Milli Məclisin növbəti iclasının tarixi və gündəli...
19:44 25.09.2026
0
0
0
NAXÇIVAN :
25 Sentyabr 2026, Cümə
Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 25-də ölkəmizdə səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, Sahibə Qafarova bu səfərin Azərbaycan və Tacikistan arasında qarşılıqlı hörmət, mehriban qonşuluq, dəstək və etimada əsaslanan dostluq münasibətlərinin mühüm təsdiqi olduğunu bildirib. Qeyd edib ki, ümumi milli, mənəvi və mədəni dəyərlərlə bağlı olan xalqlarımız arasında əlaqələr müstəqillikdən sonra daha da genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Bildirilib ki, 1992-ci ildə diplomatik münasibətlərin qurulmasından ötən dövrdə əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana, Tacikistan Prezidenti Emoməli Rəhmonun isə Azərbaycana səfərləri və müntəzəm siyasi dialoq mühüm rol oynayıb. İkitərəfli əməkdaşlığın müqavilə-hüquq bazasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin xüsusi yeri qeyd olunub.
Görüşdə ticarət dövriyyəsinin artırılması, iqtisadi və mədəni-humanitar əməkdaşlıq, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Parlamentlərarası dostluq qruplarının fəaliyyətinin iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfə verdiyi və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün imkanların olduğu bildirilib.
Spiker 2022-ci ilin martında Bakıda Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Respublikasının Oli Məclisi arasında Əməkdaşlıq haqqında Sazişin imzalanmasının mühüm əhəmiyyətini vurğulayıb.
Söhbət zamanı Milli Məclisin sədri qonaqlara işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri, insanların öz doğma yurdlarına qayıtması barədə danışıb.
Tacikistanın Baş naziri Koxir Rasulzoda Prezident İlham Əliyevlə görüşünə dair təəssüratlarını bölüşüb, ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Baş nazir Bakının mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsinin Azərbaycanda sabitliyin yüksək səviyyədə təmin edilməsinin və sosial-iqtisadi inkişafın göstəricisi olduğunu deyib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan razılıqla danışan qonaq Ermənistanla sülh müqaviləsinin paraflanmasının mühüm uğur olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı qeyd olunub ki, Bakı və Düşənbə arasında birbaşa uçuşların açılması, ikitərəfli layihələrin həyata keçirilməsi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib ki, bu da ölkə başçılarının tapşırıqlarının uğurla icra edildiyini göstərir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Digər xəbərlər