NAXÇIVAN :

13 Mart 2025, Cümə axşamı

Son nəfəsində də oğlum qəhrəmanlıq edib

...

İbrahim Etibar oğlu İbrahimov 

(18.02.1992-30.10.2020)

İbrahim çox ağıllı idi. Ailəsinin, atasının, anasının, bacısının qayğısına qalan övlad olub. Həm də çox mehriban idi.
Orta məktəbi çox da yaxşı oxumurdu. Amma sakit uşaq idi İbrahim.
2010-2011-ci illərdə  hərbi xidmətdə oldu. Anası hər həftə məni məcbur edirdi ki, İbrahimin yanına gedək. Hər həftə gedərdim. Ana məhəbbəti başqa olur. Oğlundan ayrı qala bilmirdi. 
Onu da deyim ki, anası uzun müddət xəstə yatıb. Onun qayğısına qalar, bir dediyini iki etməzdi. Həvəsi var idi hərbiyə. Anası razı olmurdu. Razı olmurdu ki, oğlu gözündən kənarda qalsın. Sonra razılaşdıq. İbrahim sənədlərini hazırladı. Amma səhhətində problem olduğu üçün alınmadı.
2018-ci ildə İbrahimin anasını itirdik. Sonra İbrahim yenidən sənədlərini təqdim etdi. Səhhətindəki problem həll olunduğu üçün işə qəbul edildi.
Hərbçi olmamışdan əvvəl müxtəlif işlərdə çalışmışdı. Hamının yanında hörməti var idi. Yoldaşları arasında bir sözü iki olmurdu. O qədər sevirdilər onu.
Toyunda əlliyə yaxın dostu iştirak edirdi. Hələ dostlarının çoxu Bakıda olduqları üçün gələ bilməmişdilər, telefonla təbrik etmişdilər.

İbrahim döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib. O, qısa vaxt ərzində özünə orada da yaxşı dostlar tapmışdı.
Döyüşə öz istəyi ilə getmişdi. Ərizəsində göstərmişdi ki, Vətən üçün döyüşə gedir. Oktyabrın 16-sı qapıdan çıxanda geri döndü. Dedi ki, ata, mənimlə fəxr edəcəksən. Altı saat icazə vermişdilər ki, ailəsi ilə görüşsün. Altı saat ərzində bütün qohumlarla vidalaşdı. 29-u oktyabrda zəng etdi. Hal-əhval tutduq. Bildirdi ki, burada su yoxdur. Torpaqla dəstəmaz alıb namaz qılıram. 30-u oktyabrda şəhid olub. Döyüş yoldaşının nəşini götürəndə vurulub. Son nəfəsində də oğlum qəhrəmanlıq edib. Allah bütün şəhidlərimizə rəhmət etsin. Vətən sağ olsun!  
 

Nəşr edilib : 08.12.2024 18:52