Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin inzibati binasında Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri üçün seminar təşkil edilib. Seminarda universitetin müəllim və 40-dan çox tələbəsi, həmçinin komitənin məsul şəxsləri iştirak ediblər.
Əvvəlcə Ümumilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Dövlət Statistika Komitəsinin Aparat rəhbəri Həbib Rzayev çıxış edərək statistikanın yaranma tarixi, statistikanın dövlət siyasətində rolu ilə bağlı ətraflı məlumat verib. Bildirilib ki, XX əsrin əvvəllərindən başlayaraq muxtar respublika ərazisində qeyri-müntəzəm statistika fəaliyyəti mövcud olmuşdur. Xüsusilə əhali sayı və kənd təsərrüfatı üzrə məlumatlar tarixin müxtəlif mərhələlərində istifadə olunmuş, bu haqda tarixçilər tərəfindən qeydlər aparılmışdır. 1924-cü ildən fəaliyyət göstərən Naxçıvan MSSR Mərkəzi Statistika İdarəsinin adı bir neçə dəfə dəyişdirilmiş, 1958-ci ildən isə Naxçıvan MSSR Statistika İdarəsi Maşın-Hesablama Stansiyası adlandırılmışdır.
Keçən əsrin 90-cı illərindən başlayaraq ölkədə aparılmış yeni inzibati ərazi bölgüsünə uyğun olaraq, statistika sisteminin strukturunda da bir sıra dəyişikliklər edilmişdir. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü il 3 aprel tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi yaradılmış, bu yeni strukturun hüquq və vəzifələri daha da artırılmışdır. Həmçinin 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən “Statistika haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə bağlı Sərəncam imzalanmışdır.
Qanunun qəbul edilməsi statistik fəaliyyətin qanuniləşdirilməsinin təmin olunmasında mühüm rol oynamış və Azərbaycan tarixində ilk dəfə olaraq qanunvericiliklə statistika sahəsində əsas anlayışları, onun subyektlərinin hüquq və vəzifələri, fəaliyyətinin əsas parametrləri müəyyənləşdirilmişdir. Elə həmin dövrdən də milli statistikamızın dünya statistika sisteminə inteqrasiyası başlanılmışdır.
Vurğulanıb ki, dövlət orqanlarının informasiyaya tələbatlarını ödəmək üçün rəsmi statistikanın olması vacibdir. Naxçıvan Muxtar Respublikasında bu vəzifəni Dövlət Statistika Komitəsi həyata keçirir və muxtar respublika haqqında statistikanı formalaşdırır.
Komitə tərəfindən muxtar respublikada sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, energetika, ticarət, turizm, demoqrafiya, əmək, sosial sektor, idarəetmə üzrə hesabatların yığılması, statistik məlumatların əks olunduğu nəşrlərin, məruzə və məcmuələrin hazırlanması, yeni metodologiyalar əsasında statistik müşahidələrin, əhali və kənd təsərrüfatı siyahıyaalmalarının icrası həyata keçirilməkdədir.
Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov “Yeni statistik metodologiyaların təhsildə tətbiqi”, Naxçıvan Dövlət Universitetinin Mühasibat və maliyyə kafedrasının müəllimi Mehbarə Məmmədova “İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” adlı mövzularla çıxış ediblər.
Çıxışlardan sonra komitə aparatının məsul şəxsləri elektron lövhə vasitəsilə iştirakçılara Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə dair nəşr olunan “Statistik İnfoqrafika 2023” kitabı haqqında ətraflı məlumat veriblər. Bildiriblər ki, statistik nəşrdə 2023-cü ildə muxtar respublikanın sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyətinə dair məlumatlar infoqrafik qaydada əks olunub. Eyni zamanda tələbələrə rəsmi statistika hesabatlarının təqdim edilməsi, yekun məlumatların əldə olunması, makroiqtisadi göstəricilərin hesablanması və bu kimi digər mövzular əyani olararq göstərilib.
Tələbələri maraqlandıran suallar cavablandırıldıqdan sonra bir qrup tələbəyə “Statistik İnfoqrafika 2023” kitabı hədiyyə olunub.
Digər xəbərlər