Gələn həftə Azərbaycana yaz fəsli daxil olur
16:33 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
O günlərdən bu günlərə
Həmişə insan hisslərinin paklığı təbiətin gözəlliyinə, bulaq saflığına bənzədilib. Təbiətə bağlılıq daim ucalıq sayılıb. Təbiətin yaratdığı gözəlliyi insan yarada bilmir, amma onu qoruyub mühafizə edəndə, yaşıllıq zolaqlarını genişləndirəndə təbiət daha da zənginləşir. Heç təsadüfi deyildir ki, həmişə “Təbiət anadır, onu qoruyaq” ifadəsi bir deviz kimi səslənir. Yaşıllıqlar diyarına dönən Naxçıvanın gözəlliyini seyr edəndə və hər qış gələndə bir vaxtlar evlərin həyətlərində tüstülənən ocaqlarda yığılmış beş-altı quru budağın oduna qollu-budaqlı ağacların necə yandığını xatırlayıram:
“Elektrik enerjisi qıtlığı, qazın olmaması, adicə neftin tapılmaması adamları çox çətin vəziyyətə salmışdı. Elə buna görə də bağ və parklarda, prospekt və küçələrdə, meydanlarda gövdəli ağacların kötükləri cərgələnirdi. Adam ehtiyac içərisində qalanları da qınaya bilmirdi. Axı körpə uşaq ağlaya-ağlaya iki ayağını bir başmağa dirəyib bir stəkan çay tələb edəndə yazıq valideyn əlacsız qalırdı. O da ocaq yandırmaq üçün əl atırdı ağacları kəsməyə. Təkcə bunlar olsaydı, dərd yarı idi. Ancaq ən ağırı o idi ki, neçə-neçə komisyon, kooperativ mağaza sahibi olmaq istəyənlər bağ və parklarda tikinti meydanı düzəltmək üçün ağacları, bəzək kollarını kütləvi surətdə kəsib doğrayırdılar. Bu həmin illər idi ki, sərhədlərimizdə döyüş gedirdi, hər yerdən ümidi üzülən yerli əhali günün çoxunu neft, daş kömür növbələrində keçirirdi”.
Elə bil, təbiət də öz şıltaqlığını həmin qışa saxlamışdı. 90-cı illərin sərt qışı qazı, elektriki kəsilən sakinləri bağlara, bağçalara üz tutub ağaclara balta vurmağa məcbur edirdi desək, yanılmarıq. Elə bir vaxtda bütün naxçıvanlıların ümidi gəlişi ilə ömrümüzün hər gününə Günəş kimi həm aydınlıq, həm də hərarət gətirən xalqının mərd, Vətənsevər oğlu, dahi rəhbər Heydər Əliyev idi. Hər zaman öz xalqının yanında olan ən çətin məqamlarda belə Vətəni üçün əlindən gələni edən dahi şəxsiyyət xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması və onların bərpası istiqamətində də ciddi və ardıcıl tədbirlər həyata keçirməyə başladı.
Vətənimiz yaşıllıqlar diyarına çevrildi
Ulu Öndərin ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi siyasət sayəsində Vətənimizdə yeni meşələr, bir-birindən gözəl parklar və istirahət guşələri yaradılıb. Ümummilli Lider Heydər Əliyev yaşıllıqların qorunmasından danışarkən deyirdi: “Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o öz ailəsinə, özü-özünə xəyanət edir”. Bu müdrik tövsiyələr təbiətə, o cümlədən meşələrə qayğının bir nümunəsi kimi çox ibrətamizdir. Dahi rəhbər yaşıllıqların salınmasına, ağacların qorunmasına xüsusi diqqət yetirib, özü ağac əkilməsində iştirak etməklə hər kəsə nümunə göstərib.
