NAXÇIVAN :

10 Mart 2026, Çərşənbə axşamı

Strateji Tərəfdaşlıq haqqında Xartiya regionda diplomatik statikadan hüquqi dinamikaya keçidin əsasını qoyur

...

Yeni dünya nizamının konturlarının Cənubi Qafqazda cızıldığı tarixi bir dövrdə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında 10 fevral 2026-cı ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya intellektual dərinliyi, siyasi arxitekturası və terminoloji məna yükü ilə regionda diplomatik statikadan hüquqi dinamikaya keçidin əsasını qoyan növbəti əhəmiyyətli aktlardan biri oldu. Bu mənada, gələcəyin Cənubi Qafqazını qlobal güc mərkəzlərinin maraq dairəsinə çevirən və Azərbaycanın beynəlxalq müstəvidəki çəkisini institusional səviyyədə möhkəmləndirən bu Xartiya bir neçə istiqamət üzrə təhlil olunmalıdır.

Azərbaycanın beynəlxalq sistemdəki yeri Strateji Tərəfdaşlıq

Xartiyasının mahiyyətində öz təsdiqini tapıb

Prezident cənab İlham Əliyevin 5 yanvar 2026-cı il tarixdə yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi “Azərbaycan artıq yeni dövrə qədəm qoyub və öz milli maraqlarını müdafiə etmək və beynəlxalq arenada mövqeyini gücləndirmək iqtidarında olduğunu nümayiş etdirib”. Son illərdə həyata keçirilən məqsədyönlü siyasi kursun və ardıcıl diplomatik fəaliyyətin məntiqi nəticəsi olaraq bu gün ABŞ Azərbaycanla əməkdaşlığa yanaşmasında institusional dərinləşmələrlə bağlı real addımlar atır. Strateji tərəfdaşlığın bu formatı, əslində, rəsmi Vaşinqtonun regionda uzunmüddətli və dayanıqlı əməkdaşlığı təmin etmək üçün Bakını əsas güc mərkəzi gördüyünü göstərir. Bu mənada, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında 10 fevral 2026-cı ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Xartiya böyük etimad və əməkdaşlıq modeli olmaqla yanaşı, həm də Qərb regionda sülhə mane olmağa çalışan qüvvələr üçün bir ev tapşırığıdır. Ona görə ki, bu Xartiya 8 avqust 2025-ci ildə Vaşinqton Sülh Sammitindən sonra formalaşan yeni reallıqlar kontekstində Azərbaycanın beynəlxalq sistemdəki funksional rolunu danmağa çalışan qüvvələri Cənubi Qafqaza münasibətdə köhnəlmiş paradiqmalar və ikili standartlar haqqında yenidən düşünməyə məcbur edəcək konseptual xəritədir. Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan diplomatiyası bir daha həmin qüvvələrə sübut etdi ki, ABŞ-Azərbaycan münasibətlərinin strateji müttəfiqlik elementləri ilə zənginləşən yeni keyfiyyət mərhələsi Azərbaycanın artıq regional proseslərin gündəliyini formalaşdıran tərəf kimi statusunu çoxdan təsdiqləyib. Cənab Prezidentin də dediyi kimi “Azərbaycan coğrafi nöqteyi-nəzərdən böyük ölkə deyil. Lakin regionda edə bildiklərimiz, hansı töhfələri verə biləcəyimiz nöqteyi-nəzərindən biz coğrafiyamızdan daha böyüyük”.

Xartiya regionun geosiyasi trayektoriyasını onilliklər boyu müəyyən edəcək fundamental siyasi-hüquqi doktrinadır

