Azərbaycan ilk dəfə idman dırmanması üzrə dünya çe...
21:24 15.07.2026
0
0
0
NAXÇIVAN :
16 Iyul 2026, Cümə axşamı
Slovakiyanın aparıcı kütləvi informasiya vasitələri dövlət başçısı Peter Pelleqrinin Azərbaycana rəsmi səfərinə, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşə və iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə geniş yer ayırıb.
"Şərq qapısı" xəbər verir ki, “Aktuality.sk”, “Pravda”, “TA3” və “Teraz.sk” kimi nüfuzlu media orqanlarının materiallarında səfərin əsas mövzuları kimi enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq, nəqliyyat, müdafiə sənayesi və Qarabağda həyata keçirilən bərpa layihələri göstərilib. Səfərlə bağlı xəbərlər, reportajlar və şərhlər, həmçinin ölkənin aparıcı TASR xəbər agentliyi, “Hospodarske noviny”, SİTA, “Topky.sk”, Slovakiya İctimai Televiziya və Radiosunun “Spravy STVR” xəbər portalı, “JOJ 24”, “Dennik N” və “Marker” kimi digər Slovakiya media qurumlarında da dərc olunub.
“Aktuality.sk” portalı Peter Pelleqrinin Şuşada Azərbaycanı sabitlik və inkişafın təminatçısı, həmçinin Şərqlə Qərb arasında mühüm logistika və nəqliyyat mərkəzi kimi qiymətləndirdiyini diqqətə çatdırıb. Məqalədə Slovakiyanın Azərbaycanla praqmatik münasibətləri genişləndirmək və enerji təchizatı sahəsində uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğu vurğulanıb.
“Pravda” qəzeti isə Azərbaycanı Slovakiyanın energetika, nəqliyyat və müdafiə sənayesi sahələrində mühüm tərəfdaşı kimi təqdim edib. Məqalədə bildirilib ki, Bratislava Bakı ilə münasibətləri ortaq istehsal, texnologiya transferi və hər iki ölkəyə fayda verən birgə layihələr əsasında inkişaf etdirmək istəyir.
Slovakiyanın “TA3” televiziya kanalı iki ölkə arasındakı strateji tərəfdaşlığın energetika, iqtisadiyyat, nəqliyyat, müdafiə və münaqişədən sonrakı ərazilərin bərpası sahələrində konkret layihələrlə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Telekanal Slovakiya şirkətlərinin Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində iştirakına da diqqət çəkib. Bildirilib ki, Azərbaycan və Slovakiya prezidentləri Ağdam rayonunun Baş Qərvənd kəndində slovakiyalı general və dövlət xadimi Milan Rastislav Ştefanikin adını daşıyacaq məktəbin təməlqoyma mərasimində iştirak ediblər. Bu layihə iki ölkə arasında dostluğun və praktiki əməkdaşlığın rəmzi kimi qiymətləndirilib.
“Teraz.sk” portalı Prezident İlham Əliyevin Azərbaycan-Slovakiya münasibətlərinin sürətlə inkişaf etdiyini bildirməsinə xüsusi yer ayırıb. Nəşr dövlətimizin başçısının iki ölkə arasında əməkdaşlığın yalnız siyasi dialoqdan ibarət olmadığını, artıq konkret və praktiki layihələrlə müşayiət edildiyini vurğuladığını yazıb.
Slovakiya mediasında Bakı ilə Bratislava arasında birbaşa hava əlaqəsinin yaradılması planları da müsbət qiymətləndirilib. Qeyd olunub ki, birbaşa aviareyslərin açılması biznes dairələri, ali təhsil müəssisələri və vətəndaşlar arasında əlaqələrin daha da genişlənməsinə şərait yaradacaq.
Məqalələrdə, həmçinin Slovakiyanın Baş nazirinin, parlament rəhbərliyinin və iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə keçiriləcək görüşlərin Azərbaycan-Slovakiya münasibətlərinin yeni istiqamətlər üzrə inkişafına əlavə təkan verəcəyi bildirilib.
Ümumilikdə, Slovakiya mediası Prezident Peter Pelleqrinin Azərbaycana səfərini iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə konkret layihələrin həyata keçirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirib.
Digər xəbərlər