9-cu siniflərin buraxılış imtahanının şəhər və ray...
16:15 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Ailə arxivimdən tapdığım bir arayışda yazılıb:“Bu arayış Əliyeva Surə Maqsud qızına ona görə verilir ki, oğlu Əliyev Seyfəddin Müzəffər oğlu 1940-41-ci tədris ilində Əbrəqunus rayonunun Qazançı kəndində 7 illik orta məktəbdə müəllim işləmiş və 645 rubl dəyərində məvacib almışdır”.
Ana babam Seyfəddin Zəngəzur mahalının, o cümlədən Comərdli kəndinin əksər sakinləri kimi erməni zülmündən Naxçıvana pənah gətirənlərdən idi. 1918-ci il soyqırımından başlanan qaçqınlıq həyatı zəngəzurluların bir qisminin dağların bu biri üzündə məskunlaşmasına səbəb olmuşdu. Culfa, Ordubad və Şahbuzu dövrələyən Zəngəzur sıra dağları övladlarına körpü olmuş və bu yolla Naxçıvanda məskunlaşan, ömrünü Naxçıvana bağlayan zəngəzurluların sayı artmış, onlar adıçəkilən bölgələrin kəndlərində, o cümlədən Qazançıda yaşayışlarını davam etdirmişlər. Bu gün Qazançıda zəngəzurluların Kərbəlayı İsmayıllılar, Hacılılar, Allahqulular, Əlirzalılar, Cinnilər tayfalarından olan törəmələri yaşamaqdadırlar.
Bununla belə Qazançı Culfanın köklü kəndlərindən biridir. “Naxçıvan diyarının yer yaddaşı” kitabında bu yaşayış məntəqəsinin qədim türkmənşəli bulqarların Kazan tayfasının məskunlaşması nəticəsində yaranması qeyd olunub. Tarixin bəlli dönəmlərində burada ermənilər də yaşamış və tarixin izlərinə ciddi ziyan vurmuşlar ki, biz bu barədə də yazacağıq. Türkmənçay müqaviləsindən sonra Azərbaycan torpaqlarına məqsədyönlü şəkildə köçürülən ermənilər seçim olaraq bu yurdun ən səfalı və tarixi kəndlərini hədəfləmişlər. Müqavilənin şərtlərinə görə İrandan Azərbaycana köçürülən erməni əhalisinin bir hissəsi – 1051 nəfər Əlincəçay mahalının Güznüt, Qızılca, Əbrəqunus, Kırna, Bənəniyar, Göydərə, Qazançı, Ərəzin, Saltaq, Paradaş, Gal və başqa kəndlərində yerləşdirilmişdir. Yaşamaq üçün zamanla havadarlarının əli ilə Azərbaycandan qopardıqları torpaqlarda yermi yox idi? Əlbəttə, var idi. Təbii ki, məqsəd yaşamaqdan ziyadə çörəyini yeyib, suyunu içdikləri torpaqları tədricən özününküləşdirmək və “böyük Ermənistan” xülyasını gerçəkləşdirmək idi...
Sorağı uzaq keçmişdən gələn yurd yeri
Qazançı Əlincəçay mahalında, Əlincəçayın sağ sahilində rayon mərkəzindən, təxminən, 43 kilometr şimalda yerləşir. Xanəgahla Milax arasındakı bu yaşayış məntəqəsi dağlarla əhatələnmiş, bulaq suları ilə rövnəqlənmişdir. Səfalı yurd yeri Böyük İpək Yolunun üzərində yerləşdiyindən burada yaşı qədimlərə dayanan körpülərin sayı çox olmuşdur. Körpülərdən 4-nün hazırda qalıqları mövcuddur. Kəndin cənub tərəfində, Əlincəçayın üzərində Şərq memarlıq üslubunda inşa olunmuş və günümüzədək qismən salamat gəlib çıxmış biraşırımlı körpü Azərbaycan memarlığının möhtəşəm nümunələrindən sayılır.
Tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Böyük İpək Yolu və Naxçıvan” kitabında qeyd edir ki, Böyük İpək Yoluna xidmət edən bu körpü vasitəsilə vaxtilə Qazançı kəndindən şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçirdi. Bu körpü quruluşuna görə el arasında “Qozbel körpü” adı ilə məşhurdur.
Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin elmi katibi M.Mirheydərzadə 1930-cu ildə nəşr etdirdiyi “Əbrəqunus dairəsi məşhur Əlincə çayı sahilində vaqe bir neçə kəndlərin və Əlincə qalasının tədqiqi” məqaləsində Qazançı kəndi haqqında bəhs edərək yazır: “Qazançı kəndi 107 evdir. Kişisi 130, qadını 117, uşaqları 147 nəfərdir. Qazançı kəndi ehtimal var ki, Qazan xanın adı ilə adlanmış ola...”
Rəvayət, yoxsa həqiqət?
“Qazançı” sözünün mənasına gəlincə tədqiqatçıların fərqli yanaşmaları vardır. Lakin Naxçıvan ərazisində geniş yayılmış Qazangöl aşırımı, Qazan yurdu, Qazandağ, Babək rayonundakı Qazan yaylağı, Qazan yurdu, Qazan bulaq, Qazan yoxuşu və digər Qazan köklü toponimlər “Kitabi-Dədə Qorqud” dastanının baş qəhrəmanı Qazan xanın adı ilə bağlılığı ehtimalını daha da artırır. Filologiya elmləri doktoru Adil Bağırov da, nəticə etibarilə, yaşayış məntəqəsinin adının Qazan xanla əlaqəli olduğu qənaətinə gəlir.
Kəndin yaşlı sakinlərindən, hazırda təqaüddə olan müəllim Zakir Həsənovun da eşitdikləri və bizə danışdıqları maraq doğurur: “Təxminən, 7-ci sinifdə oxuyardım. Kəndimizə Sirabdan yaşlı bir kişi qonaq gəlmişdi. O danışırdı ki, mənim ulu babam Qazan xanın nəslindəndir və bu kənddə doğulub. Berdi dağının ətəyində yaşayış yeri olub. Beyrəyi o dağın ətəyinə köçürüb. Bayanduru Ballı dağı var, ora köçürüb, mənim ulu babamı da Məzrə yaxınlığına köçürüb. Sonrakı dövrdə həmin nəslin nümayəndələri Sirabda məskunlaşıblar”.
Xalq arasında yayılan hər bir rəvayətin əsasında, əslində, gerçək bir tarix dayanır. Onu da xatırladaq ki, “Qazançı” toponimi tək muxtar respublika ərazisində deyil, ölkənin bir sıra bölgələrində də mövcuddur. İrəvan xanlığının Vedibasar mahalının, eləcə də Zəngilanın Qazançı kəndini misal gətirmək olar. Əlbəttə ki, adıçəkilən ünvanlar əlaqəsiz deyil.
Sındırılan qoçlar
Zakir Həsənov deyir ki, kənddə vaxtilə 4 qəbiristanlıq salınıb. Demək, burada tayfalar olub. Hər tayfanın da öz qəbiristanlığı. Qəbiristanlıqda daş sənduqələr, qoçlar var idi. Sənduqələrin üzərində ölən şəxsin sənətini əks etdirən – dərzi, çoban və sair motivlər cızılmışdı. Biz onda uşaq idik. Ermənilər deyirdilər ki, bu daşların içində qızıl var. İnanıb sındırırdıq. Daha anlamırdıq ki, biz öz əlimizlə tarixin izlərini itiririk. Bir təpə var idi. Orada guya 1800-cü illərdə dünyasını dəyişən ermənilər dəfn olunmuşdu. Hər halda başdaşlarında erməni əlifbası ilə belə yazılmışdı. Sonra qaldırıb baxdıq ki, sən demə, boş ərazi imiş, bunlar tarix yazıb başdaşı qoyublar ki, yəni biz burada əzəldən yaşamışıq...
Sonra mən universiteti bitirib kəndə müəllim kimi qayıdanda o qoçları, daşdan gül qabları, kənd ərazisində geniş yayılan daş hovuzları gətirib məktəbin həyətində muzey yaratdıq. Sonrakı illərdə həmin nümunələr Naxçıvan şəhərində yaradılan Açıq Səma Altında Muzeyə daşındı. İndi də orada qorunub saxlanılır. Və kəndimizin tarixiliyini göstərən daha bir abidə – Qazançı qalası da erməni fitnəkarlığının qurbanı oldu. Deyərdim ki, Qazançı qalası Naxçıvanda mövcud olan qalaların içərisində, bəlkə də, ən möhtəşəmi idi. Həmin o yaşlı kişi nəql edirdi ki, bu qala Qazan xanın müdafiə qalası imiş.
Erməni fitnəkarlığının qurbanı – Qazançı qalası
Akademik İsmayıl Hacıyevin “Culfa rayonunun tarixi” kitabında oxuyuruq: “Qazançı qalası e.ə. III-I minilliklərə aid dünya əhəmiyyətli tarixi-arxeoloji abidədir. Ehtimal edilir ki, Qazançı qalası e.ə. II minilliyin əvvəlində Əlincəçay vadisində yaşamış iri tayfa birliyinin mərkəzi olmuşdur. Qala divarlarının tikinti texnikası Oğlanqaladakı kimidir”.
