Yel babadan oyanış nəfəsi
00:05 10.03.2026
0
0
0
NAXÇIVAN :
10 Mart 2026, Çərşənbə axşamı
Fevralın 6-da “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Su resurslarından effektiv istifadə: müasir suvarma və meliorasiya texnologiyaları” mövzusunda təlim keçirilib.
"Şərq qapısı" xəbər verir ki, Naxçıvan Dövlət Texniki Kollecində baş tutan təlimdə, ümumilikdə, su təsərrüfatı sahəsində və fermer fəaliyyəti ilə məşğul olan 70-dən artıq iştirakçı iştirak edib.
Tədbiri giriş sözü ilə açan “Naxçıvan Təlim Mərkəzi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Nəzərov bildirib ki, qlobal istiləşmə və iqlim dəyişiklikləri şirin su ilə bağlı bəşəriyyət üçün ciddi risklər yaradır. O, son illər Azərbaycan Respublikasında su resurslarının səmərəli idarə olunması, işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi, Naxçıvan Muxtar Respublikasında gerçəkləşdirilən təşəbbüslərin su qıtlığı ilə bağlı potensial risklərin minimuma endirilməsində mühüm rol oynadığını qeyd edib. Bəhruz Nəzərov bildirib ki, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” çərçivəsində Xəzər dənizinin suyunun içməli suya çevrilməsi istiqamətində işlərə başlanması da vacib addımlardandır.
Daha sonra çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan Regional Bölməsinin rəisi Səttar Nəsirov ölkəmizin və Naxçıvan Muxtar Respublikasının mövcud su ehtiyatları, su tutarları və onların idarə olunması barədə ətraflı məlumat verib, kənd təsərrüfatında müasir və effektiv suvarma metodlarının tətbiqinin artıq zərurətə çevrildiyini diqqətə çatdırıb.
Çıxış zamanı Naxçıvan Muxtar Respublikasının su ehtiyatları ayrıca vurğulanıb. Bildirilib ki, muxtar respublikanın ümumi su ehtiyatı 6,41 milyard kubmetrdir. Bunun 470 milyon kubmetri daxili çayların, 5,61 milyard kubmetri (87 faizi) transsərhəd Araz çayının, 329 milyon kubmetri isə yeraltı suların payına düşür.
Naxçıvan Muxtar Respublikasında mövcud su təchizatı infrastrukturu barədə məlumat verən Səttar Nəsirov qeyd edib ki, hazırda bölgədə 31 su anbarı fəaliyyət göstərir və onların ümumi həcmi 301,15 milyon kubmetr təşkil edir. Eyni zamanda 107 nasos stansiyası, 841 artezian quyusu və 380 kəhriz əhalinin və kənd təsərrüfatının su təminatında mühüm rol oynayır. Artezian quyularından 9-u içməli su, 250-si suvarma, 582-si isə həm içməli, həm də suvarma məqsədləri üçün istifadə olunur.
Təqdimatda müasir suvarma texnologiyalarının üstünlüklərinə xüsusi diqqət yetirilib. Damlama suvarma sistemləri, qapalı suvarma şəbəkələri, yağışyağdırma üsulları, eləcə də ənənəvi şırım və zolaqlarla suvarma metodlarının düzgün tətbiqinin su itkilərinin azaldılmasına və məhsuldarlığın artırılmasına xidmət etdiyi vurğulanıb.
Eyni zamanda şoranlaşmış və bataqlaşmış torpaqların yenidən əkinəyararlı hala gətirilməsi üçün meliorativ tədbirlər barədə ətraflı məlumat verilib, torpağın aktiv qatında duzların yığılmasının qarşısının alınması, suvarma rejiminə düzgün əməl edilməsi, yeraltı suların səviyyəsinin tənzimlənməsi və kollektor-drenaj şəbəkələrinin qurulmasının vacibliyi qeyd olunub.
Tədbirdə dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasında su resurslarından effektiv istifadə sahəsində görülən işlər, çayların və digər yerüstü su ehtiyatlarının qorunmasında vətəndaşların məsuliyyəti diqqətə çatdırılıb. Su mənbələrinin çirkləndirilməməsi, suya qənaət, ekoloji qaydalara əməl olunması, ictimai nəzarət və maarifləndirmə fəaliyyətlərində iştirak hər bir vətəndaşın borcu kimi qiymətləndirilib.
Bununla yanaşı, yeraltı su ehtiyatlarından istifadə qaydaları barədə də məlumat verilib, qanunvericiliyin tələblərinə riayət olunmasının, sanitar-mühafizə zonalarının qorunmasının, su keyfiyyətinə nəzarətin, quyuların düzgün istismarının və yeraltı suların bərpasına şərait yaradılmasının əsas prioritetlər olduğu vurğulanıb.
Tədbirin sonunda bildirilib ki, su resurslarının qorunması yalnız dövlətin deyil, cəmiyyətin bütün təbəqələrinin birgə məsuliyyətidir və bu istiqamətdə maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək. Qarşılıqlı diskussiya şəraitində keçən təlim iştirakçılar üçün yaddaqalan olub.
Digər xəbərlər