Xartiyanın başlanğıcında tərəflərin bir-birinin suverenliyini, ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını açıq şəkildə təsdiqləməsi təsadüfi deyil. Bu vurğu o mənaya gəlir ki, Azərbaycanın beynəlxalq hüququ rəhbər tutaraq ərazi bütövlüyünü təmin etməsi rəsmi Vaşinqton tərəfindən artıq bir reallıq kimi tam qəbul olunub. Bu gün Vaşinqton üçün Azərbaycan artıq regional sabitliyin dayağı, tranzit mərkəzi və təhlükəsizlik tərəfdaşıdır. Təsadüfi deyil ki, bu amil Xartiyanın geosiyasi arxitekturasında ən fundamental sütun olmaqla Azərbaycanı beynəlxalq ticarət sisteminin yeni çağırışlarının – xüsusilə Trans-Xəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) və Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun mərkəzi arteriyası kimi növbəti dəfə təsbit edib. Bu mənada yeni marşrut xətləri Şərqlə Qərb arasında mövcud olan ənənəvi və riskli nəqliyyat xətlərinə qarşı ən təhlükəsiz, səmərəli və sürətli alternativ kimi çıxış edərək regional sülhün iqtisadi fayda və qarşılıqlı əməkdaşlıqla möhkəmləndirilməsinin ən yaxşı nümunələrindən biri olacaqdır.

Reallaşma mərhələsində olan bu layihənin ən mühüm geosiyasi komponenti Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə maneəsiz bağlantısının növbəti dəfə qitələrarası tranzit sisteminin tərkib hissəsi kimi təqdim edilməsidir. 30 ildən artıqdır, davam edən siyasi blokadanın qlobal iqtisadi maraqlar vasitəsilə darmadağın edilməsi Naxçıvanı Azərbaycanla, Avropanı Orta Asiya və Çinlə birləşdirən Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun mərkəzi həlqəsinə çevrilir, Naxçıvanın iqtisadi rifaha əsaslanan dayanıqlı gələcəyi sığortalanır. Unutmamaq lazımdır ki, burada sığortalanma dedikdə söhbət, sadəcə, nəqliyyat və rabitə əlaqələrinin bərpasından deyil, quru, dəniz və hava infrastrukturunun rəqəmsal və enerji bağlantıları ilə sintez olunduğu çoxformatlı bir ekosistemin yaradılmasından gedir.

Sənədin ən diqqətçəkən istiqamətlərindən biri enerji tərəfdaşlığının “Əsrin müqaviləsi” və Cənub Qaz Dəhlizi kimi tarixi nailiyyətlər fonunda yeni mərhələyə- klassik neft-qaz çərçivəsindən çıxaraq elektrik enerjisi interkonnektorları və ən önəmlisi, mülki nüvə əməkdaşlığına keçid etməsi Azərbaycanın enerji suverenliyinin gələcək onilliklər üçün ən böyük təminatlarından biridir. Bu səbəbdən əminliklə demək olar ki, bu sahədən böyük miqdarda qazanc və investisiya əldə olunması ölkəmizi yaxın gələcəkdə Avropa bazarlarına enerji ixracına görə ilk üçlüyə qədər qaldıracaqdır.

Dünyada texnoloji üstünlük uğrunda gedən mübarizənin əsas elementinə çevrilmiş kritik mineralların daşınması da Xartiyada yer alan ən mühüm detallardan biridir. Müasir dövrdə dünya iqtisadiyyatı karbohidrogen erasından rəqəmsal və “yaşıl enerji” erasını təmin edən kritik xammal (litium, kobalt, qrafit, nadir torpaq elementləri və s.) erasına keçid edir. Bu resurslar süni intellekt, yarımkeçiricilər, elektromobillər və bərpa olunan enerji texnologiyalarının “qan damarı” hesab olunur. Azərbaycanın bu mineralların tranzitində ABŞ ilə əməkdaşlığı ölkəmizi qlobal texnoloji təchizat zəncirinin əsas aktorlarından birinə çevirə bilər. ABŞ üçün bu, kritik resursların tədarükündə alternativ və təhlükəsiz marşrutların yaradılması deməkdir ki, bu da Vaşinqtonun milli təhlükəsizlik strategiyasının əsas prioritetlərindən biridir. Bu baxımdan, Orta Dəhliz əvvəllər daha çox ənənəvi istehlak mallarının və enerji daşıyıcılarının nəqli üçün nəzərdə tutulurdusa, Xartiyadakı bu yeni əlavə dəhlizin əhəmiyyətini misli ilə artırır.

ABŞ-Azərbaycan tərəfdaşlığı regionda rəqəmsal infrastrukturun inkişafını və yüksəkixtisaslı kadrların formalaşmasını dəstəkləyir

ABŞ-Azərbaycan tərəfdaşlığının ən önəmli istiqamətlərindən biri Trans-Xəzər Data Magistralı və “Rəqəmsal Dəhliz” strategiyasıdır. Azərbaycanın geosiyasi mövqeyi və bu sahədə qazandığı uğurlar artıq klassik nəqliyyat marşrutlarından rəqəmsal müstəviyə keçid üçün də böyük imkanlar yaradır. 2024-2026-cı illər ərzində Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel xətləri Avropa və Asiya arasında ən sürətli və təhlükəsiz data yolunu – “Rəqəmsal İpək Yolu”nu (Digital Silk Way) formalaşdırır. ABŞ-nin bu prosesdəki dəstəyi olduqca mühümdür: regionda rəqəmsal asılılığın şaxələndirilməsi və Azərbaycanın qlobal internet trafikinin idarə olunmasında əsas operatorlardan birinə çevirmək, kosmik sənaye və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq və regionda “bilik iqtisadiyyatı”na keçidi sürətləndirmək. Bu mənada, əməkdaşlığın yaradacağı münbit şərait ABŞ ilə birgə qurulacaq süni intellekt data mərkəzlərinin və yatırılacaq sərmayələrin yerli startapların və innovativ müəssisələrin risklərinin azalmasına, onların beynəlxalq bazarda kommersiyalaşmasına da kömək edəcək, bu da, öz növbəsində, təhsil və kadr potensialının inkişafı üzrə nəzərdə tutulan tərəfdaşlığa töhfə verərək Azərbaycanda qlobal rəqabətə dayanıqlı yüksəkixtisaslı milli kadrlar formalaşdıracaqdır.

Müdafiə və təhlükəsizlik sahəsindəki əməkdaşlıq ABŞ-Azərbaycan strateji tərəfdaşlığını möhkəmləndirir

Gələcək inkişaf dinamikasının təmin olunmasında, sözsüz ki, davamlı sülhün rolu danılmazdır. Buna görə də müdafiə sənayesi və təhlükəsizlik sahəsindəki əlaqələrin institusionallaşdırılması Xartiyanın strateji çərçivəsinin ən mühüm sütunlarından biri kimi müəyyən olunub. İndiyə qədərki dövrdə Azərbaycanın beynəlxalq sülhməramlı əməliyyatlarda nümayiş etdirdiyi peşəkarlıq və etibarlı tərəfdaş imici bu gün ABŞ ilə müdafiə məhsullarının satışı da daxil olmaqla əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi üçün möhkəm zəmin yaratmışdır. Məhz bunun nəticəsidir ki, bu gün ABŞ regionda sülhün əsas təminatçısı kimi Azərbaycanı görür, terrorizmə qarşı mübarizə və kibertəhlükəsizlik sahəsindəki asimmetrik təhdidlərinə qarşı vahid cəbhənin formalaşmasında Azərbaycanın həmrəy mövqeyini alqışlayır.

Ümumiləşdirərək demək lazımdır ki, Azərbaycan və ABŞ arasında imzalanmış bu Xartiya milli dövlətçilik maraqlarımızı qlobal sistemin yeni reallıqları ilə sintez edən və Cənubi Qafqazın taleyini onilliklər boyu sabitlik məcrasına yönəldən tarixi hadisədir. Enerji suverenliyindən rəqəmsal intibaha qədər bütün hədəflərimizi vəhdətdə birləşdirən bu əməkdaşlıq platforması Azərbaycanın həm sülhün, həm də iqtisadi rifahın sarsılmaz qalasına çevriləcəyi nurlu və möhtəşəm bir gələcəyin ən böyük təminatıdır.

Yusif MİRZƏZADƏ

Naxçıvan Dövlət Universiteti

Tələbə Elmi Cəmiyyətinin sədri

Nəşr edilib : 11.02.2026 17:44