Əsası Ulu Öndər tərəfindən qoyulan ekoloji siyasət bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə dövlət başçısının müvafiq sərəncamları ilə təsdiq olunan Dövlət proqramlarının həyata keçirilməsi sahəsində əməli tədbirlər görülür. Bütün bunlar muxtar respublikamızın da əlvan təbiətinin mühafizəsinə əsaslı təminat verir. Ana təbiətin köksünə illər öncə vurulan balta səslərinin yerini yaşıllıqlar qoynunda istirahət edən övladlarımızın şən səsləri əvəz edib.
Qədim çağlardan yurdumuz bağçılıq-meyvəçilik diyarı kimi tanınıb. Ulularımız deyiblər: “Ağacı arx qırağında ək ki, yıxılanda el-obaya körpü olsun”, “Ağaclı kəndi sel basmaz”, “Ağacı çox olan elin məzarı az olar”. Görkəmli təbiətşünas-alim Həsən Əliyevin bu müdrik kəlamı isə daim yaddaşlardadır: “Bəlkə də, toya, yasa və digər mərasimlərə yubanmaq olar. Təbiətə münasibətdə yubanmaq isə yaşamağa yubanmaqdır”. İnsanlıq naminə ağaclara qulluq etmək dinimizdə də savab iş sayılır. Bu barədə hədisi-şəriflərdən birində deyilir ki, bir kimsə bir ağac əkərsə, ağac meyvə verənə qədər onu qoruyub baxarsa, bu ağacdan tökülən hər meyvə Allah qatında o kimsənin sədəqəsi olar. Müdriklərimiz deyiblər: “Ağac əkmək, bağ salmaq hünər deyil, onu qoruyub saxlamağı bacarasan gərək”, “Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar”. Onların bu kəlamlarına əməl edən muxtar respublika sakinləri əsas diqqəti insan əlləri ilə ərsəyə gəlmiş gözəllikləri qorumağa, onlara aqrotexniki qulluq göstərməyə yönəldiblər...
Bu qayğının, bu qulluğun nəticəsidir ki, doğma Naxçıvanımız artıq yaşıllıqlar diyarına çevrilib. Bir vaxtlar yol kənarlarındakı ağacları barmaqla saymaq mümkün idisə, bu gün tamam başqa mənzərənin şahidi oluruq. Təkcə Naxçıvan şəhərinin illər öncəki vəziyyəti ilə bu gününü müqayisə etdikdə qeyd olunan faktlar açıq-aydın göz önünə çıxır. Bu gün magistral yolların kənarlarında əkilmiş meyvə və meşə ağacları bu yollardan keçənlərin zövqünü oxşamaqla bərabər ekoloji təmizliyi də təmin edir.
Yaşıl dünya naminə ağac əkdik
Onu da qeyd etmək yerinə düşər ki, ötən il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində muxtar respublika ərazisində, ümumilikdə, 826,9 hektar sahədə meşəsalma və meşəbərpa tədbirləri görülüb, 311 min ədəddən artıq müxtəlif meyvə və meşə tingləri əkin dövriyyəsinə daxil edilib. Belə ki, 110 hektar sahədə yeni bağları, salınıb, 479,6 hektarda meşəbərpa tədbirləri görülüb, 234 hektar sahədə toxumla əkin, 3,3 hektar sahədə isə yeni toxmacarlıq sahələri yaradılıb.
Ətraf mühitin sağlamlaşdırılmasına dövlət nəzarəti nə qədər güclü olsa da, təbiətin gözəlliklərinin qorunmasında hər kəsin iştirakı vacibdir. Ümumiyyətlə, təbiətin mühafizəsinə ekoloji nəzarəti gücləndirmək bənzərsiz gözəllikləri, – təbiətin saysız-hesabsız nadir incilərini qorumaq deməkdir. Ona görə də insanların ekoloji təfəkkürünün formalaşması, ekoloji mədəniyyətimizin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşıyan maarifləndirmə işləri hər zaman diqqət mərkəzində saxlanılır. Çünki bu, sağlam gələcəyimizin təmin edilməsi üçün vacibdir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər