NAXÇIVAN :

04 Sentyabr 2026, Cümə

Tarixi-memarlıq irsimizin yaşadılması baxımından əlamətdar hadisə

...

Avqustun 11-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfəri çərçivəsində Möminə xatun türbəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olmaları qədim diyarın zəngin tarixi-memarlıq irsinə göstərilən yüksək diqqətin daha bir parlaq ifadəsidir. Əsrlərin yadigarı olan bu möhtəşəm abidənin qorunaraq gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərlə yanaşı, səfər çərçivəsində böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin Naxçıvan şəhərində ucaldılmış abidəsinin açılışının keçirilməsi də tarixi-memarlıq irsimizin yaşadılması baxımından əlamətdar hadisə kimi yadda qaldı.
Tarixin daş yaddaşında özünəməxsus iz qoyan Möminə xatun türbəsində aparılan bərpa işlərinin mahiyyəti və qarşıya qoyulan məqsədlərlə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Pərvin Həsənov “Şərq qapısı”na müsahibəsində ətraflı məlumat verib. 
Pərvin Həsənov bildirib ki, Möminə xatun türbəsinin bərpası muxtar respublikanın tarixi-memarlıq abidələrinin qorunması ilə bağlı həyata keçirilən tədbirlər sırasında xüsusi yer tutur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Pro­qramında da abidənin bərpası   nəzərdə tutulub.
O qeyd etdi ki, türbənin memarlıq xüsusiyyətləri və tarixi əhəmiyyəti nəzərə alınaraq Avstriyanın “Ateiler Erich Pummer GmbH” şirkəti ilə 2024-cü ildə müqavilə bağlanılıb. Aparılan işlər çərçivəsində abidənin mövcud vəziyyəti hərtərəfli tədqiq edilib, qiymətləndirmə və ölçmə işləri həyata keçirilib. 2025-ci ildə bərpa-konservasiya işlərinin aparılması üçün 1 milyon manat vəsait ayrılıb. Həmin il işlərin davam etdirilməsi məqsədilə şirkətlə, təxminən, 1,95 milyon avro dəyərində müqavilə bağlanılıb.
Pərvin Həsənovun sözlərinə görə, 2026-cı ildə də bərpa işlərinin davam etdirilməsi üçün 9 milyon 566 min manat vəsait ayrılıb və şirkətlə, təxminən, 3,9 milyon avro dəyərində yeni müqavilə imzalanıb. Hazırda türbənin bərpası ilə yanaşı, damının yenidən qurulması, məqbərədəki mövcud əyilmənin ölçülməsi və nəzarətdə saxlanılması, həmçinin drenaj sisteminin qurulması istiqamətində işlər görülür.
Möminə xatun türbəsinin qorunması və bərpası ilə bağlı görülən işlər abidənin yalnız tarixi deyil, memarlıq baxımından da əhəmiyyətini bir daha önə çıxarır. 
Əcəmi Naxçıvaninin əsərlərinin özünəməxsus xüsusiyyətləri, yaratdığı memarlıq məktəbi və bu irsin müasir şəhər mühitində yaşadılması barədə Naxçıvan Dövlət Universitetinin Memarlıq kafedrasının dosenti, memarlıq üzrə fəlsəfə doktoru Gülnarə Qənbərova fikirlərini “Şərq qapısı” qəzeti ilə bölüşüb.
Onun sözlərinə görə, Naxçıvan qədimliyi və zəngin tarixi-memarlıq abidələri ilə seçilən şəhərlərimizdəndir. Bu irsin ən qiymətli nümunələri sırasında Əcəmi Naxçıvaninin əsərləri xüsusi yer tutur. Aradan 900 ildən çox vaxt keçməsinə baxmayaraq, böyük memarın yaradıcılığı həm Azərbaycan, həm də İslam və Şərq memarlığı tarixində öz əhəmiyyətini qoruyub saxlayır.
