Müstəqillik tariximizin unudulmaz günü – Naxçıvan...
23:59 22.07.2026
0
0
1
NAXÇIVAN :
22 Iyul 2026, Çərşənbə
Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra ölkəmizdə bütün sahələrlə yanaşı, media da yeni inkişaf və beynəlxalq inteqrasiya mərhələsinə qədəm qoyub. Milli jurnalistikamız 44 günlük Vətən müharibəsində informasiya cəbhəsində nümayiş etdirdiyi peşəkarlıqla mühüm sınaqdan çıxaraq daha da möhkəmlənib, yeni keyfiyyətlər qazanıb və beynəlxalq informasiya məkanında mövqeyini gücləndirib. Məhz bu yeni mərhələdə Azərbaycanın informasiya siyasətinin qlobal miqyasda təqdim olunmasına xidmət edən mühüm təşəbbüslərdən biri də artıq ənənəyə çevrilən Şuşa Qlobal Media Forumudur.
Artıq dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu Azərbaycanın media siyasətinin müasir çağırışlara uyğun inkişafının, söz və informasiya mühitinə göstərilən dövlət dəstəyinin bariz ifadəsidir. Eyni zamanda forum müxtəlif ölkələrdən media nümayəndələrini bir araya gətirərək peşəkar əməkdaşlığın genişlənməsinə, dezinformasiyaya qarşı birgə mübarizə mexanizmlərinin müzakirəsinə və qlobal informasiya təhlükəsizliyi ilə bağlı ortaq yanaşmaların formalaşmasına mühüm töhfə verir. Təsadüfi deyil ki, hər il daha çox ölkədən media nümayəndəsinin tədbirə qatılması forumun beynəlxalq nüfuzunun yüksəldiyini, burada müzakirə olunan məsələlərin aktuallığını və Azərbaycanın bu sahədə irəli sürdüyü təşəbbüslərə göstərilən etimadı bir daha təsdiqləyir.
İyulun 13-də işə başlayan IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndəsi, 60-dan artıq media qurumu, habelə bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat təmsil olunur. Bu geniş iştirak forumun beynəlxalq nüfuzunun ildən-ilə artdığını, Şuşanın isə qlobal media əməkdaşlığının mühüm mərkəzlərindən birinə çevrildiyini bir daha nümayiş etdirir.
“Sülhün təşviqində medianın missiyası: həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən forum çərçivəsində panel iclasları, interaktiv sessiyalar və ikitərəfli görüşlər təşkil olunur. Müzakirələrin əsas mövzuları sırasında medianın sülh quruculuğundakı rolu, sərhədlərarası media dialoqu və ictimai etimadın bərpası, dezinformasiya ilə mübarizədə beynəlxalq əməkdaşlıq, rəqəmsal platformalarda təhlükəsiz informasiya mühitinin yaradılması, süni intellekt dövründə media etikası, məsuliyyətli jurnalistika, informasiya təhlükəsizliyi və yeni media texnologiyalarının inkişaf perspektivləri yer alır.
Hər il olduğu kimi, bu il də Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edib, forum iştirakçılarının suallarını cavablandıraraq qlobal gündəmdə duran mühüm məsələlərə dair ətraflı fikirlərini bölüşüb. Dövlət başçısına ünvanlanan suallar, əsasən, Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı vəziyyəti, Azərbaycan-ABŞ əlaqələrinin inkişaf perspektivləri, Cənubi Qafqazda regional əməkdaşlığın gələcək istiqamətləri, Zəngəzur dəhlizi layihəsinin icrası, eləcə də beynəlxalq gündəmdə mühüm yer tutan digər aktual mövzuları əhatə edib. Prezident qlobal siyasi proseslər, bəzi ölkələrdə azsaylı xalqlara qarşı ayrı-seçkilik halları, Fransanın neokolonial siyasətinin nəticələri, beynəlxalq münasibətlər sistemində müşahidə olunan çağırışlar, dünyada davam edən müharibə və münaqişələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyini açıqlayaraq mühüm siyasi mesajlar verib.
Forumun strateji mesajı: Cənubi Qafqazda davamlı
sülh və təhlükəsizlik perspektivi
IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevlə media nümayəndələri arasında əsas müzakirə mövzularından biri Cənubi Qafqazda sülh, təhlükəsizlik və yeni əməkdaşlıq perspektivləri olub. Dövlətimizin başçısı Azərbaycanın bölgədə dayanıqlı sülhün, sabitliyin və qarşılıqlı faydalı əməkdaşlığın qətiyyətli tərəfdarı olduğunu vurğulayaraq ölkəmizin bu istiqamətdə nümayiş etdirdiyi ardıcıl, prinsipial və konstruktiv mövqeni bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Bu yanaşma fonunda son bir ildə Azərbaycan-ABŞ münasibətlərində müşahidə olunan müsbət dinamika xüsusi diqqət çəkir. Ötən il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdən sonra ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Siyasi dialoqun intensivləşməsi, iqtisadi və enerji sahələrində əməkdaşlığın genişlənməsi, regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın möhkəmlənməsi tərəflər arasında strateji tərəfdaşlığın daha da dərinləşdiyini göstərir. Paralel olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan irəliləyişlər, sülh gündəliyinin ardıcıl şəkildə təşviqi və regionda kommunikasiyaların bərpasına yönəlmiş təşəbbüslər də Vaşinqtonun dəstəklədiyi əsas istiqamətlər sırasında yer alır.
