Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Uca Yaradanın bizlərə bəxş etdiyi naz-nemətlər saysızdır. Hər bir bitki, meyvə, tərəvəz sağlamlığımız üçün faydalı olan vitaminlərlə zəngindir. Bu gün qüdrət narı adı ilə tanıdığımız, lakin çoxlarının hələ də min bir dərdə dərman olan faydalarını bilmədiyi hind narından bəhs edəcəyik.
Qüdrət narı təbii halda Şərqi Afrika, Şərqi Hindistan, Amazon hövzəsi kimi tropik bölgələrdə yetişir. Balqabaqkimilər fəsiləsinin momordika cinsinə aid bitki növüdür. Qeyri-adi görünüşə, dada və rəngə malik bu meyvənin zoğları sarmaşıq şəklində olur. Kənarları dişli formada olan yarpaqları yelpik şəklində və yumşaqdır. Yaz aylarında çiçəkləyən meyvənin çiçəkləri sarı, meyvəsi isə yaşıldır. Tam yetişdiyi zaman kökrəngi, qırmızı rəngə dönür. Əsasən, tam yetişməmiş toplanmalıdır. Çünki yetişdikdə dadı acılaşır və vitamin dəyəri düşür. Toxumları qırmızıdır və turş olduğuna görə nara bənzədilir. 10-15 santimetr uzunluğunda olan hind narının içərisində 20-30 ədəd toxum olur ki, bu da adi nar dənələrindən 2 dəfə böyükdür.
Bu möcüzəvi meyvədən əsrlərboyu bir çox xəstəliyin müalicəsində geniş istifadə olunub. Əsasən, tropik meyvə olan bu meyvə artıq bir neçə ildir ki, ölkəmizin müxtəlif bölgələrində yetişdirilir. Muxtar respublikamızda isə bu meyvəni ilk dəfə Şərur rayon Mahmudkənd sakini İlqar Hüseynov yetişdirib. Bu meyvəyə aid bir çox məlumatları öyrənmək üçün İlqar bəyə üz tuturuq. Artıq iki ildir ki, bu möcüzəvi meyvənin yetişdirilməsi ilə məşğul olan İlqar Hüseynov deyir: – Mədə ağrısından çox əziyyət çəkirdim. Bəzən su belə içə bilmirdim. Buna görə də, sürətlə çəki itirirdim. Türkiyəli bir dostumun məsləhəti ilə bu meyvə ilə tanış oldum. Həzm sistemi xəstəliklərinə, xərçəngə, qaraciyərə, şəkər xəstəliyinə, revmatizmə, varikoz ağrılarına, zoba müalicəvi təsirinin olduğunu öyrəndikdən sonra toxumunu əldə edib həyətyanı sahəmdə əkməyə qərar verdim. Və istifadə edərək çox faydasını gördüm.
Daha sonra müsahibim bu meyvənin hansı şəraitdə və necə yetişdirilməsindən bəhs edir:–Bu meyvənin əkininə, əsasən, mart-aprel aylarında başlayıram. Yetişdirərkən gübrəsini vaxtında verməyə xüsusi diqqət edirəm. Susevən bitki olduğundan tez- tez sulama aparılmalıdır. Birillik meyvə olmasına baxmayaraq, ilin iki fəsli meyvə verir. Oktyabr ayında yığımına başlayırıq. Müalicə məqsədilə çörək otu, zeytun yağı ilə qarışdıraraq məcun halına gətirib istifadə edirik. Bu meyvə bildiyim qədəriylə yanıqlarda da faydalıdır. Tərkibi C vitamini ilə zəngin olan meyvə qandakı zərərli maddələrdən qurtulmağımıza köməklik edir.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər