NAXÇIVAN :

11 Oktyabr 2026, Bazar

Torpaqdan sənətə: Naxçıvanda təndir qoyma ənənəsi yaşadılır – reportaj

...

Torpaq ustanın əllərində sanki yenidən doğulur. Əvvəlcə adi palçıq təsiri bağışlayan bu qarışım səbir, zəhmət və ustalıqla yoğrulduqca tədricən özünəməxsus forma alır. Hər toxunuş, hər döyüntü gələcək təndirin möhkəmliyinə hesablanır. Burada tələskənliyə yer yoxdur – nəticəyə aparan yol səbirdən və illərin təcrübəsindən keçir.
Təndir yalnız torpaqdan hazırlanmış məişət vasitəsi deyil. O, nəsildən-nəslə ötürülən qədim sənətin, xalq məişətinin və çörək mədəniyyətinin yaşadılan nümunəsidir. Bu sənətin əhəmiyyəti beynəlxalq səviyyədə də təsdiqini tapıb. 2024-cü ilin dekabrında Azərbaycanın “Təndir sənətkarlığı və çörəkbişirmə” milli nominasiyası UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Bu qədim sənətin incəliklərini qoruyub saxlayan ustalardan biri də Culfa rayonunun Yaycı kəndində yaşayan Məmməd İmanovdur. Onun həyətində torpağın əllə yoğrulub təndirə çevrilməsi əsrlərdən süzülüb gələn sənətin bu gün də necə yaşadıldığını göstərir.
Hər torpaqdan təndir olmur: ustalığın sirri xammalın düzgün seçimindən başlayır
Təxminən, 15-16 ildir, həyat yoldaşı ilə birlikdə təndir qoyan Məmməd usta deyir ki, proses ilk baxışdan sadə görünsə də, burada hər mərhələnin öz qaydası var. Ən vacib məqamlardan biri isə düzgün xammal seçimidir. Usta təndir üçün çöldən gətirilən xüsusi gilli torpaqdan istifadə etdiklərini bildirir. Torpaq yapışqan və möhkəm olmalıdır. “Torpağın şirəsi, yapışqanlığı, gücü olmalıdır. Hər torpaq bu effekti verməz. Bəzi yerlərdə saman qatırlar. Biz isə sırf keçi tükündən istifadə edirik. Tükü alıb gətiririk, palçığa qarışdırıb yoğururuq. Sonra onu saxlayırıq ki, torpaq yaxşı bişsin. Bundan sonra təndiri hazırlamağa başlayırıq”, – deyə o bildirir.
Palçıq hazır olduqdan sonra əsas iş başlayır. Təndir bir dəfəyə deyil, qat-qat, mərhələ-mərhələ formalaşdırılır. Hər gün müəyyən hündürlükdə palçıq əlavə edilir ki, əvvəlki qat qurusun və növbəti qatla möhkəm birləşsin.
Ustanın sözlərinə görə, təxminən, bir metr hündürlüyündə təndirin hazırlanması beş-altı gün çəkir. Əsas zəhmət isə divarların formaya salınması, hamarlanması və möhkəmləndirilməsidir: “Təndirin ən rahat işi onu qoymaqdır. Ondan sonrakı işlər daha çətindir. Palçığı döyə-döyə formaya salırsan. Elə hala gətirməlisən ki, görünüşündən onun gözəl və keyfiyyətli olduğu bilinsin”.
Hazırlanan təndirin qurudulması da xüsusi diqqət tələb edir. Birbaşa Günəş şüaları onun çatlamasına, hətta partlamasına səbəb ola bilər. Buna görə təndir örtülü və tədricən quruyan yerdə saxlanılır. Usta deyir ki, ən keyfiyyətli təndirlər ilin sərin vaxtlarında, xüsusilə payız aylarında hazırlanır. Bu zaman təndir gec quruyur, çatlama ehtimalı azalır və daha möhkəm alınır.
