NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Tənəffüs yolları ilə yayılan virus infeksiyaları

...

Çiçək xəstəliyi, müayinə və müalicəsi

İqlim dəyişikliyi, havaların soyuması ilə əlaqədar insanlar arasında bir sıra xəstəliklər meydana gəlir. Payız-qış aylarında ən çox təsadüf olunan xəstəliklər, əsasən, yoluxucu xəstəliklər sırasına daxil olan tənəffüs yolları xəstəlikləridir. Yoluxucu xəstəliklər patogen mikroorqanizmlərin, virusların, prionların orqanizmə daxil olması nəticəsində yaranan xəstəliklər qrupudur. Tənəffüs yolu ilə yayılan xəstəliklərə, əsasən, qrip, qızılca, göy öskürək, difteriya, skarlatina, suçiçəyi və sair xəstəliklər daxildir. Bu yazımızda son zamanlarda, xüsusən bağça və məktəbyaşlı uşaqlar arasında yayılmış xəstəliklərdən olan suçiçəyindən bəhs edəcəyik.

Suçiçəyi bütün dünyada olduğu kimi, bizdə də geniş yayılmış yoluxucu xəstəliklərdən biridir. Xəstəlik, adətən, yaz və qış aylarında intensiv şəkildə müşahidə olunur. Daha çox 10 yaşdan kiçik uşaqlarda rast gəlinsə də, yeniyetmələr, gənc və böyüklər də bu xəstəliyə yoluxa bilir. Bu xəstəlik, adətən, müalicəyə ehtiyac olmadan özlüyündə sağalsa da, risk qrupunda olan xəstələr üçün arzuolunmaz nəticələr yarada bilər. Bu və ya digər tənəffüs yolu ilə yayılan xəstəliklər haqqında Naxçıvan Muxtar Respublika Yoluxucu Xəstəliklər Mərkəzinin Yoluxucu xəstəliklər ixtisası üzrə həkim rezidenti Sona Əlizadədən məlumat aldıq.

Əvvəlcə, suçiçəyi haqqında məlumat verən Sona xanım qeyd edir ki, suçiçəyi xəstəliyi 3-cü tip insan herpes virusları tərəfindən törədilən və tənəffüs yolu ilə keçən xəstəlikdir. Yoluxduruculuğu çox güclüdür. Yalnız insanlar arasında yayılır. Həm böyüklərdə, həm də uşaqlarda, həm hamilələrdə bu xəstəliyə rast gəlmək olur. Xəstəliyin inkubasiya dövrü 14 gündür. İnkubasiya dedikdə xəstənin həmin virusa yoluxduqdan sonra suçiçəyi xəstəliyinin klinikasının üzə çıxdığı dövrə qədər olan, insanın sanki sağlammış kimi göründüyü zaman aralığıdır. 14 gündən sonra artıq əlamətlər üzə çıxır. İlkin əlamətləri halsızlıq, qızdırma, içərisində şəffaf maye olan vizikulalardır. Vizikulalar, əsasən, gövdədən başlayır, daha sonra üzə və ətraflara yayılır.

Yoluxduruculuq dövrü xəstənin virusa yoluxduğu andan ən son səpginin yarandığı zamandan sonrakı 5 günə kimi davam edir. Əlamətlərdən sayılan qaşınmaya bağlı insan bədənində iz qalma ehtimalı çox olur. Daha sonra müsahibim bildirir ki, hamiləlik zamanı da bu xəstəliyə yoluxma halları baş verə bilir. Hamiləlikdə 2-ci, 3-cü trimestrdə ana suçiçəyinə yoluxarsa, bu zaman yenidoğulmuşda ətrafların inkişafdan qalması, göz anomaliyaları, beyin anomaliyaları özünü göstərə bilir. Əgər hamiləliyin sonlarına doğru ana xəstəliyə yoluxarsa, uşaqda heç bir defsit və anomaliya halı müşahidə olunmur. Sadəcə olaraq, dünyaya gəldikdən sonra yaşamının ilk illərində uşaqlarda herpes zoster yarana bilər. Ana doğumdan 4-5 gün əvvəl, yaxud doğumdan sonrakı 2 gün ərzində suçiçəyinə yoluxarsa, bu zaman yenidoğulmuş körpə anadan artıq immunoqlobin almadığından, immunitet olmadığından onda ölüm 30 faizə yaxın olur. Buna görə də körpə dünyaya gəldikdən sonra mütləq varsiella zoster immunoqlobini vurulmalıdır.

