Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
8 Mart – Beynəlxalq Qadınlar Günü yalnız təqvimdə qeyd olunan bir gün deyil, qadınların cəmiyyətə, mədəniyyətə, elmə və sənətə verdiyi misilsiz töhfələrin dərin hörmət və minnətdarlıq hissi ilə qeyd edildiyi bir tarixdir. Bu tarix qadınların təkcə sosial rolunu deyil, eyni zamanda onların yaradıcılıq enerjisini, intellektual potensialını, mənəvi möhkəmliyini və quruculuq missiyasını dəyərləndirən mühüm mənəvi-ictimai platformadır.
8 Mart qadınların tarixboyu cəmiyyətin inkişafında oynadıqları əvəzsiz rolu yenidən düşünmək, onların səssiz, lakin davamlı mübarizəsinin mahiyyətini anlamaq üçün xüsusi bir fürsət yaradır. Qadınlar minilliklər ərzində ailə adlı balaca bir dövlətin qoruyucusu olmaqla yanaşı, mədəniyyətin daşıyıcısı, elmin inkişafında ilhamverici qüvvə, sənətdə estetik düşüncənin formalaşdırıcısı kimi çıxış etmişlər. Onların yaratdığı maddi mədəni irs, formalaşdırdığı dəyərlər sistemi və gələcək nəsillərə ötürdüyü mənəvi-estetik miras bəşəri sivilizasiyanın əsas sütunlarından birini təşkil edir.
8 Mart–Beynəlxalq Qadınlar Günündə qadınların yalnız keçmişdə deyil, müasir dövrdə də cəmiyyətin intellektual və mədəni həyatında fəal iştirakını, yenilikçi düşüncə tərzini və sosial məsuliyyətini xüsusi ehtiramla vurğulamaq zəruridir. Bu tarix, eyni zamanda qadınların hüquqlarının, ləyaqətlərinin və yaradıcılıq azadlıqlarının qorunmasının cəmiyyətin davamlı inkişafı üçün nə qədər vacib olduğunu xatırladan mənəvi bir çağırışdır.
Qadınlar bütün sahələrdə olduğu kimi, memarlıq sahəsində də uğurludurlar. Qadın təbiəti ilə memarlıq arasında dərin fəlsəfi bağlılıq mövcuddur. Qadın da memarlar kimi qurucudur, yaradıcılıq mənbəyidir və harmoniyanın simvoludur. O, yalnız mövcud olanı qoruyub saxlamır, eyni zamanda yeni məkanlar, yeni münasibətlər və yeni mənalar yaradır. Memarlıqda olduğu kimi, qadın təbiətində də sabitliklə dəyişkənlik, rasional düşüncə ilə incə duyum ahəngdar şəkildə birləşir. Məhz bu vəhdət insan həyatına estetik, sosial və mənəvi tarazlıq qazandırır.
Azərbaycan memarlıq tarixində qadına göstərilən ehtiramın ən parlaq nümunələrindən ilki XII əsrdə Naxçıvanda ucaldılmış Möminə xatun türbəsidir. Bu türbə Şərqdə ilk dəfə qadına ithafən inşa edilən bir manifestdir. Azərbaycanın monumental şəxsiyyəti Əcəmi Naxçıvani tərəfindən inşa edilən Möminə xatun türbəsi təkcə memarlıq incisi deyil, həm də qadın zirvəsini, onun əzəmətini və ilhamını daşıyan müqəddəs bir sənət abidəsidir. Atabəylər dövlətinin hökmdarı Şəmsəddin Eldənizin həyat yoldaşı Möminə xatunun xatirəsinə tikilən bu türbə qadının saray və dövlət həyatındakı nüfuzunun simvolu kimi tarixə həkk olunmuşdur. Türbənin səthlərində istifadə olunan zəngin nəbati ornamentlər qadın təbiətinin zərifliyini və həyatverici xüsusiyyətlərini simvolik şəkildə ifadə edir. Çiçək motivləri yaradıcı enerjini, saflığı və estetik harmoniyanı təcəssüm etdirərək memarlıq dili ilə qadına ehtiram mesajı verir. Türbənin sərdabə hissəsindəki dördləçəkli yasəmən çiçəyi motivi qadın zərifliyini, saflığını, sevgisini və gözəlliyini bildirir. Səthlərdəki beşləçəkli hoya çiçəyi motivi davamlılığı, sədaqəti, səbri və qayğını ifadə edir. Lalə çiçəyi motivi isə zəriflik, incəliklə bərabər saf sevgini və saray mədəniyyətini simvolizə edir. Beləliklə, Möminə xatun türbəsi Azərbaycan mədəniyyətində qadın adının tarixboyu ucaldıldığını, daş yaddaşa çevrildiyini göstərən nadir memarlıq nümunələrindən biridir.
XII əsrdə bir qadının adı ilə ucaldılan Möminə xatun türbəsi bu gün də bizə mühüm bir mesaj verir: “Qadın yalnız tarixin passiv şahidi deyil. O, tarix yarada, yaddaşa çevrilə və mədəni irsə əbədilik qata bilər. Qadın həm ilham ola, həm də müəllif rolunu daşıya bilər”. Möminə xatun türbəsi bizə göstərir ki, qadının adı ilə ucaldılan bir tikili yalnız xatirə deyil, həm də qadının gücünü, təsirini və yaradıcı potensialını əks etdirən monumental simvoldur. Bugünkü dünyada isə qadın memarlar artıq yalnız ilham mənbəyi deyil. Onlar həmin abidələri layihələndirən, bu tikililərin ruhunu yaşadan və gələcəyə daşıyan real yaradıcı güclərdir. Bugünkü qadın memarlar, həm tarixi qoruyur, həm müasir memarlığın simasını formalaşdırır, həm də şəhərlərimizin estetikasına və funksionallığına öz unikal imzalarını atırlar. Möminə xatun türbəsi də daxil olmaqla qadın şərəfinə inşa edilmiş bütün memarlıq nümunələri, tariximizin qadına verdiyi yüksək dəyərin yalnız sözlə deyil, daşla, məkanla və zamanla ifadə olunmuş rəmzləridir. Bu tikililər qadının cəmiyyətdəki mövqeyinin, mənəvi ucalığının və yaradıcılıqla assosiasiya olunan müqəddəs missiyasının memarlıq dili ilə əbədiləşdirilməsidir.
Naxçıvan qədim memarlıq ənənələrinə malik diyar kimi arxitektura baxımından xüsusi yer tutur. Bu qədim diyar zəngin memarlıq irsi ilə seçilir. Naxçıvan yalnız möhtəşəm tarixi abidələri ilə deyil, həm də memarlıq ənənələrinin nəsildən nəslə ötürülməsi ilə tanınır. Naxçıvanda memarlıq mühitinin formalaşmasında mühüm xidmətləri ilə seçilən, qadın memarlardan ilki hesab olunan Gülnarə Qəzənfər qızı Qənbərova uzun illər ərzində həm layihəçi memar kimi fəaliyyət göstərmiş, həm də pedaqoji fəaliyyəti ilə memarlıq sahəsində yeni kadrların yetişməsinə töhfə vermişdir. Onun layihələri əsasında inşa edilən müxtəlif tikililər Naxçıvanın memarlıq mühitinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Gülnarə Qənbərovanın fəaliyyəti Naxçıvanda qadın memarların peşəkar mühitdə fəal iştirakının formalaşmasına və bu sahədə tarixi ənənələrin davam etdirilməsinə zəmin yaratmışdır.
Ən vacibi isə budur ki, artıq memar qadınlar istisna deyil, sistemin ayrılmaz hissələridirlər. Təcrübə göstərir ki, qadın memarlar detallara daha həssas yanaşır, məkanların psixoloji təsirini daha dərindən analiz edir, sosial faktorları layihələrə daxil edir, estetika və funksiyanı harmoniyada saxlayırlar. Bu xüsusiyyətlər müasir şəhərsalma üçün çox vacibdir. İndiki dövrdə belə qadınlar şəhər mühitinin humanistləşdirilməsinə, ictimai məkanların sosial funksionallığına, tarixi irsin qorunmasına və yeni dizayn həllərinə əhəmiyyətli töhfələr verirlər.
Müasir dövrdə davamlı memarlıq, ekoloji dizayn və ağıllı şəhərlər konsepsiyası sürətlə inkişaf edir. Bu prosesdə qadın memarlar layihələrə yalnız texniki deyil, həm də sosial, estetik və humanist yanaşma gətirərək mühüm rol oynayırlar. Bu günün memarlığı yalnız tikinti materialları və texnologiyalarla məhdudlaşmır; o, insan mərkəzli düşüncə, həyat keyfiyyəti və şəhər mühitinin psixoloji təsiri kimi amillərin harmoniyasını tələb edir. Qadın memarlar isə məhz bu incə tarazlığı təmin edən yaradıcılardır. Onlar yalnız binalar inşa etmir, həm də şəhərlərin ruhunu, məkanların funksionallığını və insanların həyatına qatdığı dəyəri formalaşdırırlar. Onların iştirakı olmadan müasir memarlığın estetik və sosial missiyası tam ola bilməz.
Qoy qadınlar memarlıqda və şəhərsalmada yalnız ilham mənbəyi kimi deyil, eyni zamanda qərar verən, konsepsiya yaradan, layihə hazırlayan və şəhər mühitini formalaşdıran aparıcı yaradıcı qüvvə kimi daim ön sırada olsunlar. Çünki qadınların memarlıq düşüncəsində fəal iştirakı daha ədalətli, estetik və insan mərkəzli şəhərlərin yaranmasına xidmət edir. Bu baxımdan, qadın memarların uğurları təkcə fərdi nailiyyət deyil, həm də cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi kimi dəyərləndirilməlidir.
8 Mart yalnız təbrik günü deyil. Bu tarix həm də zəhmətə, səbrə, yaradıcılığa və fədakarlığa deyilən səmimi təşəkkür günüdür. Şəhərlərimizin insan mərkəzli mühitinin formalaşmasında, memarlıq məkanlarımızın zənginləşməsində, mədəniyyətimizin inkişafında və ümumilikdə, bütün sahələrdə göstərdikləri əzm, məsuliyyət və yüksək peşəkarlıq üçün qadınlara minnətdarlığımız sonsuzdur. Onların zəhmətiylə şəhərlər daha gözəl, məkanlar daha funksional, həyat isə daha mənalı olur. Bu əlamətdar gün münasibətilə bütün qadınları ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və yeni yaradıcılıq uğurları arzulayırıq. Qoy onların həyat yolu daim uğur, sevinc və ilhamla müşayiət olunsun.
Brilyant Cəfərli
AMEA Naxçıvan Bölməsi
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu
Memarlıq, şəhərsalma və abidələrin bərpası şöbəsinin elmi işçisi
Digər xəbərlər