NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Tikinti layihələri altına düşən yaşıllıqların idarə olunması ilə bağlı tədbir təşkil olunub

...

“Şəhərsalma qiymətləndirilməsi həyata keçirilmiş tikinti layihələri altına düşən yaşıllıqların idarə olunması ilə bağlı maarifləndirici söhbətlərin aparılması, təkliflərin aidiyyəti üzrə təqdim edilməsi” mövzusunda tədbir keçirilib

"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 4 mart 2026-cı il tarixli 23s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Şəhərsalma qiymətləndirilməsi həyata keçirilmiş tikinti layihələri altına düşən yaşıllıqların idarə olunması ilə bağlı maarifləndirici söhbətlərin aparılması, təkliflərin aidiyyəti üzrə təqdim edilməsi” mövzusunda tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Vüsal Ağayev qeyd edib ki, şəhərsalma proseslərinin genişləndiyi müasir dövrdə tikinti layihələrinin ətraf mühitə təsirinin düzgün qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır. O bildirib ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bütün iri və potensial təsirli tikinti layihələri ekoloji ekspertizadan keçirilməli, layihələrin ətraf mühitə təsiri əvvəlcədən qiymətləndirilməlidir. Bildirilib ki, həmçinin aidiyyəti qurumlar arasında koordinasiyanın gücləndirilməsinin və vahid yanaşmanın formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Daha sonra agentliyinin Dövlət ekoloji ekspertizanın təşkili şöbəsinin müdiri Nihad Quliyev mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. O, tikinti layihələrinin ekoloji ekspertiza mərhələsində yaşıllıq sahələrinə təsirin qiymətləndirilməsi mexanizmlərindən bəhs edib. Qeyd olunub ki, layihələrin icrası zamanı tikinti altına düşən yaşıllıqların götürülməsi zərurəti yarandıqda bunun qanunvericiliyə uyğun şəkildə əsaslandırılması və kompensasiya tədbirlərinin həyata keçirilməsi vacibdir. 
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Şəfəq Cəfərova çıxışında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə toxunaraq bildirib ki, ərazi planlaşdırılması və tikinti proseslərində yaşıllıq sahələrinin qorunması mühüm prinsiplərdən biridir. Onun sözlərinə görə, Baş planların hazırlanması zamanı ekoloji təhlükəsizlik, yaşıllıq zonalarının saxlanılması və genişləndirilməsi əsas istiqamətlər kimi nəzərə alınır. 
“AzərEnerji” ASC-nin “Naxçıvan Enerji” MMC-nin Texniki şöbəsinin rəisi Miryunis Seyidov isə alternativ enerji mənbələrinin inkişafının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bərpa olunan enerji mənbələrinin tətbiqi ətraf mühitə mənfi təsirlərin azaldılmasına, o cümlədən yaşıllıq sahələrinin qorunmasına xidmət edir.
Tədbirin sonunda iştirakçılar tərəfindən mövzu ətrafında müzakirələr aparılıb, qanunvericiliyin tətbiqi ilə bağlı təkliflər irəli sürülüb və aidiyyəti qurumlara təqdim olunmasının vacibliyi qeyd edilib.
Bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd qanunvericiliyə uyğun olaraq şəhərsalma prosesləri çərçivəsində yaşıllıq sahələrinin qorunması, səmərəli idarə olunması və ekoloji tarazlığın təmin edilməsi istiqamətində maarifləndirmənin gücləndirilməsi, eləcə də aidiyyəti qurumlar arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsidir.

Nəşr edilib : 22.04.2026 17:27