Suçiçəyinin ağırlaşmalarından bəhs edən müsahibim deyir: “Bu ağırlaşmalara miokardid, nefrit, qanama diatezi, hepatit və sair daxildir”.

“Suçiçəyi zamanı nə yeməli?” mövzusuna da toxunan müsahibim qeyd edir ki, səpgilər çoxdursa və qaşıntılıdırsa, allergiya yaradacaq, qıcıqlandırıcı qidalar qəbul etməməyi məsləhət görürük. Məsələn, sitrus meyvələri, çox ədviyyatlı, çox yağlı yeməklərdən uzaq durulmalıdır. Bu qadağalar simptomları azaltmaq və ya qaşıntıları, səpgiləri artırmamaq üçündür.

İnsanlar arasında yalnış bir düşüncə var ki, qulaqdibi, suçiçəyi kimi xəstəliklər zamanı çimmək olmaz. Bu isə, təbii ki, xurafatdır. Əksinə, qaşınmanı çimməməkdən yaranan kir də artıra bilir. Yuyunduqdan sonra həmin xəstələrdə daha çox rahatlama qeydə alınır. Yalnız bu zaman suyun qaynar olmamağına, dərini aşındırmamağa diqqət edilməlidir: “Suçiçəyinin profilaktikası yalnız suçiçəyi peyvəndi ilə olur. Təəssüf ki, ölkəmizdə bu peyvənd mövcud deyil. Lakin gələcəkdə bunun, hətta milli peyvənd təqviminə salınması da nəzərdə tutulur. Suçiçəyi peyvəndi atenasiya olunmuş peyvənd olduğundan hamilələrdə əks göstərişdir. Əgər qadın vaksin vurdurubsa ondan sonrakı bir ay ərzində hamiləlik planlamamalıdır. Təmas sonrası profilaktikada da suçiçəyi peyvəndi önərilir. Təmas sonrasındakı ilk 3 gündə əvvəllər suçiçəyi keçirməmiş insanlara bu peyvənd vurula bilər.

Son zamanlar dünya üzərindəki bəzi ölkələrdə yayılan meymunçiçəyi ilə suçiçəyi arasındakı fərqlərə diqqətçəkən müsahibim söyləyir: “Çox insan suçiçəyi ilə meymunçiçəyi xəstəliyinin eyni qəbildən olduğunu düşünsələr də bunlar, əslində, tamamilə fərqli xəstəliklərdir. Sadəcə olaraq, içərisindəki çiçək sözünə görə insanlar bu xəstəliklərin oxşar olduqlarını düşünürlər. Suçiçəyi xəstəliyi tənəffüs yolu ilə keçsə də, meymunçiçəyi xəstəliyi uzunmüddətli təmas nəticəsində birindən digərinə keçə bilir. Hər ikisində qızdırma əlaməti olsa da, meymunçiçəyi xəstəliyində qripəbənzər əlamətlər üstünlük təşkil edir. Meymunçiçəyi xəstəliyində ovuc içərisində səpgilər görülsə də, suçiçəyi xəstəliyində bu görülmür. Ovuc, ayaqaltı, üz meymunçiçəyi xəstəliyi üçün xarakterik səpgi yerləridir. Meymunçiçəyi xroniki xəstəliyi olmayan insanlarda 2-4 həftə ərzində özlüyündə keçə bilir, yəni buna ölümcül xəstəlikdir demək olmaz. Ölkəmizdə görülməmişdir.

                   Türkanə ƏSƏDOVA

Nəşr edilib : 16.11.2024 14:52