Ramiz Ələkbərov: Humanitar yardım məsələlərinə mün...
16:12 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilovun “Söz və qürurun zirvəsində: Hüseyn Razi” adlı monoqrafiyası nəşr olunub.
Əsər XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Hüseyn Razinin həyat və yaradıcılığının kompleks tədqiqinə həsr olunub. Əvvəlcə şairin ədəbi irsini araşdıran tədqiqat əsərlərinin elmi əhəmiyyəti müəyyənləşdirilib və dəyərləndirilib, sonra onun poeziyası, dramaturgiyası, publisistik və tərcüməçilik fəaliyyəti, həmçinin bu günədək işıq üzü görməyən “Gündəlik” ləri araşdırılıb, milli ruhun qorunmasına, azadlıq ideyalarının ifadəsinə xidmət edən bədii-estetik meyarları təhlil edilib.
Monoqrafiya giriş, üç fəsil və nəticədən ibarətdir. Onu da qeyd edək ki, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimlinin “Hüseyn Razi yaradıcılığı yeni tədqiqat müstəvisində” adlı önsöz xarakterli yazısı da əsərdə yer alıb.
Birinci fəsil “Hüseyn Razinin ədəbi irsinin öyrənilməsi, dəyərləndirilməsi və əsərlərinin biblioqrafiyası” adlanır. Bu fəsildə şairin yaradıcılığının müstəqillik illərində aparılan tədqiqatlarda daha çox obyektivliklə dəyərləndirilməsi xüsusi şəkildə vurğulanıb.
Monoqrafiyanın əsasını “Hüseyn Razinin ömür yolu və bədii yaradıcılığı” adlanan ikinci fəsli təşkil edir. Bu fəsildə tədqiqatçı problem kimi qarşıya qoyduğu məqsədi mərhələli şəkildə həll etməyə nail olub. Şairin ömür yolu, lirikası, poemaları, dramaturgiyası, sənətkarlıq xüsusiyyətləri, tərcümələri araşdırma obyektinə çevrilib.
“Hüseyn Razinin publisistikası” adlı üçüncü fəsil isə ədəbi-tənqidi, elmi və ictimai-siyasi məzmunlu publisistik məqalələr və “Gündəlik”dən ibarətdir.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən 360 səhifəlik monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Əbülfəz Quliyev, rəyçisi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Xanəli Kərimlidir.
Hüseyn Razi yaradıcılığının müxtəlif istiqamətlərini işıqlandırmaq, onun ədəbi-bədii irsinin Azərbaycan ədəbiyyatındakı yerini müəyyənləşdirmək, gələcək nəsillərə bu qiymətli irsi daha sistemli və əsaslı şəkildə təqdim etmək, milli-mənəvi dəyərlər kontekstində ədəbiyyatımızdakı əhəmiyyətinin daha obyektiv şəkildə qiymətləndirilməsinə nail olmaq baxımından monoqrafiya olduqca faydalıdır.
Digər xəbərlər