NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Sosial şəbəkələrin həyatımızda rolu

...

Bu gün sosial şəbəkələrlə bağlı cəmiyyətdə müxtəlif fikirlərin mövcud olması təbiidir.  Bəziləri sosial şəbəkələrdən istifadəyə qarşı olsalar da, çoxluq bunun əksinin  tərəfdarıdır. Bu da əsassız deyil. Ən son informasiyaların əldə olunması, o cümlədən yeni əlaqələrin qurulması istiqamətində sosial şəbəkələr başlıca vasitələrdir.

Sosial şəbəkələrin həm də insanların iş tapmasına kömək  etməsi, informasiya və xəbər alış-verişi axınını asanlaşdırması kimi digər müsbət tərəfləri də var.  Bəziləri üçün sosial şəbəkə gündəlik həyatın mühüm tərkib hissəsinə çerilib. Bəziləri üçün isə vaxt keçirmək məqsədi daşıyır. Bu gün sosial şəbəkələr dünyaya meydan oxuyur.

Müsahibim psixoloq Həcər Ələsgərova deyir ki, sosial şəbəkələr uşaq, gənc və yeniyetmələr üçün həm mənfi, həm də müsbət təsirə malikdir. Gənclərin özünə maraq dairəsində olan, inkişafyönümlü məlumatların öyrənilməsində sosial şəbəkələrdən istifadə etməsi arzu ediləndir. Uşaq və yeniyetmələrin maarifləndirilməsi, onlarda fərqindəlik yaradılması və sosial şəbəkələrdən istifadəyə nəzarət böyüklərin üzərinə düşən vəzifədir. Sosial şəbəkələrdə  uzunmüddətli vaxt keçirilməsi fizioloji cəhətdən zərərli olduğu kimi, şüuraltı olaraq da öz mənfi təsirini göstərməkdədir ki, uşaq və yeniyetmələrdə qorxu, aqressiya, şiddət meyillərini formalaşdıra bilir.

Gənclər, ümumiyyətlə, bu cür sosial şəbəkələrdən istifadə edən hər bir şəxs, özünə məhdudiyyət qoymalı, bu vasitədən müsbət məqsədlər üçün istifadə etməyə səy göstərməlidirlər. Əks halda saatlarla internet qarşısında oturub insanda mənfi, xoşagəlməz hallar formalaşdıran məlumatlarla vaxt keçirmək yolverilməzdir.

Aygün RÜSTƏMOVA

Nəşr edilib : 30.09.2024 11:27