NAXÇIVAN :

21 Sentyabr 2026, Bazar ertəsi

“Sülh və sağlam ətraf mühit: Dayanıqlı gələcəyə doğru” mövzusunda tədbir keçirilib

...

“Sülh aylığı” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Sülh və sağlam ətraf mühit: Dayanıqlı gələcəyə doğru” mövzusunda maarifləndirici tədbir keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə Nazirliyin əməkdaşları, “Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İctimai Birliyinin üzvləri, ekokönüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Ülvi Hacızadə sülhün təhlükəsiz, sağlam və dayanıqlı gələcəyin təmin olunmasında mühüm rol oynadığını bildirib. O, Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsinin paraflanmasını regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından mühüm hadisə kimi qeyd edib.
Tədbirdə sülh, ekoloji maarifləndirmə, ictimai iştirak və ekokönüllülüyün əhəmiyyətinə dair çıxışlar dinlənilib, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Sonda fikir mübadiləsi aparılıb, ekoloji həmrəyliyin və ictimai məsuliyyətin artırılması istiqamətində təkliflər səsləndirilib.

Nəşr edilib : 21.09.2026 17:31