NAXÇIVAN :

12 May 2026, Çərşənbə axşamı

Tatamidən zirvəyə

...

 Bəzən bir insanın həyat yolu uşaq yaşlarında atdığı kiçik bir addımla, bəzən isə yaxınlarının verdiyi böyük motivasiya ilə müəyyənləşir. Qafar Hüseynov üçün də hər şey səkkiz-doqquz yaşlarında karate zalına daxil olduğu o ilk günlərdən və babasından aldığı ilhamdan başlayır. O zaman, bəlkə də, heç kim təsəvvür etməzdi ki, bu balaca uşaq illər sonra beynəlxalq arenalarda Azərbaycan Bayrağını dalğalandıracaq.

Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində Menecment ixtisası üzrə II kurs tələbəsi olan Qafarın idman bioqrafiyasına nəzər saldıqda sanki bir iradə xronologiyasını vərəqləyirsən. 2018-ci ildən etibarən Naxçıvanın yerli birinciliklərində qazanılan ilk yerlər, zamanla Bakı, Gürcüstan, Bolqarıstan, İran və Türkiyə kimi ölkələrdə keçirilən nüfuzlu turnirlərin medalları ilə əvəz olundu. Xüsusilə 2026-cı ildə 24-26 aprel tarixlərdə İstanbul şəhərində keçirilən “16th Shotokan World Championship” yarışında iştirak edən idmançımız yüksək nəticə göstərir. O Senior Male “Shobu Ippon Kumite (75 kq)” və “Senior Male Shobu Nihon Kumite (75 kq)” kateqoriyalarında mübarizə apararaq hər iki növdə II yerə layiq görülür. İki fərqli kateqoriya üzrə qazanılan dünya ikinciliyi onun illərlə tökdüyü tərin bəhrəsidir.

Lakin onun fəaliyyəti təkcə fərdi qələbələrlə məhdudlaşmır. Qafar bu gün həm də Naxçıvan Dövlət Universitetinin Tələbə İdman Şurasının sədri kimi məsuliyyətli bir vəzifəni icra edir. Şuranın yeni yaradılmasına baxmayaraq, o, gənclər arasında idman ruhunun yayılması və tələbə-idmançıların koordinasiyası istiqamətində aktiv fəaliyyət göstərir. Akademik təhsilini davam etdirən Qafar, həm də beş yaşından yuxarı oğlan və qızlara məşq keçərək öz təcrübəsini gələcəyin çempionlarına ötürür. Onun məşqlərində uşaqlar təkcə özünümüdafiə texnikalarını deyil, həm də qrup daxilində işləməyi və peşəkar idmançı xarakterini öyrənirlər.

Bir insanın həm beynəlxalq dərəcəli idmançı, həm universitetdə tələbə, həm də məşqçi olması kənardan çətin görünə bilər. Lakin Qafar üçün bunun sadə bir formulu var: düzgün planlama.

Çətinlikləri var, amma dərslərimi və məşqlərimi əvvəlcədən bölüşdürürəm, boş vaxtı itirmirəm. Bu rejim həm məsuliyyətimi artırır, həm də daha disiplinli olmağı öyrədir”, deyə o bildirir.

Hətta yarış qabağı həyəcanı belə soyuqqanlılıqla idarə etməyi öyrənən bu gəncin ən böyük gücü özünə olan inamı və hazırlığına verdiyi önəm olduğunu qeyd edir. İkinci dan qara kəmər sahibi olan Qafar üçün karate, sadəcə, bir idman növü deyil, onun xarakterini polad kimi bərkidən, ona nizam-intizam və məsuliyyət aşılayan bir həyat məktəbidir. Bütün uğurlarını, ilk növbədə, müəlliminin dəstəyinə və öz üzərində apardığı davamlı işə borclu olduğunu bildirir. İdmandan kənar vaxtlarında sakitliyə və futbola üstünlük verən Qafarın gələcək hədəfləri isə daha böyükdür. O özünü beynəlxalq miqyaslı arenaların daimi qalibi kimi görmək və Azərbaycanın idman şöhrətini ən uca zirvələrə qaldırmaq üçün hər gün daha böyük əzmlə çalışır.

Səmayə RƏSULOVA

 

Nəşr edilib : 12.05.2026 14:14