Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin ...
16:19 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
İncəsənətin bu qolu haqqında nələri bilirik?
Müasir dövrdə ölkəmizə yeni-yeni daxil olan, incəsənətin maraq duyulan, lakin işlənmə texnikasının çətinliyi ilə əlaqədar qismən az məşğul olunan sahələrindən biri string art, yəni filoqrafiyadır. Bu söz ingilis dilində “xətt yazısı” mənasını ifadə edir. Filoqrafiya Mərkəzi Asiyada yaranıb və oradan dünyaya yayılıb. İngiltərədə həmin sənət sahəsi XVII əsrdə sadə şəkildə, yəni taxtanın üzərinə hər hansı fiquru mismarla həkk etmək formasında yayılsa da, sonradan onların arasını saplarla doldurma texnikası ilə inkişaf edib. Bu sənətdə riyaziyyat və incəsənət vəhdət təşkil edir. Muxtar respublikamızda da bu sənət sahəsi ilə məşğul olanlar var. Onlardan biri Naxçıvan şəhər sakini 28 yaşlı Gülay Quliyevadır. İncəsənətin bir çox növünə maraq göstərən Gülay xanım, əsasən, rəsm, filoqrafiya, şüşə üzərində rəsm çəkmək, dekorativ ev aksesuarları hazırlamaq, balıqqulağı və Naxçıvan duzu ilə aynaların bəzədilməsi və sair ilə məşğul olur. O deyir ki, artıq 7 ildir, bu sənətlə məşğuldur. Bu sənətə maraq ilk dəfə 2018-ci ildə təcrübədə olduğu bağçada yaranıb. O vaxt bağça müdiri tələbələrə öz ideyalarına uyğun fərqli əl işləri hazırlamağı tapşırıb. Gülay isə elə bir şey təqdim etməyə çalışıb ki, heç kəsdə olmasın. İncəsənətin qolları ilə bağlı uzun araşdırmadan sonra filoqrafiya sənəti ilə tanış olub, ilk işini hazırlayıb. Əl işinin çox bəyənilməsi onu daha da ruhlandırıb və bu sənətə xüsusi maraq göstərməyə başlayıb.
Gülay xanım deyir ki, filoqrafiya sənətində istifadə olunan əsas ləvazimatlar taxta, mismar, balaca çəkic, rəngli saplar, təbaşir və qələmdir. Onun sözlərinə görə, bu sənət səbir, fiziki güc və maraq tələb edir, çünki ən az 150-200 mismarı taxtaya eyni hündürlükdə vurmaq üçün həm səbir, həm də fiziki güc lazımdır. Həmçinin maraq olmalıdır ki, işi sona çatdıra biləsən. Bu sənətin ən maraqlı və əyləncəli yeri sapları mismarlardan keçirmək prosesidir: “Hansı rəng saplardan istifadə edəcəyimiz şəklə görə dəyişir. Mən, əsasən, qara fonda bir neçə al-əlvan rənglərdən istifadə etməyi sevirəm. Çoxluqla sadə rəsmlərə üstünlük verirəm. Təbii ki, müştəri istəyindən asılı olaraq bu dəyişə bilir”.
Daha sonra iş prosesindən bəhs edən müsahibim deyir ki, öncəliklə rəsmi kağıza çıxartdırırıq. Sonra arxa hissəsini təbaşirlə tamamilə ağardır və kağızı taxtamızın üzərinə sabitləyirik. Əsas xətlərin qələmlə üzərindən keçirik ki, izlər taxtanın üzərinə əks olunsun. Sonra kağızı taxtadan ayırırıq və qələmlə mismarları vuracağımız yerləri xətt boyu işarələyir, mismarları həmin o işarələdiyimiz yerlərə vururuq. Mismarların hamısı eyni hündürlükdə olmalıdır. Sonda isə rəngli saplarla rəsmimizə, əsasən, iç və çöl hissələrdən sarmalar edirik.
“Öyrənmək çətindirmi?” sualımızı müsahibim belə cavablandırır: “İncəsənətin hər bir qolu o qədər maraqlıdır ki, əgər əl bacarığı və həvəs varsa, bu zaman heç bir şey çətin olmur.Və əgər öyrənmək istəyi güclüdürsə, zamanla düzgün yönləndirmə ilə yaxşı nəticələr əldə etmək olar”.
Gülay xanım təəssüf hissi ilə qeyd edir ki, ölkəmizdə bu incəsənət növünə maraq azdır. Bununla belə bu sənətlə, əsasən, kişilər məşğul olur. O gələcəkdə incəsənət sahəsində özünü daha çox inkişaf etdirərək tanınmağı və bu kimi unudulmaqda olan sənətləri üzə çıxararaq insanlara da tanıtmağı qarşısına məqsəd qoyub. Biz də, öz növbəmizdə, bu yolda Gülay xanıma uğurlar diləyirik.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər