NAXÇIVAN :

18 Oktyabr 2026, Bazar

Tale yollarının kəsişdiyi ünvan: fərqli ömürlərin bir ocaqda tapdığı doğmalıq

...

Yolumuz mənzərəsi dağlara açılan, buludların sanki səcdə etdiyi, min bir dərdə dava bitkilərin ocağı sayılan Şahbuz rayonunadır. Şahbuz əzəldən saf havası, müalicəvi suları, kəndlinin istehsal etdiyi təmiz məhsulları ilə tanınır. Naxçıvanın digər bölgələrindən insanlar axın-axın gəlib dağların qoynundan süzülən sulardan doldurar, şəfa ümidi ilə istifadə edər, bəziləri isə, sadəcə, bu yerlərin saf havasını ciyərlərinə çəkmək üçün səyahətə çıxarlar. Şahbuz şəhərinə çatana qədər yolun sağa-sola haçalanan istiqamətləri özündə müxtəlif nemətləri, gözəllikləri birləşdirən kəndlərə aparır. Badamlı, Şahbuzkənd, Keçili hər biri ayrı aləmdir. Şahbuz şəhərinin girişindən ayrılan yollardan biri isə bizi illərdir, ziyarət etdiyim, hər gəlişimdə fərqli insanlarla qarşılaşdığım bir ünvana aparır. Buradan hər dəfə bir arxayınlıq, rahatlıq hissi ilə qayıtmışam. Gözüm heç vaxt arxada qalmayıb.

Avtomobilimiz Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Çətin həyat şəraitində olan şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsinin qarşısında dayanır. İçəri daxil oluruq. Gözətçi bizi gülərüzlə qarşılayır. Həyətdə oturub söhbət edən ahıllar diqqətimizi çəkir. Mərkəzin direktoru Nəsimi Kazımov bizi sakinlərlə tanış edir. Deyir, bu üç nəfəri tez-tez burada görmək olar. Gənclik illərinə qayıdır, xatirələrini bölüşürlər. Ümid ocağına çevrilən mərkəz sakinlər arasında dostluq, birlik, inam və etibar hisslərini gücləndirib.

Nəsimi Kazımov bizi binada yaradılan şəraitlə tanış edir. Bildirir ki, müəssisədə ahıl və digər həssas kateqoriyalardan olan şəxslərə sosial reabilitasiya və sosial-məişət xidmətləri göstərilir. Son illərdə mərkəzdə yaşayış şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Fərdi yaşayış otaqları televizor, kondisioner və soyuducu ilə təmin olunub, sakinlərin istifadəsi üçün yeni mebel və yumşaq inventar dəstləri alınıb. Hazırda müəssisədə 25 nəfər tam dövlət təminatında yaşayır.

20 ildir, mərkəzin sakini olan və artıq bizim üçün də doğmalaşan milliyyətcə rus Violetta Çernışeva ilə idman otağında qarşılaşırıq. Deyir, 75 yaşıma çatmışam. Özümü sağlam və gümrah hiss edirəm. Şahbuzun havası, suyuna isə söz ola bilməz. Hər səhər pəncərəmi açanda təmiz hava, ağaclardan yayılan meyvələrin ətri mənə xoş əhval bəxş edir. Bura artıq mənim doğma evimə çevrilib. Sonra adəti üzrə telefonda nəvələrinin şəklini göstərir. Sevgi ilə onlardan danışır, adlarını bir-bir çəkir. Gözləri gülür.

Qazax əsilli Karlıqaş Malikbayevanın oxuduğu kitablarının sayı artıb. Masasının üzərinə düzdüyü kitablar onun sirdaşına çevrilib. Bəslədiyi çiçəklərə su verir, yarpaqlarına sığal çəkir. Bitki də sevgiyə möhtacdır. Yaxşı böyüməsi üçün gərək qulluq edəsən.

Bəs Karlıqaş xanım ona göstərilən qayğıdan razıdırmı? Özünəməxsus təbəssümlə cavab verir: “Sevgi görməyən insan ətrafına sevgi bəxş edə bilməz. Yoldaşım rəhmətə gedəndən sonra tək qalmamaq üçün bu müəssisəni seçdim. Hamımızın ayrı-ayrı otaqları, hər cür şəraitimiz var. Ahıl çağımda daha mənə nə lazımdır?!” Nargilə Quliyeva müəssisənin yeni sakinlərindəndir. Bizi görüb xeyli sevinir. Söhbət əsnasında onun uzun illər “Şərq qapısı” qəzetində texniki işçi kimi çalışdığını öyrənirik. Təqaüdə çıxdıqdan sonra təklik onu sıxıb. Burada özünü daha rahat və güvəndə hiss edəcəyini düşünüb: “Xidmət yüksək səviyyədədir. Vaxtında qidalanır, tibbi xidmətlə əhatə olunuruq. Yaşlı insan üçün lazım olan tək şey sevgidir, diqqətdir. Onu da burada lazımınca hiss edirik. Arada bir gedib evimə baş çəkirəm, dostlarımla, doğmalarımla görüşürəm, sonra yenə doğmalaşmış insanların yanına qayıdıram”. Sonra yanındakı yoldaşı ilə bizi tanış edir: “Nəcifə xanımla hər gün bu həyəti gəzir, ətrafda yaradılan gözəlliklərdən zövq alırıq. Heç darıxmırıq. Bizi Naxçıvanımızın gəzməli, görməli yerlərinə də aparırlar. Növbəti səfərimiz Əshabi-kəhf ziyarətgahına olacaqdır”.

