NAXÇIVAN :

07 Dekabr 2025, Bazar

Tarixə söykənən Cəlilkənd

...

Cəlil Məmmədquluzadənin “Çay dəstgahı” alleqorik dramının remarkasına diqqət etsək, kəndlərdə bizi kresloda əyləşən samovar, stullarda stəkan, qaşıq, podnos və yaxud oturan çaynik qarşılamır. Biz də, öz növbəmizdə, müqəssirin kim olduğunu axtarmağa yox, kəndlilərdən “Nicat yolu haradadır?” sualına cavab tapmaq üçün, adətən, uzaq diyarlara yollanırıq. Bu minvalla magistral yolun kənarında yerləşən, sanki zamanın içində itib gedən, tarixə ünü çatdığı qədər “əl” uzadan Cəlilkəndə üz tuturuq. Yol kənarında yerləşən kəndlərin, adətən, başqa bir susqunluğu olur, başqa bir düşüncəyə insanı sövq edən səssizliyi var: burada yolun səsi var, kəndin isə səssizliyi. Gözəgörünməz bir təvazökarlıqla gizlənmiş bir kənd düşünün: avtomobillər sürətlə yanından keçir, amma heç kim bu kəndin nəbzini eşitmir.
Cəlilkənd – bu kəndin adını, bəlkə də, çox az adam eşidib. Bura sanki tarixlə bu gün arasında ilişib qalan, yaddaşla gələcək arasında sıxışan yerdir, adı sadə, öz taleyi isə çox mürəkkəb. XIX əsrdə Şərur-Dərələyəz qəzasının mərkəzi olan kənd, bir zamanlar ümid yeri idi. Ötən əsrin ortalarında kəndin adı dəyişib, amma havası dəyişməyib: torpağın qoxusu yenə eynidir, uşaqlar kəndin dar yollarında qaçanda sanki zaman burada dayanır. Amma lövhədə yazılan ad artıq başqadır. Köhnə ad isə insanların yaddaşında, köhnə məktub ünvanlarında, xatirələrdə və kəndin girişində yerləşən köhnə hamamın üzərində yazılan yazıda yaşayır. Adın dəyişməsi bəzən, sadəcə, bir rəsmi sənəd işi kimi görünə bilər, ancaq kəndin sakinləri üçün bu dəyişiklik bir dövrün sonu, başqa bir mərhələnin başlanğıcıdır. Hər kəndin adı onun kimliyidir – ad dəyişəndə sanki bir az yaddaş da köçür. Yeni adla barışmaq vaxt aparır, Cəlilkənd kəndinin sakinləri hələ də yaşadıqları yeri deyərkən bəzən köhnə addan istifadə edirlər. Bu, tarixə söykənən bir kəndin unudulmadığını göstərir.
Bəzən bir adın dəyişməsi, kəndin tarixini də dəyişə bilir. Yeni ad, bəlkə də, yeni imkanlara, yeni maraqlara yol açır. Kəndə gələnlər bu adla maraqlanır, “Adı niyə dəyişib?” – deyə soruşurlar, elə bizim kimi. Bu sual kəndi yenidən danışdırır, yenidən gündəmə gətirir. Magistral yoldan keçənlər, bəlkə, bir baxışla bu adla tanış olurlar. Amma kəndin özü – mərkəzi küçədə yaşı 300-ü haqlamış tut ağacı, divarlardakı çatlar, sükut içindəki səslər – hələ də eyni kənddir. Ad dəyişsə də, ruh qalır.
Cəlilkəndin girişində yaşlı insanlarla söhbət edirik. Onların sözləri arasından keçmişin izlərini eşitmək mümkündür: kəndin dolu həyatı, tarixi, divarlarına hopmuş uşaq qəhqəhələri…
Kənd sakini Əli kişi deyir: “Bizim üçün fərq etmir, ya köhnə, ya yeni ad. Əsas odur ki, kəndimiz sağ-salamatdır, torpağımız məhsuldardır, insanımız bir yerdədir”. Onun sözlərində kəndin ruhu, tarixi ilə bağlı dərin bağlılıq hiss olunur. Əli ilə birmərtəbəli binanı göstərir: “Bax, burada bir tarix “yatır”, Cəlil Məmmədquluzadə bu binada dərs deyib. Həmçinin burada dərs deyən müəllimlərdən Məmməd bəy Qazıyevin, ilk müdir Mirzə Əliməmməd Xəlilovun, Əbülqasım Sultanovun, Kərim bəy, Tağı bəy və Abbasqulu bəy Səfiyevlərin bu məktəb üçün müstəsna xidmətləri olub. Hətta bu kənddə doğulan, C.Məmmədquluzadənin dostu olan və İrəvan Müəllimlər Seminariyasında oxuyan Tağı bəy Səfiyev Qars müqaviləsinin imzalanması mərasimində Naxçıvan diyarının təmsilçisi olub”.
