Ötən gün vətəndaşların bank kartlarından 20 min ma...
12:40 13.06.2025
0
0
0
NAXÇIVAN :
13 Iyun 2025, Cümə
Təbiəti xilas etməyə çalışırıq, yoxsa, sadəcə, məsuliyyət hissini insanlara yükləyib aradan çəkilirik?
Bir neçə müddət əvvələ qədər Azərbaycanda, eləcə də dünyanın bir çox ölkələrində marketlərdə alış-veriş zamanı məhsullar pulsuz plastik torbalara qoyularaq alıcılara təqdim edilirdi. Lakin ətraf mühitin çirklənməsi, plastik tullantıların artması və təbiətə vurulan zərərlər səbəbindən bu sistemdə dəyişikliklər olundu. Beləliklə, Azərbaycanda da polietilen torbalar müəyyən müddətdir ki, ödənişli şəkildə təqdim edilir. Polietilen torbaların ödənişli olması ilkin mərhələdə ətraf mühitin qorunması baxımından müsbət addım kimi təqdim edildi. Dövlət səviyyəsində aparılan bu təşəbbüs ictimaiyyətə ekoloji məsuliyyətin artırılması zərurəti kimi izah olundu. Lakin bu qərarın tətbiqindən keçən müddət ərzində bir sıra suallar və narazılıqlar ortaya çıxıb. Əslində, torbaların pulla satılması nə dərəcədə real nəticə verdi, yoxsa, bu, sadəcə, simvolik və kosmetik bir tədbir idi?
Qeyd edək ki, alış-veriş zamanı çox sayda torba götürənlər olurdu və bu plastik tullantıların artmasına gətirib çıxarırdı. Ancaq bu prosesin birdən-birə ödənişli sistemə keçməsi bir çox istehlakçı üçün qəfil və məntiqsiz görünürdü. İnsanlara alternativ təqdim edilmədən, maarifləndirmə aparılmadan bu dəyişikliyin tətbiqi nəticəsində bir çox müştəri bu yeniliyi, sadəcə, əlavə pul yığımı kimi qəbul etməyə başladı.
Ödənişli sistemin tətbiqi ilə insanların bəziləri alış-verişə evlərindən torba aparmağa meyilləndilər. Lakin bu proses əksər hallarda yalnız iri şəhərlərdə yaşayan, məlumatlı və daha çox gəliri olan istehlakçılara aid idi. Rayon yerlərində, xüsusilə də yaşlı əhali arasında bu dəyişiklik müsbət qarşılanmadı və qəbul edilmədi. Əhalinin bir hissəsi indi məhsulları əllərində və ya karton qutularda daşımağa çalışır. Bu onlar üçün nə rahatdır, nə də uzunmüddətli effektiv bir həll. Digər tərəfdən, ödənişli torbalar problemin kökünə toxunmur. Marketlərdə satılan bu torbalar yenə də polietilendəndir və sadəcə, simvolik qiymətə təklif olunur. Yəni, əslində, tullantının növü dəyişməyib, yalnız ona münasibət dəyişdirilib. Həqiqi ekoloji dəyişiklik istəyiriksə, daha əsaslı və alternativli tədbirlər görülməlidir. Məsələn, torbaların tamamilə dayandırılması, kağız və ya bioloji parçalana bilən çantalara keçid bu sahədə daha məntiqli olardı. Üstəlik bir çox marketlərdə əvvəlki dövrlərlə müqayisədə daha nazik və keyfiyyətsiz torbalar təqdim olunur. Bununla belə, həmin torbalar da pulludur. Bu isə sosial ədalət prinsipinə ziddir. İnsanlar ekoloji düşüncəyə görə deyil, sadəcə, məcburiyyətdən torba almamağa çalışırlar.
Bütün bu problemlər göstərir ki, polietilen torbaların ödənişli olması təktərəfli və yarımçıq tətbiq edilmiş bir qərardır. Əgər məqsəd, həqiqətən də, ətraf mühitin qorunması idisə, bu sahədə sistemli yanaşma, davamlı maarifləndirmə və real alternativlər də təqdim edilməli idi. Hazırkı vəziyyətdə isə bu qərar daha çox “ekoloji məsuliyyət” adı altında yeni bir gəlir mənbəyi kimi görünür.
Bu gün ətraf mühitə ən çox ziyan vuran böyük şirkətlər, sənaye müəssisələri hələ də ciddi nəzarətdən kənardadır. Plastik torbaya görə vətəndaş pul ödəyir, amma minlərlə ton tullantı yaradan zavodların fəaliyyəti davam edir. Bu zaman ortaya belə bir sual çıxır: doğrudan da, təbiəti xilas etməyə çalışırıq, yoxsa, sadəcə, məsuliyyət hissini insanlara yükləyib aradan çəkilirik? Məsələnin mahiyyətinə dərindən yanaşsaq, insanların onlardan nələr tələb olunduğunu, amma onlara bunun izah edilmədiyini görərik. Bu isə nə ekoloji düşüncə yaradır, nə də davamlı dəyişikliklərə yol açır.
Əsl dəyişiklik yalnız o zaman baş verəcək ki, insanlar plastik torbadan imtinanı öhdəlik yox, seçim kimi edəcək və bu seçim cəmiyyətin ekoloji mədəniyyətinin əsl göstəricisinə çevriləcək.
Elnurə CƏFƏROVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi
Digər xəbərlər