NAXÇIVAN :

05 Dekabr 2024, Cümə axşamı

Sumqayıtda yaşayış binasında partlayış baş verib, sakinlər təxliyə edilib

...

Bu gün saat 06:40 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən verilən xəbərə görə, hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb olunub.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2-i kişi, 1-i qadın olmaqla xəsarət alan 3 nəfər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

1977, 2007 və 2010-cu il təvəllüdlü şəxslər ağır yanıq xəsarətləri ilə Reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır.

Qeyd edək ki, təcili tibbi yardım briqadaları hadisə yerindədir.

***

07:41

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfırin dağıntılar altında qaldığı, 13 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.

İlkin məlumata görə ölən olmayıb.

***

07:24

DİN Mətbuat Xidmətindən bildirilib ki, Sumqayıt şəhərində yaşayış binalarının birində baş vermiş partlayış ilə bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib.

Ərazi mühafizəyə götürülməklə polis əməkdaşları tərəfindən sakinlərin təhlükəsiz şəkildə təxliyə edilməsi və digər zəruri tədbirlər davam etdilir.

***

07:09

Sumqayıtda yaşayış binasında partlayış olub.

"Şərq qapısı" xəbər verir ki, hadisə 13-cü mikrorayonda yerləşən 9-cu binada qeydə alınıb.

Əraziyə təcili tibbi yardım və FHN qüvvələri cəlb edilib.

İlkin ehtimala görə, partlayış qaz sızmasından olub.

Nəşr edilib : 03.12.2024 08:36