Həyətində müxtəlifölçülü hazır təndirlər də gözə dəyir. Sifarişlər yalnız Naxçıvandan deyil, Azərbaycanın müxtəlif bölgələrindən gəlir. Hazırladığı təndirlərdən birinin, hətta Finlandiyaya aparıldığını deyən usta bildirir: “Şərurdan, Şahbuzdan, Ordubaddan, Bakıdan müştərilərimiz var. Zəng edirlər, sifariş verirlər, göndərirəm. Elə olub ki, mənim hazırladığım təndir Finlandiyaya gedib. Orada yaşayan azərbaycanlı ailələr alıb aparıblar”.
Təndirin müştəriyə verilməsi ilə ustanın işi də tam başa çatmır. O, ilk dəfə yandırılmasından sonrakı istifadəsinə qədər müştərilərə ətraflı tövsiyələr verir. Təndir əvvəlcə yavaş-yavaş qızdırılmalı, daha sonra od artırılmalıdır. Təndirin ağarması onun bişdiyini göstərir. Hazır təndir isə yağışdan və sudan qorunmalı, mümkün qədər örtülü yerdə saxlanılmalıdır.
Düzgün hazırlandıqda və qorunduqda təndirdən 10, 15, hətta 20 il istifadə etmək mümkündür. Məmməd İmanov üçün əsas prinsip çox məhsul hazırlamaq deyil, keyfiyyətli təndir ərsəyə gətirməkdir: “İstəsən, gündə beş-on təndir hazırlaya bilərsən. Amma onda keyfiyyət aşağı düşər. Bunu zövqlə, asta-asta işləmək lazımdır ki, keyfiyyətli məhsul alınsın. Mən öz müştərimə görə hazırlayıram. Mövsümə bağlıdır. Elə vaxt olur, sifariş çox olur, çatdırmaq olmur, elə vaxt da olur, dayanır”.
Torpaq, od və zəhmət: qədim sənət gələcəyə belə daşınır
Bu sənətin Məmməd İmanova verdiyi ən böyük dəyər isə yalnız qazanc deyil. O, təndir qoymanı Naxçıvanın və bütövlükdə, Azərbaycanın maddi-mədəni irsinin bir hissəsi hesab edir: “Təndir qoyma bizim qədim sənətimizdir. Bunu yaşatmalıyıq. Bu, dulusçuluq sənətinin bir parçasıdır. Dulusçular oturaraq əlləri ilə işləyirlər, biz isə ayaq üstə işləyirik. Bu bizim tariximizdir. Təndir, lavaş bizim xalqımıza, Azərbaycana xas olan dəyərlərdir”, – deyə usta bildirir.
Məmməd ustanın hazırladığı təndirlər müxtəlif müsabiqələrdə də iştirak edib və yüksək qiymətləndirilib. Bu, onun illərin zəhməti ilə yaşatdığı sənətə verilən dəyərin göstəricisidir.
Müasir texnologiyaların geniş yayıldığı bir dövrdə əl əməyinə əsaslanan təndir qoyma kimi qədim sənətlərin yaşadılması xüsusi əhəmiyyət daşıyır. Çünki burada yalnız bir məhsul hazırlanmayıb, əsrlərdən süzülüb gələn ənənə, zəhmət və sənətkarlıq da qorunur. Torpaq seçilir, keçi tükü ilə yoğrulur, günlərlə qurudulur, ustanın əlləri altında forma alır və sonda odla sınaqdan keçir. Sadə görünən bu proses, əslində, nəsillərdən-nəsillərə ötürülən böyük zəhmətin ifadəsidir. Məmməd İmanovun hazırladığı hər bir təndir də bu zəhmətin izini daşıyır – torpaqdan yoğrulur, odla möhkəmlənir və Naxçıvanın qədim sənət ənənəsini yaşadır.

Nail ƏSGƏROV

Nəşr edilib : 10.10.2026 16:20