NAXÇIVAN :

24 Dekabr 2024, Çərşənbə axşamı

Sözü və imzası bir olan Prezident

...

Dünyanın qlobal güc mərkəzləri arasında mövcud olmuş tarazlıq zaman-zaman pozulduqca iri dövlətlərin siyasi ambisiyalarından və torpaqhərisliyindən qızışan geostrateji mübarizələr də getdikcə fərqli xüsusiyyətlər alır. Qlobal siyasi arenadakı sözü və əməli ilə xüsusi çəkiyə sahib olan, qarşılıqlı ikitərəfli və çoxtərəfli münasibətlərdə sözü və imzası ilə tanınan dövlət başçılarının belə mübarizələr meydanında sərgilədiyi davamlı siyasət, bu mənada, xalqlara çox lazımlı olan dayanıqlı sülhün və inkişafın mühüm amillərindəndir. XXI əsr dünya arenasında artıq öz izini qoymuş, nəyi nə zaman edəcəyini hamıdan yaxşı bilən dövlət başçımız Prezident cənab İlham Əliyev məhz belə liderlərdən biri kimi ölkəsinin və yaşadığı regionun maraqlarını ən yüksək səviyyədə qorumağı bacaran siyasətçilərdəndir. 

Ədalətsizliklərlə dolu olan və ətrafa yalnız “beş böyüklər”in pəncərəsindən baxmağa adət edilmiş hazırkı qlobal siyasət dünyasından fərqli olaraq müstəqil Azərbaycan Respublikası uzun illər sonra bərpa etdiyi ədalətin yolunu davam etdirərək yaşadığımız planetin, əslində, “beşdən böyük” olduğunu, kiçik ada ölkələri də daxil olmaqla hər kəsin sahib olduğu resurslarının yalnız öz xalqlarının rifahına və ümumbəşəri mədəniyyətin inkişafına xidmət edəcəyini məhz Prezidentinin dilindən yüksək tribunalardan dəfələrlə bəyan etməkdədir. Ölkəmizin yerləşdiyi regionun geopolitik mənzərəsini vaxtında təhlil edərək ümumi siyasi proqnozları hamıdan yaxşı görən dövlət başçımız, bu mənada, hər liderlə onun dili ilə danışmağı yaxşı bacaran nadir siyasətçi kimi də dünyada qəbul olunur. Tutarlı siyasi arqumentlərini bir neçə xarici dildə dəqiq ifadə edə bilən cənab İlham Əliyev bununla yanaşı, dünya siyasətində Azərbaycan dilinin də ünsiyyət vasitəsi olması gərəkdiyini vurğulamaqdadır. Çünki qalib xalqın dili regionda Azərbaycanın maraqlarına uyğun gəlməyən heç bir siyasi qərarın və layihənin gerçəkləşə bilməyəcəyini digər dövlət başçılarına izah edə bilmək üçün heç bir vasitəçiyə ehtiyac olmayan ən yaxşı dildir. 
Müasir dünya siyasətində sözü ilə tanınan Prezident cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan Respublikasının dövlətçiliyi üçün miras qoyduğu siyasi məktəbin ən yaxşı davamçısı kimi ölkələrlə olan qardaşlıq və dostluq münasibətlərindəki səmimiyyəti ilə yanaşı, qonşuluq əlaqələrinə də münasibətilə hazırda dövlətimizin siyasi arenadakı əsas vektorunu müəyyənləşdirən, strateji hədəflər və konyunktur vəzifələr istiqamətindəki işləri idarə edən gərgin fəaliyyət qrafikinə sahibdir. Bu mənada, 14 fevral 2024-cü il tarixdəki andiçmə mərasimində önümüzdəki dövrün böyük Türk dünyası ailəsi ilə sıx inteqrasiya əsri olacağını bəyan etmiş dövlət başçımızın sözləri Çindən Avropa sərhədlərinə qədər bütün Türküstanı bir araya gətirən bir şüar kimi hər kəsi həyəcanlandırır. Bu, dövlət başçımızın 44 günlük Vətən müharibəsində dillər əzbəri olmuş məşhur “Qarabağ Azərbaycandır!” ifadəsi kimi böyük Qələbəmizin dünyadakı daşları necə yerindən oynatdığını bugünkü hadisələr fonunda daha açıq göstərir. Bu mənada, hələ də silahlanma istəkləri ilə çırpınan revanşist Ermənistana nə zamansa sülh müqaviləsini imzalayacaqlarını başa salmaq üçün dövlət başçımız tərəfindən bir dəfə deyilən sözü ermənilər və havadarları min illər sonra da unutmayacaqlar. Çünki bu, qalib ölkənin müzəffər Ordusunun Ali Baş Komandanının sözü və imzasıdır! 
