Azərbaycanın yunan-Roma güləşçiləri Avropa çempion...
22:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
22 Aprel 2026, Çərşənbə
“Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir”
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
Birləşmiş Millətlər Təşkilatının 1981-ci il 21 sentyabr tarixli Qərarına əsasən hər il bu tarix bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.
Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1980-ci illərin sonlarından etibarən ölkənin 20%-dən çox ərazisi işğal olunmuş, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilmişdir. Təhsil, mədəniyyət və dini abidələr dağıdılmış, genişmiqyaslı insan hüquqları pozuntuları baş vermişdir. Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra 1994-cü ildə imzalanmış atəşkəs razılaşması münaqişənin dayandırılmasına, insan tələfatının azalmasına və regional sabitliyin hüquqi əsaslarının formalaşmasına şərait yaratmışdır.
Ulu Öndər beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində ardıcıl tədbirlər görmüşdür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi üçün 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Bundan başqa, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində də bir sıra mühüm təkliflər irəli sürülmüşdür. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə Görüşü zamanı Ümummilli Liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuşdur.
Böyük şəxsiyyətin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasının preambula hissəsində ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan xalqının ən ülvi niyyəti kimi təsbit olunmuşdur.
Ümummilli Lider Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirilmiş, dahi şəxsiyyət 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülmüşdür.
Dahi şəxsiyyətin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran dövlətə çevrilmişdir. “Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır”, – deyən dövlət başçısının apardığı daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır, dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyir, ölkəmizin ərazi bütövlüyünü tanıyırlar.
Bununla belə, Ermənistan Respublikasının işğalçı siyasəti cəzasızlıq mühitindən istifadə edərək daha da aqressiv xarakter almış, Azərbaycanı yeni ərazilər uğrunda müharibə ilə hədələyərək dövlət sərhədi və təmas xətti boyunca ardıcıl hərbi təxribatlara əl atmışdır. 2020-ci il 27 sentyabr tarixdən etibarən Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn fundamental norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarını və onlara əlavə edilmiş protokolları, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Azərbaycanın sərhəd rayonlarına, şəhər və kəndlərinə, yaşayış məntəqələrinə və sosial infrastruktura qarşı genişmiqyaslı silahlı hücumlar həyata keçirmişdir.
Bu hücumlar nəticəsində mülki əhali arasında insan təlafatı qeydə alınmış, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi və dini obyektlər ağır artilleriya qurğularından və beynəlxalq hüquqla qadağan olunmuş silahlardan istifadə edilməklə ciddi şəkildə dağıdılmış, Azərbaycan Respublikası Ermənistanın davamlı hərbi təxribatlarına cavab olaraq beynəlxalq hüquqa əsaslanan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına yönəlmiş legitim müdafiə tədbiri kimi hərbi əməliyyatlara başlamışdır. 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ordusu uzun illər işğal altında qalmış əraziləri azad etmiş və ölkənin ərazi bütövlüyünü bərpa etmişdir.
Müharibənin nəticəsi olaraq Ermənistan Respublikası 10 noyabr 2020-ci il tarixdə Azərbaycan və Rusiya ilə birlikdə üçtərəfli Bəyanatı imzalamağa məcbur olmuşdur. Sözügedən sənəd münaqişənin aktiv fazasına son qoymaqla yanaşı, regionda dayanıqlı sülhün və əməkdaşlığın qurulması üçün fundamental hüquqi və siyasi əsaslar yaratmışdır.
Lakin Ermənistan Respublikası üçtərəfli Bəyanata əməl etməyərək işğaldan azad edilmiş ərazilərimizdə davamlı təxribatlar törətmiş, təxribatlara cavab olaraq rəşadətli Azərbaycan Ordusu tərəfindən 2023-cü il sentyabrın 19-20-də bölgədə lokal xarakterli birgünlük antiterror əməliyyatına başlanılmış, qanunsuz separatçı rejimin mövcudluğuna son qoyulmuş, bütün ərazilərimizdə suverenliyimiz bərpa edilərək, Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasına nail olunmuşdur.
Prezident İlham Əliyevin səsləndirdiyi “Biz Qafqazda yeni eranı, sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edirdik” bəyanatı, regionda yeni münasibətlər fazasının təşəkkül tapdığını təsdiqləyir. Bu ifadə Azərbaycanın post-münaqişə dövründə təşəbbüs sahibi kimi çıxış etdiyini və regional sabitliyin təmin olunmasında konstruktiv rol oynadığını göstərir.
Beləliklə, Azərbaycan Respublikasının liderliyi ilə formalaşan bu yeni mərhələ, yalnız geosiyasi reallıqları deyil, həm də beynəlxalq hüququn prinsiplərinə əsaslanan qarşılıqlı münasibətlərin institusional əsaslarını ortaya qoyur.
2025-ci il avqustun 8-də Vaşinqton Sammiti çərçivəsində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə imzalanmış Birgə Bəyannamə, Azərbaycan Respublikasının illər boyu irəli sürdüyü sülh gündəliyinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini və dəstəkləndiyini təsdiqləmişdir. Sənəd, dövlətlərarası münasibətlərin normallaşdırılması, qarşılıqlı suverenliyin tanınması, sərhədlərin toxunulmazlığı və təhlükəsizliyin təmin olunması kimi beynəlxalq hüququn əsas prinsiplərinə istinad edir.
Bəyannamədə yer alan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, sülh prosesində yeni mərhələnin başlanğıcı kimi hüquqi baxımdan mühüm presedent yaradır. Bu sənədin gələcəkdə ratifikasiyası üçün nəzərdə tutulan addımlar sülhün normativ əsaslarla möhkəmləndirilməsinə xidmət edir.
Birgə Bəyannamədə regionun nəqliyyat sahəsində inteqrasiyasına dair konkret hüquqi öhdəliklər də yer almışdır. Ermənistan ərazisində həyata keçirilməsi nəzərdə tutulan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsi, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunmasını strateji prioritet kimi müəyyən edir. Bu təşəbbüs həm regional iqtisadiyyatın inkişafı, həm də hüquqi baxımdan sərhəd keçidlərinin normallaşdırılması üçün mühüm baza yaradır.
Zəngəzur dəhlizinin açılması yalnız regional nəqliyyat və iqtisadi əlaqələrin bərpası deyil, eyni zamanda insan hüquqlarının reallaşdırılması baxımından strateji əhəmiyyət daşıyan bir mərhələdir. Bu dəhliz Naxçıvan Muxtar Respublikasında yaşayan vətəndaşların fundamental hüquqlarının, xüsusilə maneəsiz hərəkət etmək azadlığı, iqtisadi fəaliyyət hüququ, təhsil və səhiyyə xidmətlərinə çıxış, mədəni əlaqələrin qurulması və sosial inteqrasiya sahəsində hüquqlarının təmin olunmasına yeni imkanlar yaradır.
Azərbaycan Respublikasının son illərdə həyata keçirdiyi sülh diplomatiyası, həm praktik, həm də normativ səviyyədə beynəlxalq hüququn əsas prinsiplərinə uyğun şəkildə tətbiq olunmuşdur. Bu siyasətin uğurlu yekunu kimi Vaşinqton Sammiti çərçivəsində imzalanmış Birgə Bəyannamə və paraflanmış sülh sazişi layihəsi Azərbaycanın sülh gündəliyinin beynəlxalq miqyasda qəbul edildiyini və hüquqi baxımdan təsdiqləndiyini açıq şəkildə nümayiş etdirmişdir. Bu sənədlər Azərbaycanın regional sabitlik və qlobal sülh proseslərinə hüquqi və diplomatik töhfə vermək qabiliyyətini təsdiqləyən mühüm presedentlər kimi dəyərləndirilir.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünün sülh yolu ilə təmin edilməsinin tərəfdarıdır və ölkəmiz problemin həllinin beynəlxalq hüququn normaları çərçivəsində həll olunmasını istəyir. Bu istək isə Azərbaycanın hüquqi dövlət kimi bir daha sülhməramlı siyasətə sadiqliyindən irəli gəlir. Çünki müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir.
Günay RZAYEVA
Naxçıvan Muxtar Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Digər xəbərlər