NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Sosial qayğıya ehtiyacı olan 32 şagird tələbə adını qazanıb

...

Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrini bitirən 1 şəhid övladı, 24 sağlamlıq imkanları məhdud, 7 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum şagird tələbə adını qazanıb.
Bu münasibətlə 11 sentyabr 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olan xüsusi kateqoriyadan olan uşaqlarla görüş keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək abituriyentləri təbrik edib. Komitə sədri bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət uşaq-gənclər siyasəti çoxşaxəli inkişaf perspektivlərinə əsaslanır. Gələcəyimiz olan uşaq və gənclər hər zaman dövlətin qayğısı ilə əhatə olunublar. Onların hüquq və sağlamlıqlarının qorunması, bilik və bacarıqlarının artırılması, milli dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması daim dövlətin diqqətində saxlanılır və bu istiqamətdə davamlı, məqsədyönlü sosial tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaq və gənclərlə bağlı fəaliyyəti isə bu istiqamətdə xüsusi əhəmiyyət daşıyır. Onun təşəbbüsləri uşaqların hərtərəfli inkişafına, gənclərin elm, mədəniyyət və idman sahələrində nailiyyətlərinin artırılmasına geniş imkanlar açır. Mehriban Əliyevanın həyata keçirdiyi humanitar layihələr isə uşaqların sosial müdafiəsinin güclənməsinə və onların cəmiyyətə inteqrasiyasına mühüm töhfə verir. Uğurlu dövlət siyasətinin nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar cəmiyyətə fəal şəkildə inteqrasiya olunur və tələbə olmaq şərəfinə nail olurlar.
Eyni zamanda, valideyn himayəsindən məhrum və ya valideynlərini itirmiş uşaqların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl işlər aparılır, onların müdafiəsini təmin edən qanunvericilik bazası müasir tələblərə uyğunlaşdırılır. R.Seyidova vurğulayıb ki, Komitə tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılmaqla yanaşı, onların maarifləndirilməsi, sosial rifahının yaxşılaşdırılması və inkişafına dəstək göstərilməsi məqsədilə müxtəlif tədbirlər də təşkil olunur.
Komitə sədri vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında 85 valideyn himayəsindən məhrum uşaq və 2079 sağlamlıq imkanları məhdud uşaq vardır. Bu il ali və orta ixtisas təhsil müəssisələrinə xüsusi kateqoriyadan 1 şəhid övladı, 6 qız və 1 oğlan olmaqla 7 valideyn himayəsindən məhrum uşaq (keçən il 5 nəfər), həmçinin 9 qız və 15 oğlan olmaqla 24 sağlamlıq imkanları məhdud uşaq (keçən il 16 nəfər) qəbul olunub. Ümumilikdə 32 nəfərdən 7 nəfər orta ixtisas, 25 nəfər isə ali təhsil müəssisəsinə daxil olub.
Çıxışının sonunda R. Seyidova uşaqları, valideynlərini və onların himayədarlarını bir daha təbrik edib, onların dövlətimiz üçün savadlı kadrlar olacaqlarına əminliyini bildirib.
Naxçıvan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova tələbələri səmimi qəlbdən təbrik edib, onlara uğurlar arzulayıb.
Keçirilən tədbirdə himayədar Əliyeva Nahidə İsgəndər qızı və tələbə adını qazanan Abdinova Səriyə Hafiz qızı, Nağıyev Turan Orxan oğlu dövlətimiz tərəfindən uşaqlara göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər, əlavə olaraq tələbələr gələcəkdə dövlətimiz üçün laiqli kadrlar olacaqlarına söz veriblər.
Sonda abituriyentlərə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Nəşr edilib : 11.09.2025 17:47