Bu kənd Cəlil Məmmədquluzadənin yaradıcılığında da mühüm rol oynayıb. Belə ki, o zamanlar kənd sakinləri tərəfindən “Mirzə Cəlil”, – deyə çağırılan böyük mütəfəkkir 1889-cu ildə kənd həyatına dair topladığı materiallar əsasında ilk qələm təcrübəsini – “Çay dəstgahı” adlı alleqorik dramını bu kənddə yazıb: “Kənd o vaxtlar mərkəz olduğu üçün burada çoxlu çayxanalar olub və hamısında da xanlar, bəylər otururmuş. Mirzə Cəlilə isə burada oturmağa icazə vermirmişlər. Günlərin birində bəylər onun çayxanada oturmasına icazə verir və Mirzə Cəlilin burada gördükləri onu heyrətləndirir. Və nəticədə, kəndin içindən axan çayın üzərində bu möhtəşəm dramı yazır. Dramda isə həmin dövrün xan və bəylərinin yaşayışı, hərəkətləri çılpaqlığı ilə öz əksini tapıb”.
...Kəndin girişində – elə qədim məktəbin qarşısında bir neçə iri çinar ağacı diqqətimizi cəlb edir. Ağacların kölgəsində dayanan yaşlı kənd sakinləri söhbətə dalıb: onların üzündəki qırışlar bu kəndin keçmişinin xətlərini xatırladır – kəndin zamanla dəyişən adı, torpağa bağlı həyat və sair. “Bura əvvəllər başqa adla tanınırdı”, – deyə Sadiq dayı danışır. “Adını dəyişdilər, amma xasiyyəti dəyişmədi kəndin. Yenə də eyni yerdədi, yenə də eyni səssizlikdə sakit yaşayırıq. 50-60 il öncə dəyişilən ad kəndimizə fərqli nəfəs gətirdi. İndi məktəbimiz də yenidən təmir olunub, Mirzə Cəlilin adını daşıyır, uşaqlar da bu kəndin tarixi ilə yeni kimliklə böyüyürlər. Bu onlara həm də mənəvi güc verir”. Hər dəyişiklikdə olduğu kimi, burada da bəziləri üçün adın dəyişməsi qarışıqlıq, yadlıq deməkdir. Köhnə ünvanlar, sənədlər, xatirələr hələ də köhnə adla bağlıdır. Kəndin yaşlı sakinləri üçün bu, bir az da yaddaşın sarsıntısıdır. 
Kənddə olarkən bir suala cavab verməkdə çətinlik çəkirik: “Yol bu kənddən – qapıdan keçir, amma dayanıb bir “Necəsiz?” deyən yoxdur. Bu yol insanları kəndin qədimliyini özündə əks etdirən, XIX əsrə aid olan (kənd sakinləri deyir ki, əslində, bu, XVI əsrə aiddir – C.M.) buzxanaya aparır. Hansı ki həmin dövrdə yalnız Naxçıvan şəhəri, Ordubad və Cəlilkənddə inşa edilən dövlət əhəmiyyətli memarlıq abidəsinə.
Kəndin içindən keçəndə başqa bir həqiqətin şahidi olursan: tarixi evlər, tarlada çalışan insanlar, bağda oynayan uşaqlar... Küçələr quşların ötüşmələri ilə culğaşıb. Sanki asfaltlanmış yol kəndin içindən keçir, amma ona toxunmur, keçib gedir, arxasında sükut buraxır. Kəndin mərkəzində olan bəzi köhnə binaların divarlarında yalnız xatirələr var. Ora baxdıqca bu kəndin ən böyük arzusunu hiss etmək mümkündür – yaddan çıxmamaq.
Cəlilkəndin təbiəti xüsusi gözəlliyə malikdir. Kəndin ətrafında geniş əkin sahələri, meyvə bağları və otlaqlar uzanır. Xüsusilə bu aylarda kəndin əkin sahələrində kartofçuluqla məşğul olan insanları görmək mümkündür. Gündəlik həyat sadə, amma zəngindir. Əkinçilik və heyvandarlıq kəndin əsas məşğuliyyətidir. Səhərdən axşama kimi davam edən bu əmək həyatın ritmini müəyyən edir. Adət-ənənələr isə kənd həyatının əsas tərkib hissəsidir. 
...Cəlilkəndin yaxınlığında yol var, demək ki, hərəkət var, inkişaf var. “Yol yanımızdadır, amma bizə yox, şəhərə xidmət edir” kimi pessimist fikirlərlə yaşamaq lazım deyil. 
Əlqərəz, reportajı tamamlayıb kənddən ayrılarkən bir uşaq velosipedlə bizə tərəf gəlir, gülümsəyir və əl edir. Bəlkə də, bu tarixi kəndin gələcəyi həmin uşağın təbəssümündə gizlidir.

Ceyhun MƏMMƏDOV 

Nəşr edilib : 07.09.2025 11:00