Gülnarə Qənbərova qeyd edib ki, Əcəmi Naxçıvaninin şah əsərlərindən biri olan Möminə xatun türbəsi memarlıq quruluşu, konstruktiv və riyazi həlləri, eləcə də zəngin ornamentləri ilə seçilir. Abidədə Əcəminin dövrünü qabaqlayan memarlıq düşüncəsini əks etdirən mühüm elementlərə rast gəlinir. Xüsusilə sərdabə hissəsində nervürlü tağların tətbiqi və səthlərdə mürəkkəb həndəsi kompozisiyaların işlənməsi onun yüksək sənətkarlıq və mühəndislik qabiliyyətini nümayiş etdirir.
O vurğulayıb ki, Əcəmi Naxçıvani İslam memarlığının klassik üslub xüsusiyyətlərini yerli memarlıq və bədii ənənələrlə məharətlə birləşdirərək özünəməxsus memarlıq dili yaradıb. Onun Naxçıvan ərazisindəki digər əsərlərində, o cümlədən Cümə məscidinin günbəz hissəsində və qoşa minarəli baştağlarında da bu yenilikçi yanaşmanın izlərini görmək mümkündür. Əcəmi Naxçıvaninin irsi yalnız keçmişin yadigarı deyil, bu gün də şəhərin memarlıq simasının formalaşmasında mühüm mənəvi və estetik mənbədir. Naxçıvanın müasir şəhərsalma prosesində tarixi irsin qorunması ilə yenilənən şəhər mühitinin uzlaşdırılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
“Əcəmi Naxçıvaninin irsinin şəhərin müasir siması ilə vəhdətdə təqdim olunması onun yaradıcılığının yeni nəsillərə çatdırılması baxımından da əhəmiyyətlidir. Böyük memarın abidəsinin şəhər mərkəzində ucaldılması bu irsin yaddaşlarda yaşadılması ilə yanaşı, gənclərdə memarlıq və mühəndislik sahələrinə marağın formalaşmasına, Naxçıvanın tarixi-mədəni və turizm potensialının daha geniş tanıdılmasına da töhfə verə bilər”, – deyə Gülnarə Qənbərova əlavə edib.
Əcəmi Naxçıvaninin memarlıq irsinin bu gün də şəhərin simasında yaşadılması onun yeni abidəsinin ideyasında da öz əksini tapıb. Abidənin şəhər mühitinə uyğunlaşdırılması, kompozisiya həlli və yaradılmasında qarşıya qoyulan məqsədlərlə bağlı layihə müəlliflərindən biri olan, Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin sədri Heydər Əhmədov danışıb.
Heydər Əhmədovun sözlərinə görə, abidənin yaradılmasında əsas məqsəd Əcəmi Naxçıvaninin zəngin irsini yalnız tarixi keçmişin yadigarı kimi deyil, müasir şəhər mühitinin bir parçası kimi təqdim etmək olub. Abidənin Əcəmi seyrangahında yerləşdirilməsi də təsadüfi deyil. Böyük memarın adını daşıyan məkanda onun özünün heykəlinin ucaldılması Əcəmi ilə Naxçıvanın memarlıq yaddaşı arasında mənəvi bir bağ yaradır.
O qeyd edib ki, abidənin kompozisiyasında Əcəmi Naxçıvaninin şəxsiyyəti və memarlıq irsi əsas götürülüb. Bürüncdən hazırlanan heykəl bütöv Tokovski qranitdən hazırlanmış postament üzərində ucaldılıb və ümumi hündürlüyü 3 metr 85 santimetrdir. Layihənin hazırlanması və heykəlin ucaldılması qısa müddətdə həyata keçirilib. Onun fikrincə, bu abidə Əcəmi Naxçıvaninin adının şəhərin memarlıq yaddaşında daha da möhkəmlənməsinə və gələcək nəsillərin böyük sənətkarın irsi ilə daha yaxından tanış  olmasına xidmət edəcək.
Görülən işlər Naxçıvanın zəngin memarlıq irsinin qorunması və müasir şəhər mühitində yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır. Möminə xatun türbəsinin bərpası və Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması böyük memarın irsinin gələcək nəsillərə çatdırılması ilə yanaşı, Naxçıvan memarlıq məktəbinin zəngin ənənələrinin daha geniş şəkildə tanıdılmasına da imkan yaradır.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 04.09.2026 17:23