Yeni geosiyasi reallıqlar fonunda uzun illər Azərbaycan-ABŞ münasibətlərində müzakirə mövzusu olmuş ABŞ Konqresinin qəbul etdiyi Azadlığa Dəstək Aktına 907-ci düzəliş də əvvəlki aktuallığını əhəmiyyətli dərəcədə itirib. Regionda sülh prosesinin irəliləməsi, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı qətiyyətli addımlar, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası və iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsi bu məhdudiyyətin aradan qaldırılmasının zəruriliyini daha da artırır. Belə bir qərar yalnız iki ölkə arasında qarşılıqlı etimadın möhkəmlənməsinə deyil, həm də strateji tərəfdaşlığın dərinləşməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verə bilər.
Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi də münasibətlərin yeni mərhələsinin əsas istiqamətlərindən biri kimi ön plana çıxır. Regional sabitliyin qorunması, terrorizmlə mübarizə, enerji və nəqliyyat infrastrukturunun təhlükəsizliyinin təmin olunması, eləcə də yeni qlobal və regional çağırışlara qarşı birgə fəaliyyət tərəflərin ortaq maraqlarını daha da yaxınlaşdırır və əməkdaşlığın strateji xarakterini gücləndirir.
Bütün bunların əsasında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə həyata keçirdiyi balanslaşdırılmış, çoxşaxəli və müstəqil xarici siyasət dayanır. Məhz bu siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə yüksəlib, regional proseslərə təsir imkanları genişlənib, enerji və nəqliyyat təhlükəsizliyinə verdiyi töhfələr artıb. Eyni zamanda Azərbaycanın müxtəlif beynəlxalq platformalarda etibarlı və məsuliyyətli tərəfdaş kimi çıxış etməsi onun qlobal siyasi və iqtisadi sistemdə mövqeyini daha da möhkəmləndirib.
Prezident İlham Əliyev forumda media nümayəndəsinin sualını cavablandırarkən Azərbaycan-ABŞ münasibətlərinin tarixində ən yüksək inkişaf mərhələsinə çatdığını vurğulayaraq bildirib: “Ötən ilin avqust ayında Vaşinqtonda Prezident Trampla tarixi görüşüm və sonradan bu ilin yanvarında Davosdakı görüşümüz, Prezident Trampın təşəbbüskarı olduğu Sülh Şurasına Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, Vitse-prezident Cey. Di. Vensin səfəri, Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı Vitse-prezidentlə Bakıda imzalamağımız və bir çox digər meyarlar göstərir ki, hazırda münasibətlər heç zaman görmədiyimiz zirvə səviyyəsindədir. Bu gün biz strateji tərəfdaşlıq haqqında Bəyanatın bütün müddəalarının icrası üzərində fəal şəkildə işləyirik”.
Cənubi Qafqazda davamlı sülh və əməkdaşlığın mühüm amillərindən biri olan Azərbaycan-Ermənistan münasibətlərinə gəldikdə isə Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra münasibətlərin normallaşdırılması istiqamətində mühüm irəliləyişlər müşahidə olunur. Azərbaycanın nümayiş etdirdiyi siyasi iradə və ardıcıl diplomatik xətt regionda dayanıqlı sülhün təmin edilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradıb.
Bu mərhələdə siyasi dialoqla yanaşı, iqtisadi əməkdaşlığın formalaşması da diqqətçəkən istiqamətlərdən biridir. Azərbaycanın birtərəfli qaydada Ermənistana tətbiq etdiyi bütün tranzit məhdudiyyətlərini aradan qaldırması, davamlı olaraq neft məhsullarını bu ölkəyə göndərməsi münasibətlərin praktik müstəviyə keçməsinin ilk nümunələrindən biri kimi qiymətləndirilə bilər. Bu addım təkcə iqtisadi əlaqələrin inkişafına deyil, həm də tərəflər arasında etimadın möhkəmlənməsinə və uzunmüddətli sabitliyin təmin olunmasına xidmət edir. Beynəlxalq təcrübə də göstərir ki, iqtisadi inteqrasiya münaqişədən sonrakı dövrdə davamlı sülhün möhkəmlənməsinin əsas amillərindən biridir.
Sülh prosesinin yaratdığı yeni reallıq regionun nəqliyyat-kommunikasiya layihələrinin də aktuallaşmasına səbəb olub. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılan addımlar Cənubi Qafqazın geoiqtisadi əhəmiyyətini daha da artırır. Layihənin həyata keçirilməsi Azərbaycanın nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, regionu Şərq-Qərb və Şimal-Cənub Beynəlxalq Nəqliyyat marşrutlarının mühüm qovşaqlarından birinə çevirəcək. Bu isə ticarət dövriyyəsinin artmasına, logistika imkanlarının genişlənməsinə və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə əlverişli zəmin yaradacaq.
Bu kontekstdə Tramp administrasiyasının sülh prosesinə verdiyi siyasi dəstək də mühüm amillərdən biri kimi qiymətləndirilir. Vaşinqtonun vasitəçilik təşəbbüsləri və tərəflər arasında dialoqun təşviqi sülh gündəliyinin irəliləməsinə əlavə impuls verib. Beləliklə, Azərbaycan-Ermənistan münasibətlərində formalaşan yeni mərhələ təkcə ikitərəfli əlaqələrin inkişafı baxımından deyil, bütövlükdə, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regionun beynəlxalq nəqliyyat-logistika sistemində rolunun artırılması baxımından da strateji əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda media nümayəndəsinin sualına cavabında bu məqama da xüsusi toxundu, Zəngəzur dəhlizi layihəsinin regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcəyini, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəyini diqqətə çatdırdı: “Bu gün isə Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması yeni imkanlar açır. Hazırda Prezident Tramp Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhlizə öz adını verib – TRIPP. Bizdə olan məlumata görə, layihə çərçivəsində praktiki işlərə, ümid edirik ki, artıq bu il başlanılacaq. Bu layihə regionun nəqliyyat bağlılığı xəritəsini tamamilə dəyişəcək, Cənubi Qafqazda təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək”.
Azərbaycan əməkdaşlıq və tərəfdaşlıq siyasətini gücləndirir
Müasir geosiyasi reallıqlar fonunda dövlətlərarası münasibətlərdə əməkdaşlıq və tərəfdaşlıq amili getdikcə daha böyük əhəmiyyət qazanır. Bu baxımdan, Azərbaycan həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursu ilə həm regionda, həm də beynəlxalq müstəvidə etibarlı tərəfdaş mövqeyini daha da möhkəmləndirir. IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin beynəlxalq münasibətlər, regional təhlükəsizlik və əməkdaşlıq perspektivləri ilə bağlı səsləndirdiyi fikirlər də ölkəmizin xarici siyasət prioritetlərini və qlobal proseslərdə artan rolunu bir daha nümayiş etdirdi.
Forumda dövlət başçısının toxunduğu mühüm mövzulardan biri Azərbaycan-Türkiyə münasibətləri idi. Bu gün iki ölkə arasında strateji müttəfiqlik artıq ikitərəfli əməkdaşlıq çərçivəsini aşaraq regionun təhlükəsizlik arxitekturasının əsas elementlərindən birinə çevrilib. Şuşa Bəyannaməsi ilə rəsmiləşdirilən müttəfiqlik münasibətləri son illər siyasi, iqtisadi, enerji, müdafiə və nəqliyyat sahələrində daha da dərinləşib. Azərbaycan və Türkiyənin birgə həyata keçirdiyi layihələr yalnız iki ölkənin inkişafına deyil, bütövlükdə, regionun iqtisadi inteqrasiyasına və kommunikasiya imkanlarının genişlənməsinə də mühüm töhfə verir. Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və TAP layihələri bu əməkdaşlığın uğurlu nəticələrinin bariz nümunələridir. Bu gün Azərbaycan-Türkiyə münasibətləri regional əməkdaşlıq modelinin ən uğurlu nümunələrindən biri kimi qəbul olunur.
Azərbaycanın qonşu dövlətlərlə münasibətləri də xarici siyasətin əsas prioritetlərindəndir. Ölkəmiz hər zaman regionda sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın təmin olunmasına üstünlük verib. Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri enerji və nəqliyyat sahəsində həyata keçirilən iri layihələrlə daha da möhkəmlənib. Bu tərəfdaşlıq, eyni zamanda Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına mühüm töhfə verir.
