Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük ...
01:18 13.11.2026
0
0
0
NAXÇIVAN :
13 Noyabr 2026, Cümə
Tarixdə elə qərarlar var ki, onların əhəmiyyəti qəbul edildiyi günlə məhdudlaşmır, xalqın gələcəyini müəyyənləşdirir. Elə tarixi şəxsiyyətlər də var ki, onların dövlətçilik iradəsi zamanın sərhədlərini aşaraq millətin taleyində əbədi iz qoyur. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olan 12 noyabr – Konstitusiya Günü məhz belə bir tarixi iradənin, siyasi müdrikliyin və milli dövlətçilik düşüncəsinin təntənəsidir.
Hər bir millətin tarixində onun kimliyini müəyyənləşdirən, varlığını qoruyan və gələcəyə aparan müqəddəs dəyərlər vardır. Azərbaycan xalqı üçün müstəqillik bu dəyərlərin ən ucasıdır. Çünki müstəqillik xalqın öz taleyinin sahibi olması, öz torpağında öz iradəsi ilə yaşaması, milli mənliyini və mənəvi varlığını qoruması deməkdir. Lakin müstəqilliyi əldə etmək qədər onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə əmanət etmək də böyük tarixi məsuliyyətdir.
Azərbaycanın müasir dövlətçilik tarixində bu məsuliyyəti öz üzərinə götürən, müstəqilliyin dönməzliyini təmin etmək üçün siyasi iradəsini ortaya qoyan şəxsiyyət Ümummilli Lider Heydər Əliyev olmuşdur.
1990-cı illərin əvvəllərində Azərbaycan mürəkkəb və taleyüklü bir dövr yaşayırdı. Dövlət müstəqilliyi bərpa olunsa da, ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəetmə böhranı, Ermənistanın hərbi təcavüzü və dövlətçiliyin gələcəyinə yönəlmiş təhlükələr müstəqilliyimizin qorunmasını ciddi sınaq qarşısında qoymuşdu. Məhz belə bir tarixi şəraitdə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkənin dövlət quruculuğu prosesində yeni mərhələnin başlanğıcına çevrildi. Ulu Öndər yaxşı bilirdi ki, müstəqilliyin əsl təminatı yalnız siyasi bəyanatlar deyil, möhkəm dövlət institutları, hüququn aliliyi, ictimai sabitlik və xalqın iradəsinə söykənən idarəetmə sistemidir. Müstəqil dövlətin gələcəyi onun hansı hüquqi təməllər üzərində qurulmasından birbaşa asılı idi.
Bu baxımdan, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi böyük siyasi və tarixi hadisə oldu.
Ulu Öndər Heydər Əliyevin Konstitusiya layihəsinin hazırlanması zamanı söylədiyi fikirlər onun dövlətçilik fəlsəfəsinin mahiyyətini aydın ifadə edirdi. O elə bir Konstitusiyanın qəbul edilməsinin vacibliyini vurğulayırdı ki, həmin sənəd müstəqil Azərbaycanın demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin etsin.
Bu yanaşmanın arxasında böyük siyasi uzaqgörənlik dayanırdı. Ulu Öndər Heydər Əliyev üçün Konstitusiya yalnız dövlət hakimiyyətinin fəaliyyətini tənzimləyən hüquqi normalar toplusu deyildi. O, müstəqilliyin qorunmasının, dövlət-vətəndaş münasibətlərinin və gələcək inkişafın əsas istiqamətlərini müəyyənləşdirən tarixi sənəd idi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş Konstitusiyanın mühüm xüsusiyyətlərindən biri dövlət hakimiyyətinin bölünməsi, qanunun aliliyi, insan hüquq və azadlıqlarının müdafiəsi prinsiplərini müstəqil Azərbaycanın hüquqi sisteminin əsasına çevirməsi idi.
Əsas Qanunumuzun ən mühüm müddəalarından biri insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi müəyyən olunmasıdır. Bu prinsip dövlətin mahiyyətinə, onun insan qarşısındakı məsuliyyətinə verilən böyük dəyərin ifadəsidir. Çünki dövlətin qüdrəti yalnız onun iqtisadi imkanları, hərbi gücü və beynəlxalq nüfuzu ilə ölçülmür. Onun həqiqi gücü, eyni zamanda vətəndaşlarının hüquqlarını nə dərəcədə qorumasında, insan ləyaqətinə münasibətində, cəmiyyətdə ədalətə və qanuna inam yaratmasında təzahür edir.
Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətinə nəzər saldıqda milli dəyərlərlə hüquqi dövlət quruculuğu arasında ardıcıl bağlılıq görürük. Hələ sovet hakimiyyəti illərində, 1978-ci ildə Azərbaycan dilinin respublika Konstitusiyasında dövlət dili kimi təsbit olunması istiqamətində nümayiş etdirdiyi siyasi iradə milli kimliyimizin qorunması baxımından mühüm tarixi addım idi. 1995-ci il Konstitusiyası isə müstəqil dövlətin hüquqi əsaslarını müəyyənləşdirməklə bu dövlətçilik düşüncəsinə yeni məzmun qazandırdı. Azərbaycan dili, dövlət rəmzləri, suverenlik, ərazi bütövlüyü və xalq hakimiyyəti kimi fundamental dəyərlər Əsas Qanunumuzda öz konstitusion ifadəsini tapdı.
Bu gün Konstitusiyamızın qəbul edilməsindən 31 il ötür. Ötən müddət ərzində Azərbaycan böyük tarixi sınaqlardan keçmiş, mühüm inkişaf mərhələləri yaşamışdır. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin bərpası xalqımızın dövlətçilik salnaməsində yeni səhifə açmışdır. Bu gün üçrəngli bayrağımızın suveren ərazilərimizin hər bir guşəsində dalğalanması müstəqil Azərbaycan dövlətinin tarixi nailiyyətidir. Bu mənzərə həm də Konstitusiyamızın təməlində dayanan suverenlik və ərazi bütövlüyü prinsiplərinin həyati əhəmiyyətini bir daha nümayiş etdirir.
Müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi istiqamətində Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xətti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni tarixi şəraitdə davam etdirilmiş, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə mühüm nəticələr əldə olunmuşdur. Konstitusiyamızın qəbulunun ildönümünü artıq torpaqlarımızın işğaldan azad edildiyi, dövlət suverenliyimizin bütün ölkə ərazisində bərpa olunduğu bir dövrdə qeyd edirik. Bu, Azərbaycan dövlətçiliyinin müasir tarixində xüsusi məna daşıyır.
Lakin Konstitusiyanın mahiyyəti yalnız dövlət müstəqilliyinin və suverenliyin hüquqi təminatı ilə məhdudlaşmır. O, eyni zamanda hər bir vətəndaşın gündəlik həyatında özünü göstərməli olan ali dəyərlər sistemidir. Bir insanın hüququnun qorunması, bir vətəndaşın müraciətinin qanunla müəyyən edilmiş qaydada araşdırılması, ailənin sosial müdafiəsi, gəncin təhsil hüququndan istifadə etməsi, hər kəsin ədalətli məhkəmə araşdırması hüququnun təmin olunması Konstitusiyanın cəmiyyət həyatındakı real ifadəsidir.
Konstitusiyanı yaşadan yalnız onun maddələri deyil, həmin maddələrə münasibətimizdir. Qanuna hörmət, hüquqa sədaqət, vətəndaşa diqqət və dövlət qarşısında məsuliyyət konstitusion dəyərlərin gündəlik həyatdakı təzahürüdür.
Bu mənada, Konstitusiya yalnız dövlət orqanlarının deyil, bütövlükdə, cəmiyyətin hüquqi mədəniyyətini müəyyən edən sənəddir. Hər bir vətəndaşın öz hüquqlarını bilməsi, başqalarının hüquqlarına hörmət etməsi, qanun qarşısında məsuliyyətini dərk etməsi güclü dövlətin mənəvi dayaqlarındandır. Xüsusilə gənc nəslin konstitusion dəyərlər ruhunda yetişməsi, milli dövlətçilik ənənələrini mənimsəməsi və müstəqilliyin tarixi qiymətini dərk etməsi gələcəyimiz baxımından mühüm əhəmiyyət daşıyır. Çünki müstəqilliyin gələcəyi onu miras alan nəsillərin dövlətçilik şüurundan, hüquq mədəniyyətindən və milli məsuliyyət hissindən asılıdır.
12 noyabr – Konstitusiya Günü bizə bir daha xatırladır ki, dövlətçilik yalnız keçmişdən miras aldığımız tarixi sərvət deyil, hər gün qorumağa və inkişaf etdirməyə borclu olduğumuz böyük məsuliyyətdir. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan 1995-ci il Konstitusiyası xalqımızın müstəqil yaşamaq iradəsinin, milli dövlətçilik düşüncəsinin və gələcəyə inamının hüquqi ifadəsi kimi tariximizdə özünəməxsus yer tutur.
Dövlətlərin tarixi yalnız qazandıqları qələbələrlə deyil, yaratdıqları və yaşatdıqları dəyərlərlə də yazılır. Azərbaycan Respublikasının Konstitusiyası da Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinin ən mühüm səhifələrindən biri, müstəqilliyimizin hüquqi təməlidir.
Bu gün bizim mənəvi və vətəndaşlıq borcumuz həmin dəyərləri qorumaq, qanunun aliliyini həyatımızın ayrılmaz prinsipinə çevirmək və gələcək nəsillərə daha güclü hüquqi dövlət ənənələri ötürməkdir. Çünki Konstitusiya dünənimizin dövlətçilik yaddaşı, bu günümüzün hüquqi dayağı, sabahımızın isə təminatıdır.
Əziz QASIMOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər