Ceyhun Bayramov: Əfsuslar olsun ki, Ermənistanda h...
14:10 10.05.2026
0
0
0
NAXÇIVAN :
10 May 2026, Bazar
“Mən azərbaycanlıyam!” deyəndə ilk xatırlanan şəxs Ulu Öndər Heydər Əliyevdir. Çünki müasir Azərbaycan dövlətinin hər sütununun təməli Onun zəhməti, yuxusuz gecələri, mübarizəsi ilə qurulub. Dahi şəxsiyyət Heydər Əliyev sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrdə gördüyü işlərlə xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı. Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub. Bu gün Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək onların milli istinad mənbəyinə çevrilib.
Ən böyük xilaskar, ən böyük azərbaycanlı
Azərbaycan dövləti 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul etməklə öz suverenliyini bütün dünyaya bəyan etdi. Lakin sonrakı illər ölkənin müstəqilliyi və dövlətçiliyi üçün ciddi sınaqlarla yadda qaldı. Həmin dövrdə Azərbaycanın ərazi bütövlüyünə qarşı təcavüz siyasəti aparılır, ölkə daxilində isə siyasi böhran, idarəetmədə səriştəsizlik və anarxiya halları hökm sürürdü. Bütün bunlar gənc dövlətin mövcudluğunu ciddi təhlükə qarşısında qoyurdu. Həmin dövrdə bir tərəfdən mənfur qonşumuz Ermənistan separatçılıq siyasəti yürüdərək ərazi iddiası ilə Azərbaycanı müharibəyə cəlb etmiş, digər tərəfdən isə yeni yaradılmış suveren dövlətə məsuliyyətsiz şəxslər rəhbərlik edirdi.
Belə vəziyyət cəbhədə gərginliyi daha da artırmaqla yanaşı, hakimiyyət uğrunda mübarizəni də qızışdırırdı. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri havadarlarının köməyi ilə Qarabağdan azərbaycanlıları zor gücünə qovur və etnik təmizləmə aparırdı. Hakimiyyətdə olanlar isə xalqı səfərbər edib bunun qarşısını ala biləcək tədbirlər görmək gücündə deyildilər və aciz durumda idilər. Digər tərəfdən isə ölkə daxilində hakimiyyət uğrunda çəkişmələr vətəndaş müharibəsinə çevrilmişdi. 1993-cü ilin yayında vəziyyət fəlakət həddinə çatanda, belə ağır bir zamanda xalq ümid dolu nəzərlərini dahi şəxsiyyət Heydər Əliyevə, Onun həmin dövrdə yaşayıb fəaliyyət göstərdiyi Naxçıvan torpağına çevirdi.
Azərbaycan xalqının iradəsi və təkidi ilə təcrübəli dövlət xadimi, görkəmli siyasətçi Heydər Əliyev müstəqil dövlətimizin uçurum qarşısında qaldığı bir vaxtda yenidən ölkənin siyasi hakimiyyətinə qayıtdı. Millətin sönməkdə olan müstəqillik arzuları canlandı, xalqımızda bu günə inam, sabaha ümid yarandı. 1993-cü ilin iyun ayında Ali Sovetin Sədri seçilən Heydər Əliyev xalq qarşısında çıxış edərək mövcud dövlət böhranının aradan qaldırılmasının yollarını, müstəqil Azərbaycan dövlətinin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, uzun sürən daxili çəkişmələrdən sonra ölkədə ilk dövrlərdə kövrək olsa da, ictimai-siyasi sabitlik yarandı. Sonrakı dövrdə yaşananlar isə dövlətimizin güclənməsinə səbəb olmaqla yanaşı, atəşkəsin imzalanmasına şərait yaratdı.
Cənubi Qafqaz regionunda müharibənin dayanması və sabitliyin yaranması xarici neft şirkətlərinin Azərbaycana inamını artırdı və 1994-cü ilin sentyabrında ARDNŞ-lə dünyanın aparıcı neft şirkətləri arasında respublikamızda iqtisadi tərəqqinin əsasını qoymuş “Əsrin müqaviləsi” imzalandı.
Azərbaycanda iqtisadi tənəzzülü cilovlamaq, ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev tərəfindən bu taleyüklü addımlar atılmasaydı, Azərbaycan dövlətini yaratmaq da, bu gün ölkəmizin ərazi bütövlüyünü erməni faşizmi üzərində əldə olunmuş möhtəşəm qələbə ilə təmin etmək də mümkün olmayacaqdı. Bu gün müasir müstəqil Azərbaycanın taleyini Ümummilli Lider Heydər Əliyevin taleyindən ayrılıqda təsəvvür etmək mümkün deyil. Heydər Əliyev bütün zamanların ən böyük azərbaycanlısı və Azərbaycanın ən böyük xilaskarıdır.
Zəfərə və tərəqqiyə aparan yol – Heydər Əliyev yoludur
Həyatını Azərbaycan xalqına həsr edən müasir Azərbaycanın memarı Heydər Əliyev Vətənin ən çətin dövrlərində dövlət sükanını ələ alaraq ölkəni vətəndaş müharibəsindən xilas etdi, müstəqilliyini qorudu. O, Azərbaycan xalqının birliyini təmin etdi, “Azərbaycançılıq” ideyasını inkişaf etdirdi. Bugünkü bütöv Azərbaycan da məhz Onun əsəridir. Bu səbəblə görkəmli dövlət xadimi Heydər Əliyev xalq tərəfindən “Ən böyük azərbaycanlı” olaraq qəbul edilir. Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, möhtəşəm tarixi qələbə qazanan Azərbaycan Ulu Öndərin ideyalarına uyğun olaraq gündən-günə daha da inkişaf edəcək və getdikcə daha qüdrətli, daha firavan bir ölkəyə çevriləcək.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – bu kəlamları Ulu Öndərin dilindən eşidəndə hər bir kəs qürur duyur öz Vətəni ilə. Və bu gün dünyanın müxtəlif yerlərində yaşayan 50 milyondan çox azərbaycanlı qalib, bütöv Azərbaycanı ilə fəxr edir, azərbaycanlı olmağı ilə qürur duyur.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər