NAXÇIVAN :

06 Dekabr 2025, Şənbə

Tarixi zəfərin davamı: Konstitusiya, suverenlik və milli qürur

...

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizin müasir dövlətçilik tarixində mühüm əhəmiyyət kəsb edir. Bu təşəbbüs müstəqil Azərbaycanın hüquqi, siyasi və milli ideoloji əsaslarının daha da möhkəmləndirilməsinə, vətəndaşların dövlətçilik dəyərlərinə bağlılığının artırılmasına xidmət edir.

Zəfərin möhürlədiyi suverenliyimizi 2025-ci ildə “Konstitusiya və Suverenlik İli” kimi qeyd etmək, əslində, gələcək üçün bir vəsiyyətdir. Bu bizə Konstitusiyanın ruhunu, torpaqlarımızın bütövlüyünü qorumağın nə demək olduğunu şəxsən dərk etməyi, mübarizənin əsl sahiblərini unutmamalı olduğumuzu və bu müqəddəs dəyərləri gələcək nəsillərə təcrübə kimi ötürməyi tələb edir.
“Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə dövlətimiz rəsmi şəkildə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edildi və müstəqil respublika statusu bərpa olundu.
Ulu Öndər Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyi tam bərqərar etməsi, hüquqi qaydaların möhkəmlənməsi və dövlət çevrilişi cəhdlərinin xalqın dəstəyi ilə qətiyyətlə qarşısının alınması Azərbaycanın Əsas Qanununun – Konstitusiyanın qəbulu üçün real şərait yaratdı. Keçən əsrin 90-cı illərinin mürəkkəb dövründə demokratik inkişaf və hüquqi dövlət quruculuğu yalnız yeni Konstitusiyanın qəbulu ilə mümkün ola bilərdi. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 2 may tarixli Qərarı ilə Ümummilli Lider Heydər Əliyevin Sədrliyi altında 34 nəfərdən ibarət Konstitusiya Komissiyası təsis edildi. Komissiyanın 1995-ci il iyunun 5-də keçirilən ilk iclasında Ulu Öndər vurğulamışdı: “Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunların hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”. 
Məhz Konstitusiyanın qəbulu ölkəmizdə aparılan genişmiqyaslı islahatların əsası oldu. Əsas Qanunda Azərbaycanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaşların layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin olunması kimi ali məqsədlər öz əksini tapdı.
2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar da məhz bu hüquqi bazaya söykənərək ölkənin sosial, iqtisadi və siyasi inkişafını təmin etdi. Azərbaycan Respublikası Konstitusiyasının qəbulundan sonra hüquqi dövlət quruculuğunun əsas prioritetlərindən biri yeni hüquq sisteminin formalaşması və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi idi. Bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin, bilavasitə, rəhbərliyi altında 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaradıldı və 1997-ci ildə “Məhkəmələr və hakimlər haqqında” yeni Qanun qəbul edildi. Bu köklü islahatların nəticəsi olaraq sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən etibarən üçpilləli, müstəqil məhkəmə sistemi təsis edildi, hakim korpusunun təzələnməsi və müstəqil özünüidarə orqanı kimi Məhkəmə-Hüquq Şurasının yaradılması isə bu mütərəqqi islahatların hüquqi dayanıqlığını təmin etdi.
Əsas Qanun hüquqi dövlət quruculuğunun təməlini qoymaqla yanaşı, ölkədə konstitusiya nəzarəti institutunun – Konstitusiya Məhkəməsinin təsis edilməsinə də əsas yaratdı. Bu ali hüquqi sənədin qəbulundan sonra, qanunvericilik prosesində konstitusiya prinsiplərinin qorunması və vətəndaşların əsas hüquq və azadlıqlarının təminat altına alınması baxımından Konstitusiya Məhkəməsinin yaradılması əlamətdar hadisə olmuşdur. Məhkəmə 1998-ci ildən fəaliyyətə başlayaraq Azərbaycanın hüquq sistemində mühüm boşluğu doldurmuş, hüququn aliliyini təmin edən əsas institutlardan birinə çevrilmişdir.
Konstitusiyamızın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Azərbaycan Respublikasının suverenliyi dövlətimizin əsas konstitusion prinsiplərindən biridir. Suverenlik ölkənin daxili və xarici siyasətini müstəqil şəkildə həyata keçirmək, öz gələcəyini sərbəst müəyyən etmək hüququnu ifadə edir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. 
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, bununla da Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli, 294 nömrəli Sərəncamına əsasən sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.
Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, eləcə də 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycan Respublikasının suverenliyini daha da möhkəmləndirmiş, Azərbaycan suverenliyini yalnız siyasi müstəvidə deyil, həm də iqtisadi, hərbi və mənəvi sahələrdə təmin edən güclü və müasir dövlətə çevrilmişdir. Bu gün Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuz, ərazi bütövlüyümüzün tam bərpası və müstəqil siyasət yürütmək bacarığı məhz suverenlik prinsipinin real təzahürüdür. Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır. Xalqın birliyi, dövlətin qətiyyətli siyasəti və ordumuzun qüdrəti nəticəsində əldə olunan bu qələbə suverenliyin ən parlaq təcəssümüdür.

Müşfiq HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədr müavini 

 

Nəşr edilib : 12.11.2025 09:10