizi 5 illik zaman kəsiyi ayırır. Buna baxmayaraq, hələ də o günlərdə keçirdiyimiz hiss-həyəcan və bütün bu qaranlıq günlərin içərisində bizə ümid işığı olan torpaqlarımızın işğaldan azad olması xəbərinin verdiyi sevinc və qürur hissi ilk günkü kimi təzəliyini qoruyub saxlayır. Axı bu qələbə elə-belə başa gəlmirdi. Minlərlə igid el oğlumuz həmin saatlarda döyüş bölgəsində düşmən qarşısında mərd-mərdanə dayanmışdı. Onları nə çətin müharibə şəraiti, nə xain düşmən, nə də yorğunluq qorxutmurdu. Yalnız və yalnız bir amala çatmaq üçün gecə-gündüz usanmadan irəliləyirdilər – itirilmiş torpaqlarımızı yenidən qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etmək. Bu uğurda canından keçənlər də oldu, sağlamlığını qurban verənlər də. Belə igidlərimizdən biri də müharibənin canlı şahidi, hətta birbaşa iştirakçısı kimi bu gün bir daha tanımaqdan şərəf duyduğumuz, qorxmaz, mərd Vətən oğlu qazi Əmrah Məmmədovdur. 1994-cü ildə Şərur rayon İbadulla kəndində dünyaya göz açıb Əmrah. Hələ balacalıqdan Vətən eşqi ilə dolub-daşırdı o. Vətəni qorumaq, torpaqlarımızı azad etmək arzusu ilə yolunu Heydər Əliyev adına Hərbi Liseyə salmış, sonrakı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, həmin məktəbi Motoatıcı ixtisası üzrə bitirmişdi. Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonu ərazisində yerləşən N hərbi hissəsində xidmət edib. 
Vətən müharibəsinə xüsusi təyinatlı qrupun komandiri kimi qatılan Əmrah Məmmədov Füzuli, Cəbrayıl, Qubadlı rayonları uğrunda gedən doyüşlərdə fəal iştirak edib. Zehnində canlandırdığı xatirələrlə o ağır günlərə yenidən qayıdan və həmin günləri xatırladıqca səsində həyəcan hiss olunan Əmrah deyir ki, oktyabrın ikisində Füzuli rayonunun Horadiz kəndi istiqamətində ayağımdan qəlpə yarası aldım. 4 gün hospitalda yatdıqdan sonra öz istəyimlə təkrar döyüşə qatıldım. 
44 günlük müharibədən yadında qalanları bizimlə paylaşan Əmrah zehninə həbs olmuş o anları belə xatırlayır: “Yadımdadır, qrupumda olan Bəşir Məmişov minaya düşərək ayağını topuqdan itirdi. Qubadlı rayonuna keçdikdən sonra çox güclü döyüş getdi. Elə həmin vaxt artilleriya mərmisi – 120 mm-lik minamyot mərmisi yanıma düşdü. Bu vaxt, necə deyərlər, yerdən üzüldüyümü hiss etdim. Gözümü açanda artıq hospitalda idim. Məni təxliyə etmişdilər. Qapalı kəllə-beyin travması almışdım”. 
“Qrupumun snayperi, taborun ilk şəhidi olan Emin Məmmədov qucağımda şəhadətə yüksəldi”, – deyən Əmrah onun adını övladına verib, bununla da çiyin-çiyinə vuruşduğu döyüş yoldaşının adını daim yaşatmaq istəyib.
Hərb sahəsindəki fəaliyyətinə və Vətən müharibəsindəki şücaətinə görə qazimiz “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” , “Vətən müharibəsi iştirakçısı”, “Şücaətə görə” və “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalları ilə təltif olunub.
“Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan xalqının mübarizliyini, sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi. Müharibənin ilk günlərindən başlayaraq işğal altında olan kəndlərin, qəsəbələrin, şəhərlərin azad olunması Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdi”, – deyə həmin o çətin günlərin, itirilmiş neçə-neçə həyatların müqabilində qazanılan Zəfərimizdən ağızdolusu danışır Əmrah. Dövlətimiz Vətənin bütövlüyü, rifahı naminə canını ortaya qoyan heç bir vətəndaşından qayğısını məhrum etmədiyi kimi, Əmrah Məmmədovdan da bu qayğını əsirgəməmiş, qazimiz ev və avtomobillə təmin olunmuşdur.
Bir zamanlar min bir fitnə-fəsadla əldə edilən torpaqlarımız artıq azaddır. Zülmə, təzyiqlərə məruz qalaraq zorla yurd-yuvasından didərgin salınan vətəndaşlarımız artıq öz doğma ocağına qayıdır. Bütün bunların hər birini isə bu yolda şəhid olmuş oğullarımıza, düşmənlə müharibədə sağlamlığını itirmiş qazilərimizə borcluyuq. 

Türkanə ƏSƏDOVA
 

Nəşr edilib : 27.09.2025 18:50