NAXÇIVAN :

29 Oktyabr 2026, Cümə axşamı

Söz adlı dünyanın işığında...

...

Adını əvvəllər də eşitmişdim. Tədqiqat yazılarında, onunla eyni dövrdə çalışmış qələm dostlarının xatirələrində adı dönə-dönə çəkilirdi. Şəxsiyyəti, ziyalılığı, sözə və mətbuata bağlılığı haqqında çox oxumuşdum. Amma imzası ilə ilk dəfə “Şərq qapısı” qəzetinin zamanın saraltdığı səhifələrində üz-üzə gəldim. Bir neçə il əvvəl – qəzetin 100 illik yubileyi münasibətilə hazırlanacaq elmi əsər üçün yazıların seçilməsində mən də iştirak edirdim. Onlarla kişi imzasının arasında onun imzası bir işıq kimi parlayırdı. Hadisələrə cəsarətli və sayıq baxışı, bir qadının söz meydanında sanballı qələm sahibi kimi görünməsi məni ilk gündən öz təsiri altına aldı. Hiss edirdim ki, bu sıradan bir imza deyil, ömrünü mətbuata həsr etmiş fədakar bir insanın sözə çevrilmiş izləridir.
İllər sonra onunla telefon vasitəsilə həmsöhbət olduq. Səsinin titrəməsindən həyəcanı duyulurdu. Axı necə həyəcanlanmasın? 91 yaşlı qələm sahibi 105 yaşlı söz çinarına müsahibə verirdi. O ömrünün 26 ilini bu qəzetə həsr etmişdi. Söhbət Azərbaycan mətbuatında öz imzasını qoymuş görkəmli jurnalist, folklorşünas-alim Sənubər Kərimovadan gedir...
Kəngərlilər nəslinin layiqli davamçılarından biri olan Sənubər xanım 1935-ci ildə Naxçıvan şəhərində dünyaya göz açıb. 1954-cü ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinə qəbul olunub. 1959-cu ildə universiteti bitirib, doğma Naxçıvana qayıdıb və “Şərq qapısı” qəzetində ədəbi işçi kimi fəaliyyətə başlayıb. Qısa müddətdə şöbə müdiri, baş redaktor müavini və baş redaktor vəzifələrinə qədər yüksəlib. SSRİ Jurnalistlər İttifaqına üzv qəbul olunması isə onun peşəkar jurnalist kimi respublika miqyasında tanındığını göstərirdi.
Sənubər Kərimova jurnalistikanın müxtəlif janrlarında qələmini sınayıb. Xüsusilə oçerkləri müşahidə qabiliyyəti, canlı təsvirləri, insan talelərinə həssas münasibəti və publisistik düşüncəsi ilə seçilib. Akademik İsa Həbibbəylinin də qeyd etdiyi kimi, həmin dövrdə “Şərq qapısı”nda dərc olunan oçerklər Azərbaycan mətbuatında bu janrın ən yaxşı nümunələri sırasında qiymətləndirilməyə layiqdir.
Onun II Dünya müharibəsinin iştirakçısı olmuş naxçıvanlı qadınlar haqqında yazdığı silsilə oçerklər xüsusi əhəmiyyət daşıyır. Sənubər xanım yazılarının birində həmvətənlərinə belə müraciət edirdi: “Sayıq olun, insanlar, sayıq olun! Sayıq olun ki,  ailələri yurdsuz-yuvasız, anaları oğulsuz, körpələri yetim qoyan qanlı müharibələr bir daha təkrar olunmasın!”
Sənubər xanımın redaktorluğu dövründə qəzetin tarixində müəyyən dəyişikliklər baş verib. Azərbaycan KPMK-nın 25   sentyabr 1979-cu il tarixli qərarı ilə “Şərq qapısı” qəzetinin adı “Sovet Naxçıvanı” ilə əvəzlənib. 1980-ci ildən qəzetin rus dilində 5000 tirajla “Sovetskaya Naxiçevan” adlı variantı da nəşrə başlayıb. Bu illər onun fəaliyyətinin ən məsuliyyətli dövrlərindən olub.
Qızı Təranə xanım anasının fədakarlığını belə xatırlayır: “Anamın istirahət günü yadıma gəlmirdi. Tədbirlərdə mütəmadi iştirak etdiyi üçün qəzet materiallarını işdə oxumağa vaxtı olmazdı. Gətirib evdə oxuyardı. Biz yatardıq. Səhər oyanıb dərsə, işə gedəndə anamızı iş üstündə görərdik. Gözlərindən yuxu, yorğunluq tökülərdi. Onun bu halına adət etmişdik...”
Sənubər xanım 26 ilini “Şərq qapısı” qəzetinə həsr edib. Ona müxtəlif vəzifələr təklif olunsa da, qələmə və jurnalistikaya olan sevgisi onu mətbuata bağlayıb. Sonralar kadra ehtiyac ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial təminat nazirinin birinci müavini, daha sonra isə sosial təminat naziri təyin olunub. 1985-2000-ci illərdə bu vəzifədə çalışıb. Sənubər xanım həmin illəri belə xatırlayır: “O illərdə nazirlik cəmiyyətin ən ağrılı yeri idi. Sosial qayğıya ehtiyacı olan təbəqə bizə müraciət edirdi. Adamları razı salmaq üçün əlimdən gələni edirdim. Bu hər şeydən əvvəl mənim vəzifəm və vətəndaşlıq borcum idi. Xatırlayıram ki, o zamanlar əmək stajı olmayana pensiya düşmürdü. Nazir olsam da, hərdən ayın axırında borc alır, imkansız ailələrə köməklik etməyə çalışırdım”.
Həyat Sənubər xanımı ağır sınaqlarla da üzləşdirib. Həyat yoldaşı Tofiq Vəkilovun 38 yaşında vaxtsız vəfatı onun qəlbində əbədi nisgilə çevrilib. Bu itkidən sonra övladlarını böyük çətinliklərlə böyüdüb, onların təhsili və xoşbəxtliyi üçün bütün gücünü səfərbər edib. Bu gün isə çəkdiyi zəhmətin bəhrəsini görür, övladlarının himayəsində yaşayır.Yaşı 90-ı haqlasa da, gənclik illərinin xatirələri yaddaşında təravətini qoruyur. Söhbət əsnasında gah uşaqlıq çağlarına, gah tələbəlik illərinə qayıdır. Danışdıqca sanki illər aradan çəkilir, keçmiş bu günə boylanır.
Sənubər xanım üçün söz həmişə həm peşə, həm həyat yolu, həm də ömrünü mənalandıran mənəvi dəyər olub. Doğma “Şərq qapısı” qəzetinin 105 illik yubileyi münasibətilə ürək sözlərini bölüşərkən səsində illərin o tayından gələn doğmalıq duyulurdu: “Şərq qapısı” – kaş biləydiniz ki, bu söz mənim üçün necə böyük məna daşıyır. Mən ömrümün 26 ilini bu qəzetə həsr etmişəm. İllər yalnız ömürdən getməyib. “Şərq qapısı” yolunda saçımın ağını, gözümün nurunu, qələmimin mürəkkəbini, ürəyimin yağını əritmişəm. Gecəmi gündüzümə qatmışam. Qəzetə o qədər böyük sevgi və məhəbbətlə bağlanmışam ki, bəzən övladlarımın qayğılı illərini belə görə bilməmişəm. Peşman deyiləm. “Şərq qapısı” qəzeti mənə bir ailə olub. Mən mətbuatda, qəzetdə özümü tapmışam. Bu gün mən ömür nərdivanının 91-ci pilləsində, doğma qəzetimiz isə 105-ci pilləsində dayanıb. Hər ikimiz sözlə, qələmlə birgə qocalmışıq. Bu münasibətlə qəzetin kollektivini səmimi-qəlbdən təbrik edirəm. Ziyanız heç bir zaman azalmasın. Sağ olun ki, bizi yada salmısınız”.
Qısa telefon söhbətimizdə Sənubər xanımın qurduğu hər bir cümlə o qədər təsirli və səmimi səslənirdi ki, gözlərim qarşısında ömrünün ən məhsuldar çağlarını qəzetə, mətbuata həsr etmiş 91 yaşlı ağbirçək qələm sahibinin nurlu siması canlanırdı.
Onun haqqında yazılanları, vaxtilə qəzet səhifələrində dərc etdirdiyi məqalələri oxuduqca bir həqiqətə daha da əmin oldum: Sənubər xanım yazıları ilə xalqımızın yaddaşını qoruyub, insan talelərini sətir-sətir, cümlə-cümlə sözə çevirərək gələcəyə daşıyıb, yaşadığı dövrün mənzərəsini mətbuat tarixinin səhifələrinə həkk edib. İllər ötəcək, nəsillər dəyişəcək, əsrlər bir-birini əvəzləyəcək. Lakin Sənubər xanım kimi ömrünü sözə verən qələm adamlarının ziyası zaman keçdikcə daha aydın görünəcək...

Məcid RƏŞADƏTOĞLU
 

Nəşr edilib : 17.10.2026 14:22