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözü və imzası hər yerdə vardır. Hələ 10 noyabr 2020-ci il tarixdəki üçtərəfli Bəyannaməyə imza atan dövlət başçımız verdiyi sözə əməl etmək üçün dərhal regionda kommunikasiyaların açılması, dinc quruculuğa başlanılması, məcburi köçkünlərin doğma yuvalarına qaytarılması üçün ölkəmizin daxili imkanları hesabına genişmiqyaslı işlərə start verdi. Bununla paralel olaraq məğlub Ermənistanın kommunikasiyaları açmamaq üçün etdiyi inada baxmayaraq, bunun sülh yolu ilə ediləcəyini vurğulayan dövlət başçımız bu il məhz 9 fevral tarixdə Bakıda, Bayraktar “Akıncı” hücum PUA-nın üzərinə xatirə imzasını çəkməklə qarşı tərəfə daha bir sözünü demiş oldu. Bu, Prezidentimizin dilindən məşhur olmuş “Zəngəzur dəhlizi açılacaqdır, Ermənistan bunu istəsə də, istəməsə də!” bəyanatı kimi hər yerdə tanınır. Bu imza “Akıncı”nın qanadlana bildiyi ən son yüksəklikdən o qədər aydın görünür ki, onun sahibinin məhz Azərbaycan Respublikasının Prezidenti olduğunu Hindistandan Parisə qədər hər yerdə hər kəs yaxşı bilir. 
Dost və qardaş sözü sadə insanlar üçün nə qədər əzizdirsə, xalqlar, dövlətlər və onların rəhbərləri üçün də bir o qədər dəyərlidir. Taleyin çətin anında əziz insana verilən təsəlli sözü, bu mənada, tarix boyunca heç vaxt unudulmayan, qardaşlıq münasibətlərinə möhkəm zəmin qazandıran təməl daşları qədər qiymətlidir. Azərbaycan xalqının sahib olduğu belə mənəvi dəyərlərə həmişə yüksək qiymət verən və xalqlar, dövlətlərarası münasibətlərdə də dostluq, qardaşlıq münasibətlərini hər şeydən üstün tutan dövlət başçımız fəaliyyətinin bütün dövrlərində dostlara verdiyi sözə əməl edən lider xarizması qazanmış, bununla azərbaycanlıların imicini dünyada tanıtmışdır. Bəzi dövlətlərin, hətta böyük dövlətlərin başçıları belə müəyyən adi situasiyalarda mövqe dəyişdirdiyi halda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tarixi bağlılıqdan gələn doğmalığı əsas tutaraq öz xarici siyasətində qardaşını və dostunu birdəfəlik müəyyən etmiş bir lider kimi fəaliyyətini davam etdirir. Azərbaycanın haqlı mübarizəsini apardığı çətin günlərində onunla bərabər olmuş ölkələrlə isti münasibətləri həmişə qoruyub saxlamağa müvəffəq olmuş dövlət başçımız, bu mənada, apardığı bu uğurlu siyasətin bəhrəsini görməyi də bacarır. 
XXI əsrdəki qlobal ekoloji problemlərin həlli və ölkəmizi də əhatə edən münaqişə ocaqlarının söndürülməsi insanların ən təməl hüququ olan sülh içində yaşaması üçün liderlər üzərinə böyük məsuliyyət qoyur. Bu mənada, Azərbaycanı hər cür xarici təhdidlərdən qorumaq qədər ölkəmizdəki quruculu­ğu da gələcəyin prioritet vəzifələri elan edən dövlət başçımızın Xəzər sahillərindən Naxçıvana qədər qədəm qoyduğu hər qarış torpağımızın abadlaşması, insanların daha firavan yaşaya bilməsi üçün imzaladığı hər dövlət sənədi bu gündən sabaha miras qoyulan xoşbəxt gələcəyin bünövrəsidir. Bütün Azərbaycanda “yaşıl keçid”i qarşıya məqsəd qoymuş Prezident cənab İlham Əliyev bununla ölkəmizin dünya arenasındakı imicini yüksək səviyyəyə qaldırmış, gələcəyə yönəlmiş davamlı inkişaf məsələlərində liderləri də öz sözünü tutmağa dəvət etmişdir. Bu il ölkə­mizin ev sahibliyi etdiyi qlobal COP29 iqlim konfransına hazır­lıq mərhələsində və gedişində dövlət başçımızın dünyaya verdiyi mesajlar bu baxımdan hər kəsin yaddaşında yaşayacaq sözlərdir. 
Dövr sürətlə dəyişir və bu gün dünyadakı və yaxın regiondakı mürəkkəb siyasi vəziyyətə baxmayaraq, Azərbaycan Respublikası özünün ən güclü dövlətçilik tarixini yazmaqdadır. “Sözümüz imzamızdır!” inancı ilə xalqına xidməti özünün fəlsəfəsi kimi elan etmiş dövlət başçımız cənab İlham Əliyev sözü və imzası bir olan Prezident kimi tarixdə yaşayacaq. 

Əli CABBAROV
 

Nəşr edilib : 24.12.2024 00:00