Əlincəçayın sağ və sol sahillərinə qədər uzanan 20 hektardan artıq ərazini əhatə edən qaladan indi cüzi bir əsər qalıb. Qala 1985-ci ildə bənd tikintisi adı ilə erməni mühəndisləri tərəfindən hazırlanmış layihə əsasında partladılaraq dağıdılıb. Həmin dağıntılar tariximizə əl uzadan erməni fitnəkarlığının bariz nümunəsi kimi qalmaqdadır.
“Tarixə vurulan yara”
“Kommunist” qəzetinin 13 noyabr 1987-ci il tarixli sayında Azərbaycan SSR EA Tarix İnstitutunun Yeni tikinti sahələrinin arxeoloji tədqiqi şöbəsinin müdiri, tarix elmləri doktoru Rəşid Göyüşovun “Tarixə vurulan yara. Mədəniyyət abidələrinə cinayətkar biganəlik nəticəsində Qazançı qalası partladılmışdır” sərlövhəli məqaləsi diqqətimizi çəkir. Qalanın dağıdılmasına etirazını bildirən müəllif ölkəmizin ərazisində ibtidai icma quruluşunun dağılması və son dərəcə mürəkkəb sosial dəyişmə olan sinifli cəmiyyətin, bütövlükdə isə dövlətin yaranması prosesini özündə təcəssüm etdirən ən nadir abidələrdən biri kimi qiymətləndirir. Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə qoruq elan olunmuş “Qazançı” vaxtilə məşhur Əlincə qalasını şərq cinahından müdafiə edən mühüm hərbi-strateji məntəqə sayılırdı. Qazançı qalası sakinlərinin yüksək mədəniyyəti və zəngin iqtisadi imkanları olub. Partlayış zamanı üzə çıxmış maddi mədəniyyət qalıqları bu əvəzsiz abidənin, təxminən, 3500-4000 il əvvəl Naxçıvan mahalının iqtisadi, siyasi və mədəni həyatında nə qədər yüksək mövqe tutduğunu sübut edir”.
Çox təəssüf ki, bu qədər mühüm əhəmiyyət daşımış qalanın möhtəşəmliyi, əzəməti haqqında indi yalnız mənbələrdən oxuyuruq...
Aşağı Anzır kəndinin şimalında, Qazançı kəndinin cənub-şərqində olan tarixi-arxeoloji abidə Berdi qalasıdır. Qala təbii qayanın üzərindədir, həm də hər tərəfdən sıldırım qayalarla əhatə olunmuşdur. Qala ilə üzbəüz aşağı hissədə qədim yaşayış yerinin qalıqları qalmaqdadır. Ərazidə tək salamat qalan daş hovuzdur.
Yeni dövrün Qazançısı
Bir çox tarixi hadisələrin və acı gerçəklərin şahidi olmuş Qazançı bu gün öz inkişaf dövrünü yaşayır. 2018-ci ildə kənddə kompleks quruculuq işləri aparılıb. Təmiz havası, dupduru bulaq suları, füsunkar mənzərəsi və yaradılan şərait gənc ailələrin yaşaması, məskunlaşması üçün Qazançı kəndini ideal ünvana çevirib.
Qazançı məktəbi ötən illər ərzində müxtəlif peşə sahibləri, ziyalılar yetişdirib. Bununla belə vətənpərvərlik bu təhsil ocağının əsas qayəsi olub. İstər Birinci, istər İkinci Qarabağ müharibəsində, Vətənin dar günündə harayına yetişən oğulları olub Qazançının. Məktəbin foyesində qəhrəman döyüşçülərin fotolarından ibarət guşə yaradılıb. Gənc nəsil örnək alsın, yaşadığı torpağını göz bəbəyi kimi qorusun deyə.
Kəndin adamlarının əsas güzəranı torpaqdandır. Qazançının ucsuz-bucaqsız çölləri burada taxılçılığın və əkinçiliyin müxtəlif sahələrinin inkişafına zəmin yaradıb. Digər əsas məşğuliyyətlər sırasına heyvandarlıq və qismən də bağçılıq daxildir.
Qazançının tarixinə nəzər saldıq, Qazançı qalasından kəndin füsunkar mənzərəsini seyr etdik. Düşündük ki, elə torpağına bağlı olan, yaşadığı kəndin təbiətinə rəng qatan, varlığı ilə kənd həyatını sönməyə qoymayan hər bir insan da özlüyündə qaladır. Tarixə sayğı, tarixə işıq salan insanlara sevgi ilə.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər