NAXÇIVAN :

23 Fevral 2025, Bazar

Su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi üzrə işçi qrupun ilk iclası keçirilib

...

Naxçıvan Muxtar Respublikası Turizm Departamentində Su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi üzrə işçi qrupun ilk iclası keçirilib. İclasda Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının işçi qrupa üzv olan nümayəndələri iştirak edib.

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri, Su ehtiyatlarından turizm məqsədilə istifadə imkanlarının qiymətləndirilməsi və təşviqi üzrə işçi qrupun rəhbəri Süleyman Rüstəmov Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamı ilə Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın əhəmiyyətini vurğulayıııb.

Qeyd olunub ki, bu strategiya yalnız milli iqtisadiyyatın gücləndirilməsi üçün deyil, həm də ətraf mühitin qorunması, sosial rifahın artırılması və digər sahələrin inkişafı üçün vacibdir. Naxçıvanın termal suları, mineral bulaqları, gölləri və çayları həm ekoloji turizmin, həm də sağlamlıq turizminin inkişafı üçün böyük potensiala malikdir. Qəbul olunmuş müvafiq strategiya bu ehtiyatların davamlı istifadəsini təmin etməklə həm iqtisadiyyatımıza, həm də turizmin inkişafına töhfə verməyi hədəfləyir.

Dövlət orqanlarının dəstəyi ilə bu sahədə effektiv strategiyalar hazırlanaraq icra edildiyi təqdirdə Naxçıvan beynəlxalq səviyyədə tanınan bir turizm məkanına çevrilə bilər. Bu istiqamətdə hamımızın birgə səyi ölkəmizin davamlı inkişafına və regionun sosial-iqtisadi rifahının yüksəlməsinə mühüm töhfə verəcəkdir.

Daha sonra çıxış edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin Planlama, təmir-bərpa və icrasına nəzarət şöbəsinin baş məsləhətçisi Telman Rzayev muxtar respublikanın su ehtiyatları haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, Naxçıvanın zəngin su ehtiyatları və unikal təbiəti regionun turizm potensialının inkişafı üçün geniş imkanlar yaradır. Batabat gölləri və süni su anbarları ekoturizm, su idman növləri və ailəvi istirahət üçün əlverişli məkanlar hesab edilir. Həmçinin Batabat göllərinin unikal ekosistemi və turizm imkanları xüsusi vurğulanıb. Bununla yanaşı, su anbarlarının da turizmə cəlb edilməsi üçün müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib. Naxçıvanın mineral bulaqlarının turizm sahəsində əhəmiyyətinə də toxunulub. Muxtar respublika ərazisində mövcud olan termal-mineral suların sağlamlıq turizminin inkişafına töhfə verə biləcəyi vurğulanıb.

İclasda muxtar respublikanın su ehtiyatlarından turizm və rekreasiya məqsədilə istifadənin genişlədirilməsi, investisiya imkanları olan su ehtiyatlarının dövlət-özəl tərəfdaşlığı və digər mexanizmlər əsasında investisiya cəlb edilməsinə dair təkliflər dinlənilib, həmçinin termal-mineral su ehtiyatlarından turizm məqsədilə istifadəyə dair işçi qrup üzvlərinin təmsil olunduğu qurumun səlahiyyətləri çərçivəsində təkliflərin hazırlanması  və  digər məsələlər müzakirə olunub.

Nəşr edilib : 12.02.2025 17:30