Rusiya ilə münasibətlərdə qarşılıqlı maraqlara və mehriban qonşuluq prinsiplərinə əsaslanan əməkdaşlıq, İranla əlaqələrdə isə sərhədyanı bölgələrin inkişafı, nəqliyyat və iqtisadi sahələrdə qarşılıqlı faydalı layihələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Pakistanla strateji tərəfdaşlığı da yüksələn xətt üzrə inkişaf edir. Siyasi, iqtisadi, müdafiə və enerji sahələrində əməkdaşlığın genişlənməsi, qarşılıqlı dəstək və həmrəylik bu münasibətlərin əsasını təşkil edir. Bununla yanaşı, son illərdə Mərkəzi Asiya dövlətləri ilə əlaqələr də yeni dinamika qazanıb. Xüsusilə nəqliyyat-kommunikasiya, enerji və ticarət sahələrində əməkdaşlıq getdikcə genişlənir.
Forumda Avropa təsisatları ilə münasibətlərə dair səsləndirilən fikirlər də diqqət çəkdi. Azərbaycan qarşılıqlı hörmət, dövlətlərin suverenliyinə ehtiram və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə əsaslanan əməkdaşlığın tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Avropa İttifaqı ilə münasibətlərdə enerji təhlükəsizliyi, “yaşıl enerji” layihələri, nəqliyyat bağlantılarının inkişafı və regional kommunikasiyaların genişləndirilməsi əsas istiqamətlər kimi ön plana çıxır.
Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı da ölkəmizin qlobal proseslərdə artan rolunun mühüm göstəricisidir. Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda fəal iştirak edən Azərbaycan qlobal gündəliyin aktual məsələləri üzrə mühüm təşəbbüslərlə çıxış edir. Enerji təhlükəsizliyi, iqlim dəyişmələri, humanitar məsələlər və mədəniyyətlərarası dialoq sahələrində ölkəmizin mövqeyi beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir.
Prezident İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan son illərdə formalaşdırdığı müstəqil və çoxşaxəli xarici siyasət kursunu yeni geosiyasi reallıqlar fonunda ardıcıl şəkildə inkişaf etdirir. Ölkənin əsas məqsədlərindən biri regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması, yeni iqtisadi imkanların yaradılması və qarşılıqlı faydalı əməkdaşlıq mühitinin daha da genişləndirilməsidir.
Beynəlxalq nəqliyyat dəhlizlərinin əhəmiyyətinin artdığı müasir dövrdə Azərbaycanın geostrateji mövqeyi xüsusi önəm daşıyır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmiz həyata keçirdiyi iri infrastruktur layihələri sayəsində Avrasiyanın mühüm logistika mərkəzlərindən birinə çevrilməkdədir. Orta Dəhliz üzrə yükdaşımaların artması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi və Xəzər hövzəsində yükdaşımaların intensivləşdirilməsi Azərbaycanın tranzit potensialını daha da gücləndirir.
Eyni zamanda ölkəmizin təşəbbüsü ilə irəli sürülən regional kommunikasiya layihələri yeni əməkdaşlıq imkanları formalaşdırır. Zəngəzur dəhlizi perspektivi, Şərq-Qərb nəqliyyat xəttinin genişləndirilməsi və regional bağlantıların bərpası Cənubi Qafqazda iqtisadi inteqrasiyanın dərinləşməsinə, regionun geoiqtisadi əhəmiyyətinin artmasına xidmət edir.
Ümumilikdə, Şuşa Qlobal Media Forumu Azərbaycanın regional və qlobal miqyasda həyata keçirdiyi əməkdaşlıq siyasətinin əsas istiqamətlərinin təqdim olunduğu nüfuzlu beynəlxalq platforma kimi öz mövqeyini daha da möhkəmləndirir. Forum çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan dəyişən dünya nizamında milli maraqlarını qətiyyətlə qorumaqla yanaşı, sülhün, sabitliyin və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edən təşəbbüslərlə çıxış edir.
Respublikamız enerji və nəqliyyat layihələri ilə yanaşı, siyasi dialoq, regional inteqrasiya və çoxtərəfli əməkdaşlıq təşəbbüsləri vasitəsilə də Avrasiyanın mühüm bağlantı mərkəzlərindən biri kimi mövqeyini gücləndirir. Etibara, qarşılıqlı hörmətə və bərabərhüquqlu tərəfdaşlığa əsaslanan xarici siyasət kursu Azərbaycanın beynəlxalq nüfuzunu və etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir.
Şuşa Qlobal Media Forumu isə bu baxımdan, təkcə media nümayəndələrinin görüş platforması deyil. O, Azərbaycanın dünyaya ünvanladığı sülh, əməkdaşlıq və inkişaf mesajlarının beynəlxalq auditoriyaya çatdırıldığı, yeni geosiyasi reallıqlar fonunda ölkəmizin baxışlarının təqdim edildiyi nüfuzlu beynəlxalq tribuna kimi ildən-ilə öz əhəmiyyətini artırır. Məhz bu xüsusiyyət forumu qlobal media dialoqunun aparıcı platformalarından birinə çevirir.
Nail ƏSGƏROV
Digər xəbərlər