Bahar Muradova: Səylərin birləşdirilməsi ekoloji p...
12:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
AZAL-a yaxud sadə sərnişinlərə
Cəmiyyətimizdə elektron idarəetmənin tətbiq sahəsinin genişlənməsi ilə insanların çox sayda xidmətlərə çıxışı asanlaşmış, elektron cihazlardakı bir düyməyə toxunuşla lazım olan tələbatların ödənilməsi mümkün olmuşdur. Bəzi hallarda kiber hücumlara və texniki problemlərə məruz qalsa da, sürət, komfort və şəffaflığın təmin olunması baxımından elektron xidmətlərin cəmiyyətimizə inteqrasiyası sürətlə davam edir.
Bu baxımdan ölkəmizdə yeni nəsil gücləndirilmiş rəqəmsal imza olan “SİMA İmza” sistemi bulud və üztanıma texnologiyalarına əsaslanaraq bir çox məsələlərin həllində vətəndaşların və eləcə də müvafiq dövlət idarələrinin işini asanlaşdırır. Elə bu yaxınlarda da Naxçıvan-Bakı-Naxçıvan istiqamətində uçan təyyarələrə onlayn bilet almaq istəyən sərnişinlərə SİMA tətbiqi şərt qoyuldu. İlk baxışda bu bir yenilik kimi müsbət qiymətləndirilsə də vətəndaşlarla və eləcə də yerli turizm səyahətlərinin təşkilatçıları olan turoperatorarla söhbətdən məlum oldu ki, heç də hamının SİMA-nın buradakı tətbiqinə münasibəti birmənalı deyil.
Əslində, SİMA tətbiqi digər başqa elektron xidmətlər üçün daha sadə və əlçatanlıq yaratsa da, AZAL-ın saytından bilet almaq istəyənlər üçün bu bir keçiddən başqa bir şey deyildir. Yayılan rəsmi açıqlamalara, eləcə də Naxçıvan şəhər avrokassasındakı əlaqəli şəxslərlə söhbətdən məlum oldu ki, bu keçidin mahiyyəti, sadəcə bilet alınması zamanı şəffaflığın təmin olunması məqsədi güdür. Başqa sözlə, iddialara görə, AZAL-ın saytından sadəcə e-mail göstərməklə bəzi işbazların mövsümün sıx, biletlərin qıt vaxtında çox sayda adama bilet alıb, buna görə də pul qazanmaması üçün SİMA tətbiqindən istifadə məqsədəuyğun sayılıb. Və bu açıqlamalarda sözügedən tətbiqin onlayn bilet alışını daha da sürətləndirəcəyi, bunun üçün hər kəsin öz smartfonuna bu tətbiqi quraşdırması və qeydiyyatdan keçməsi tələb olunur.
İndi sual olunur: Naxçıvan-Bakı hava yolu üçün bilet əldə etmək üçün rayonlardan və uzaq kəndlərdən şəhərə gələ bilməyib sadə e-mailə kiməsə bilet almağı xahiş edən smarfonsuz (eləcə də SİMA işlətməyən) sadə vətəndaşlar necə olacaq? Yaxud Naxçıvana zərf turlar tərkibidə səyahət etmək istəyən turistlərə toplu bilet almaq istəyən turfirmalar üçün görəsən nə düşünülüb? Bəlkə, Naxçıvana heç turist lazım deyil? Bir başqa sual: kim deyə bilər ki, sadəcə, e-mailə bilet ala bilməyib hansısa vicdansıza 5 manat ödəyən bir sakin, bundan sonra onun üçün daha qəliz olan bu iş üçün həmin simasıza 15 manat ödəməli olmayacaq?! Cavabdan çox suallar vardır. Odur ki, düşünürəm ki, gəlin onsuz da 30 ildir, bu yollarda əziyyət çəkən naxçıvanlılar üçün işləri daha da çətinləşdirməyək, cəmiyyətimiz elektronlaşdıqca bunu bacarmayanlar üçün də qapıları açıq saxlayaq.
Bəs siz necə düşünürsüz?!
Əli Cabbarov
Digər xəbərlər