Həyətdəki gülkarlığı seyr etdiyimi görən sakinlərdən biri gül dərir. Baxışlarındakı illərin yorğunluğunu, səmimi gülüşü sanki bir anlıq da olsa, üstündən götürür. Tanış oluruq. Dərdiyi gülü mənə bağışlayır. Stasionar sosial xidmətə ehtiyacı olan şəxs kimi müəssisədə məskunlaşan Vidadi İbrahimovla həmsöhbət oluruq. İsanın, Qorxmaz kişinin adını çəkir. Deyir, burada özümə yaxşı dostlar qazanmışam. Nərd, domino oynayırıq, birlikdə film izləyirik. Günümüz maraqlı keçir.

Düzdür, bəzən insan doğmaları üçün darıxır, amma İbrahim kişi ona hər zaman etibarlı olmuş dağlar üçün darıxır: “Cavanlıqda Şahbuzun elə bir dağı, daşı qalmayıb ki, orada olmayam. Atımla bu dağların başını çox gəzmişəm. Durnagözlü bulaqlarından, qoyun-quzu mələşən yaylaqlarından keçmişəm”. Uzun müddət Badamlı zavodda işləyən İbrahim kişi indi əlil arabasındadır: “Mərkəzin işçiləri bu ahıl çağımda dayağım olub. Sağlığım daim nəzarət altındadır. Evimdə qalsaydım, bəlkə də, indiki qədər özümü güvəndə hiss etməzdim. Sağ olsunlar, sakinlər də məni tək qoymur, qonağım olurlar”.

Nahar vaxtıdır. Sakinlər bir-bir yeməkxanaya daxil olur. Hər kəs öz yerini tutur. Yeməklər paylanır. Yeməkxanaya enə bilməyən sakinlərə isə elə otağında xidmət göstərilir. Heç bir sakin diqqətdən kənarda qalmır.

İnşaat sahəsində işləmiş İsa kişi deyir ki, bina tikmək, bəzən həyatı qurmaqdan daha asandır. Həyat bəzən qarşımıza gözləmədiyimiz məqamları çıxarır. Elə gözləmədiyin anda da imdadına dövlətin yetişir: “Yoldaşım rəhmətə gedib, uşaqlar ailə qurub, Naxçıvandan köçüblər. Evdə tək idim, özümə qulluqda çətinlik çəkirdim. İndi burada vaxtlı-vaxtında isti yeməyimi yeyirəm, otağım təmiz, səliqəli, günüm də xoş keçir”.

Taleyin gərdişindən gileyli olan 68 yaşlı Qorxmaz Həsənov da müəssisəyə ümid işığı kimi baxır. Deyir ki, göstərilən diqqət və hörmət onu yenidən həyata bağlayıb.

Müəssisədə sosial xidmətə ehtiyacı olan şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Onların sosial müdafiəsinin gücləndirilməsi və keyfiyyətli xidmətlərə əlçatanlığının təmini istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Fəaliyyət istiqamətləri genişlənən müəssisə xeyirxah missiyasını da daha böyük əhatəyə çatdırır. Həmçinin müvafiq xidmətə ehtiyacı olanları sosial və psixoloji təcriddən uzaqlaşdırır, həyata bağlayan bir mühit yaradır.

Bura sanki bir ocaqdır – insanlığın, hörmətin, sevginin ocağı. Tale yolları müxtəlif olan insanlar burada eyni ünvanda birləşiblər. Yaşının ahıl çağında olan insanlarla sağollaşırıq. Sayca çox deyillər. Amma hər birinin arxasında bir ömür, bir xatirə, bir tale dayanır. Bizdə ağsaqqala, ağbirçəyə hər zaman hörmətlə yanaşılıb. Diqqətdən kənarda qalanları isə dövlət öz himayəsinə alıb. Qayğı göstərib, diqqət göstərib, sevgi göstərib. Elə bu sevginin işığında avtomobilimiz Naxçıvan şəhərinə doğru yol alır.

         Ruhiyyə RƏSULOVA

Nəşr edilib : 01.10.2026 10:14